Ərəstun Oruclu: “TEKNOFEST” və ya Putinin dostu avtoritar Erdoğan humanizm, demokratiya təcəssümü olan İsveçi NATO-ya niyə buraxmır? (ciddi məsələ haqda sarkazm)

Əslində sevinməli idik ki, nəhayət 30 ildən sonra başıbəlalı məmləkətin ciddi bir müttəfiqi var, 30 il arzuladığımız sanki həyata keçməyə başlayır. Axı “TEKNOFEST” sadəcə sərgi deyildi, o, geosiyasi mesaj idi, Azərbaycana ciddi hərbi-siyasi dəstəyin ifadəsi idi. Bunu xoşbəxtlikdən ölkə əhalisinin mütləq əksəriyyəti belə də qəbul etdi.

Amma və birdən elə sözün həqiqi mənasında tarixi hadisə ərəfəsində məlum oldu ki, Türkiyə NATO-ya üzv olmaq istəyən İsveçin və Finlyandiyanin üzvü olduğu alyansa qəbuluna razılaşmır. 5 il əvvəl “Erdoğan Azərbaycana mollakratiya gətirəcək”, 44 günlük müharibənin sonunda isə “O, Rusiya ilə anlaşıb” deyənlər işə düşdülər.

Həm də necə işə düşdülər. Bu dəfə məlum oldu ki, sən demə söhbət heç də Azərbaycanın, hətta Türkiyənin də marağından yox, Erdoğanın ailəsinin və ya uzaqbaşı AKP-nin marağından gedir. Məlum oldu ki, Erdoğan Azərbaycanı satacaq, Erdoğan Türkiyəsi müttəfiq deyil, Azərbaycana yalnız alver predmeti kimi baxır və s.

Amma bu dəfə İsveç demokratiyasını, onun ümumbəşəri dəyərlərə sədaqətini örnək sayanlar da kampaniyaya qoşuldular. Sən demə Erdoğan avtoritar olduğu üçün demokratik, humanist İsveçi NATO-ya buraxmaq istəmir. Bir qrup “dərin araşdırmaçı” isə hətta bunun səbəbini də tapıb göstərdi: dostu Putinin sifarişidir.

Qısası, Azərbaycandakı bütün sentimentlər açılıb töküldü ortalığa. Sanki indiyədək kimsə Erdoğanın avtoritar olduğunu bilmirmiş, onun Azərbaycanda demokratiyaya dəstək vermədiyi yenilik imiş. Bu yerdə ədalət naminə deməliyəm ki, son illər ərzində Türkiyə Azərbaycan “seçkilərinə” münasibətdə fərqli davrana bilərdi.

Necə? Məsələn, hər belə şoudan sonra bunu “demokratiyaya doğru atılmış bir addım” adlandıra bilərdi. Necədir, tanış gəldi? Və ya Türkiyə şirkətləri gəlib Azərbaycanda pul qazanmaq əvəzinə zavallı xalqın azadlıq, demokratiya mücadiləsinə dəstək verərdilər. Demokratik ölkələrin məsələn, neft şirkətləri etdiyi kimi…

Amma Türkiyəyə yağdırılan kinin, nifrətin səbəbi bu dəfə həm də başqa bir motivdən qaynaqlanırdı: Erdoğanın Finlyandiyanı və İsveçi NATO-ya buraxmamasından. Görünür bu səbəbdən də İsveç demokratiyasının fədakar tərəfdarları bu kampaniyanın az qala önündə gedirdilər. Başqa cür də ola bilməz əlbəttə, axı demokratlar həmrəy olmalıdır.

Amma nədənsə heç kəs soruşmadı ki, necə ola bilər ki, NATO-ya üzv olan dövlətlər NATO üzvü dövlətə embarqo tətbiq ediblər? Özü də silah embarqosu. Yox, əlbəttə, İsveç hara, silah hara. Belə, xırda bir silah ixracatçısıdır bu ölkə: ildə cəmi-cümlətanı 16.3 mlrd dollarlıq (Türkiyədən cəmi 5,5 dəfə çox) silah ixrac edir.

Özü də eksport hesabatında bunu vicdan əzabı çəkdiklərindən “strateji məhsul” adlandırırlar. Bunu mən demirəm, İsveç jurnalistləri, araşdırmaçıları yazırlar. Yeri gəlmişkən, onlar İsveç silahının ən əsas alıcısının Səudiyyə Ərəbistanı ilə birlikdə Yəməndəki “əməliyyata” rəhbərlik edən BƏƏ olduğunu da yazırlar.

Görünür, buna görə də İsveç demokratiyası çəkdiyi vicdan əzabı səbəbindən bu gün insanlığa qarşı ağır cinayət törədilən Yəmənə ən çox humanitar yardım göstərən ölkədir. Ağır dərddir, əlbəttə.
Bunu da isveçki araşdırmaçılar yazırlar.
Bəs bizim bəzi azərbaycanlılar niyə yazmırlar ki….?

Türkiyənin günahı nədir ki, azı 5 NATO ölkəsi öz hərbi müttəfiqinə müxtəlif silah və hərbi texnologiyalara dair embarqo tətbiq edib? Əlbəttə, cavabı Türkiyənin avtoritar olmasıdır və elə ona görə də həmin silahlar daha çox Türkiyədən xeyli proqressiv olan Səudiyyə Ərəbistanına çox rahat şəkildə satılır.

Yox, Türkiyəyə belə ögey münasibət əsla onun öz hərbi sənayesini sürətlə inkişaf etdirdiyinə görə deyil. Əlbəttə, Rusiyadan S-400 aldığına görədir. Erdoğan səhv etdi əlbəttə, ona Səudiyyəyə 3 aya verilən “Patriotları” 3 il gözləmək lazım olduğunu deyəndə bununla hesablaşıb oturub gözləməli idi. Strateji səhv etdi…

Nəyinə lazım idi onun hava hücumundan müdafiə sistemləri? Kimdən qorxurdu: Əsəddən, Suriyada kök salmış Hezbollahdan, yoxsa NATO müttəfiqlərinin yaratdığı peşmərgə ordusundan. Erdoğan səhv edib əlbəttə, özü də hər mənada və hər addımda. Gərək özünü yaxşı aparaydı.

Bunlar da azmış kimi hələ üstəlik bütün ailə üzvlərini, hökumətini yığıb Bakıya “TEKNOFEST”ə gəldi. Dedi ki, burda mənəm, mən burdayam, daha burdan heç yerə çıxan deyiləm, məni heç kəs biurdan qova bilməz. Məni, yəni Türkiyəni. Türkiyəyə bu gün Erdoğan demək olar, sabah başqa kimsə, amma həmişə Türkiyə olacaq.

Azərbaycanın yeganə müttəfiqi olan Türkiyə və həmin Türkiyə artıq Azərbaycandadır. Avtoritar, diktator dediyiniz Erdoğan da elə bunu dedi.
Finita la comedia, yəni tamaşa bitdi, maskaları çıxarmaq olar.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın