Ərəstun Oruclu: Ukrayna xalqına qarşı törədilən faşizmin, soyqırımın nəzəri bazasının müəllifi məhz həmin məxluqdur

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Tribunalı) prokurorlarının Ukraynada törədilmiş hərbi cinayətlərə dair faktlar topladığı bir vaxtda Rusiyanın dövlət mediası Kreml təbliğatçısı Dmitriy Kiselyovun rəhbərlik etdiyi “РИА Новости” agentliyi Timofey Sergiytsevin “Rusiya Ukrayna ilə bağlı nələri etməlidir” başlıqlı faşist manifestini dərc edib.

Detallara çox varmadan onun linkini şərh bölümündə paylaşıram. Sergiytsev iddia edir ki, Ukraynada denasifikasiya aparmağı təklif edən o, olub və belə də var. Onun bir çox yazılarını oxumuş birisi kimi deməliyəm ki, bu gün Ukrayna xalqına qarşı törədilən faşizmin, soyqırımın nəzəri bazasının müəllifi məhz həmin məxluqdur.

Bunun anlaşılması üçün yazıdan bir neçə hissəni dilimizə tərcümə edərək sizlərlə bölüşmək istəyirəm. Ona görə ki, Putin faşizminin Ukraynadakı cinayətlərinə ən müxtəlif adlar və cildlər arxasında gizlənərək bəraət qazandıran ekstremist ünsürlərin nəyə və kimə xidmət etdiyi hər kəsə aydln olsun.

Faşist ideoloqu Timofey Segiytsev yazır:

“Xalqın böyük bir hissəsini – yüksək ehtimalla çoxluğu nasist rejimi öz siyasətinə cəlb etdiyi halda denasifikasiya vacibdir. Başqa sözlə – xalq yaxşıdır hakimiyyət pisdir tezisi burda işləmir. Bu faktın qəbul edilməsi denasifikasiya siyasətinin, onun bütün tədbirlərinin əsası, faktın özü isə onun predmetidir”.

Başqa bir tezis: “Denasifikasiya texniki baxımdan hərbi cinayətkar kimi birbaşa cəzalandırılması mümkün olmayan, nasifikasiyaya məruz qalmış əhali kütləsinə dair kompleks tədbirlər planıdır”.

Daha bir tezis: “Hakim zümrədən başqa nasist hakimiyyətin dəstəkçisi olan əhalinin böyük bir hissəsi də günahkardır. Onlar nasist hakimiyyəti dəstəkləyiblər, ona xidmət göstəriblər. Əhalinin bu hissəsi üçün ədalətli cəza nasist hakimiyyətə qarşı aparılan ədalətli müharibənin ağrı-acılarını onların özlərində hiss etməsidir”.

Daha çox sitatlar gətirmək olardı, amma buna ehtiyac olduğunu düşünmürəm. Artıq bu sitatlardan görünür ki, rus faşizminin ideoloqu Ukraynada xalqın səsvermə yolu ilə özünün qanuni hakimiyyətini seçmiş hissəsini fiziki məhv etməyi təklif edir. Bunlar da hələ onun ən ekstremist təklifləri deyil.

Faşist ideoloqunun terminlərindən tutmuş təklif etdiyi tədbirlər planınadək hamısının bu gün Putinin həyata keçirdiyini nəzərə aldıqda Rusiya dövlətinin faşizm siyasəti yürütdüyü aydın olur. Ukraynada hərbi cinayətlərin dünyanı şoka saldığı bir vaxtda dövlət agentliyinin belə bir yazını dərc etməsi isə faşizmin dövlət siyasəti olmasının daha bir sübutudur.

Faşizm isə hökmən cəzalandırılmalıdır. Faşızm insanlığa qarşı cinayət ideologiyası və siyasətidir, çünki o, müəyyən əhali qrupunun fiziki məhv edilməsi vəzifəsini qarşısına qoyur. Ona görə də faşızm mütləq elə şəkildə cəzalandırılmalıdır ki, bir daha heç vaxt və hec bir yerdə baş qaldırmasın.

Məlum məsələdir ki, Rusiya dövləti heç bir halda nə Putin, nə Şoyqu nə də digər hərbi cinayətkarları, eləcə də Sergiytsev kimi faşizm ideoloqlarını Haaqa Tribunalına təhvil verməyəcək. Odur ki, bu gün dünya belələrinin elə Timofey Sergiytsevin özünün təklif etdiyi yollarla ləgv edilməsinin yolları haqda ciddi-ciddi düşünməlidir.

Bu arada qeyd edim ki, “ləğv edilməsi” ifadəsinin müəllifliyi mənə məxsus deyil, rus faşizminin ideoloqunun özünün yazısında təklif etdiyi metoddur. Buna inanmayanlar yazının orjinalını diqqətlə oxuya bilərlər.

P.S.: 11 il əvvəl Almaniyanın ZDF kanalının mənim də iştirakımla çəkmiş olduğu “Kölgə müharibəsi” sənədli filmində vaxtilə “Qırmızı Oktyabr” terror təşkilatının məhv olunmasında iştirak etmiş Mossad agenti belə bir fikir işlətmişdi: “Zamanında Hitler eliminasiya (məhv) edilsəydi bəlkə də tarix başqa cür olardı”.
Adam haqlı imiş.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın