Ərəstun Oruclu: Vətən Müharibəsinin başlanmasından bir il keçdi (2-ci hissə)

 

Azərbaycan necə qalib gəldi.
Azərbaycanın Vətən Münaribəsindəki qələbəsini təmin edən bir neçə amil vardı. Bu gün onlardan birini nəzərdən keçirək: azərbaycanlıların kənardan yanlış dəyərləndirilməsi.

27 il ərzində aparılan və vaxt udmağa, işğalın ağrı-acılarını unutdurmağa xidmət edən səmərəsiz sülh danışıqları təkcə düşməndə və onun havadarlarında deyil, həm də vasitəçilərdə azərbaycanlılar haqqında təxminən belə təsəvvür yaratmışdı:

-Bu xalq döyüşən deyil, elə ona görə də Birinci Qarabağ Müharibəsində məğlub olub;
-Azərbaycanlılar tacir (alverçi) xalqdır;
-İllər keçdikcə bu xalq öz məğlub durumu ilə daha çox hesablaşmaqdadır.
-Neft gəlirləri azərbaycanlılarda təminatlı gələcəyə ümid yaradıb və onlar bu ümidi müharibə təhdidi yaradaraq dağıtmaq istəməzlər;
-Azərbaycan cəmiyyəti mənəvi aşın(dırıl)ıb, döyüşüb torpaqlarını işğaldan azad etmək isə belə cəmiyyətin işi deyil.

Bu yerdə haşiyə çxımağa məcburam: bir çox beynəlxalq təmsilçilərlə fərdi söhbətlərimdə belə fikirlər eşitmişdim ki, biz azərbaycanlılar daim ticarət yolunun üzərində olduğumuzdan iqtisadi münasibətlərdə daha uğurluyuq. Başqa sözlərlə, möhtərəm dəyərləndiricilər öz təxəyyülündə bizə “alverçi xalq” imici yaratmışdılar.

Ən başlıcası isə odur ki, bütün bu, yalanlara ilk növbədə və bəlkə də yalnız özləri inanmışdılar. Düşməni (rəqib və ya opponent də deyə bilərik) layiqincə dəyərləndirməmək isə ona məğlub olmağa aparan ən etibarlı yoldur. Bəzən belə müzakirələrdə tərəf müqabillərimə etiraz etmək istəyəndə bunun mənasız olduğunu görürdüm. Olsun…

Amma ermənilər də daxil onların hamısı iki mühüm və bəlkə də həlledici amili nəzərə almırdılar:
Azərbaycanda heç vaxt dinamik inkişaf olmayıb, bütün hadisələr partlayışlarla baş verib;
Azərbaycanlıların hansısa anda baş qaldıran “sürünən millətçilik” kimi bir keyfiyyəti var. Söhbət əsla etnik millətçilikdən getmir, bu ölkədə yaşayan bütün xalqarın nümayəndələri olaraq biz bir-birimizin təkrarıyıq. Özü də hər mənada.
Həmin iki amil birləşəndə ortaya mütləq nəticə qoyur. Amma bu, hələ irəlidə idi, düşmən və onun havadarları isə hələ də azərbaycanlıları aşağılamaqda idilər. Rus ekspertlərindən tutmuş İran ruhanilərinədək azərbaycanlıları alver, çal-çağır, oğurluq, yalan, yaltaqlıq, riyakarlıq və ən başlıcası qorxaqlıq içində boğulan xaıq kimi təsəvvür və təqdim edirdilər.

Ən pisi isə o idi ki, durmadan xalqı aşağılamaqda davam edirdilər. Xüsusilə də ermənilər. Bəli, ermənilər, rəsmi Ermənistan yox, az qala bütün ermənilər. Sosial şəbəkələrdə, yazılarında, danışıqlarında azərbaycanlılar haqda təhqiramiz, aşağılayıcı ifadələr işlədənlər bununla bizi savaşa, özü də ölüm-dirim savaşına hazırladıqlarını anlamırdılar.

Ermənilərin ən fatal səhvi isə özlərini uydurduqları “azərbaycanlılar döyüşə bilmirlər” psevdotezisinə inandırmaları idi. Bütün bu, yanlış dəyərləndirmələr burulğanında kimsə Azərbaycanı dərindən öyrənməyə çalışmırdı. Heç olmazsa Qubada, İsmayıllıda, Gəncədə və digər bölgələrdə baş vermiş etiraz və qarşıdurmaların səbəblərini araşdırmağa cəhd etmirdilər.

Həmin hadisələrin başlıca səbəbi isə xalqın qürurunun tapdalamaq, ləyaqətini təhqir etmək cəhdi olmuşdu. Başa düşmək istəmirdilər ki, haqqı pozulan, torpağı əlindən alınan, özü sürətlə yoxsullaşan əhalinin son itirə biləcəyi onun qüruru, mənliyi və ləyaqətidir. Bunları qorumaq üçün o, ölümünə döyüşəcək.

44-günlük müharibədə döyüşdüyü kimi…

(davamı var)

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın