Ərəstun Oruclu: Vasitəçilər institutu…

 

“Vasitəçilər institutu” Azərbaycanda hələ sovet dövründən mövcud olub. Uşağını ali məktəbə qəbul etdirmək arzusunda olan, hərhansı bir dövlət işinə düzəlməyi planlaşdıran, hərbi xidmətə yollanan oğlunun “sakit” əsgərlik çəkməsini istəyən, vəzifə almağı düşünən hər zaman bu, vacib insanları tapır və işini onlarla həll edirdi.

Bu, 50 il əvvəl idi, amma təəssüf ki, Azərbaycanda son 50 ildə mahiyyət etibarilə heç nə dəyişmədiyindən həmin “institut” bu gün də qalmaqdadır. Düzdür, “müasir” Azərbaycanda bir çox hallarda vasitəçilərə ehtiyac olmur, çünki indi korrupsiya, rüşvət ən şəffaf sahə olub. Yəni, birbaşa işin düşənin yanına gedirsən və pulunu verib məsələni həll edirsən.

Amma buna baxmayaraq vasitəçilər bir çox sahələrdə hələ qalmaqdadır, çünki indi sistem özü keçən əsrin 70-80 illərindəkindən fərqli fəaliyyət göstərir. Əvvəllər vasitəçilər qurumdakı 3-cü və ya 2-ci şəxslə işləyirdilər, indi isə birbaşa birinci ilə. Bu, həm yersiz məlumat sızmasını məhdudlaşdırır, həm də maliyyə itkisini azaldır.

 

Bir növ, daha rasional sistem qurulub. Vasitəçilər adətən heç bir qurumda işləmirlər, yəni kənar adamlar olurlar və onların müvafiq “təxəllüsləri” olur. Məsələn, yadınızdadırsa, Eldar Mahmudov MTN rəhbəri vəzifəsindən qovulandan bir müddət sonra medaida “Akula Akif” haqqında çoxlu məlumatlar yayılırdı.

İddialara görə, həmin “Akula Akif” Mahmudovun əsas vasitəçisi olub. Başqa sözlərlə, MTN-ə işin düşdüsə “Akula Akifi” gör düzəlsin.
Bu, Mahmudov qovulandan sonra bəlli oldu, amma onadək “Akula Akif” ictimaiyyətə açıq deyildi. Bəlkə də bu, MTN-nin məxfi fəaliyyət göstərən qapalı qurum olmasından irəli gəlirdi.

Amma belə görünür ki, əslində qapalı olmalı daha bir qurumun da öz “brokeri” varmış və onun da adı çoxlarına çoxdan bəlli olub. Təxəllüsü də öz yerində – “Şlyapa”. Düzünü desəm, “Şlyapa” daha çox MTN brokerinə yaraşardı, “Akula” MN-ə, çünki gözümüzü açandan sovet kinolarında şpionları daim şlyapada görmüşük.

Amma görünür, at izinin it izinə qarışdığı məmləkətdə bu məsələdə də nəsə qarışıqlıq alınıb. “Şlyapa” orduda vəzifə almaq istəyənlərin arzusunun reallaşdırılmasında bir növ “ümid körpüsü” olub və qalmaqdadır da. Bir o fərqlə ki, əvvəl Nəcməddin Sadıkovun şlyapası idi, indi isə…

Bəs inkognito “Şlyapa” təxəllüslü “qəhrəman” kimdir?
Ümumiyyətlə, MN sistemində neçə belə “şlyapalar” olub? Onların kimliyi və gördükləri işlər barədə isə yaxın günlərdə xüsusi yazımdan biləcəksiniz. Əlbəttə ki, bunları bilməyənləri nəzərdə tuturam.

Bundan başqa Bakı qarnizonunun illərlə ev növbəsi gözləyən zabitlərinin mənzillərini nazirliyin uniformalı “su pərilərinə” kimlər və onların hansı xidmətləri müqabilində verib? Bir qədər əvvəl İlham Əliyevdən tibbi xidmət general-mayoru hərbi rütbəsi alan Elxan İbrahimov əziz bacanağı Zakir Həsənovun qayğısına necə qalır.

Qeyd: Zakir Həsənova münasibətdə heç bir pis məqsədim yoxdur, əksinə bunu ancaq xoş niyyətlə edirəm. Xatırlayırsınızsa, bu günlərdə söz vermişdim ki, 20-illik fasilədən sonra həkimlik fəaliyyətimə qayıdaraq sayın komandorun birdən tutulmuş dilini, gözünü və qulağını elə birdən də açmağı hədəfləmişəm. Odur ki, yazacaqlarımın hamısını zəruri müalicə proseduru kimi qəbul etmənizi rica edirəm.

Ərəstun Oruclu.

Bunu paylaş: