Ərəstun Oruclu: Təsadüfən Tərtər hadisələrini “Əsrin cinayəti” adlandırmamışam

 

Azərbaycan Ordusuna qarşı törədilən silsilə cinayətləri təsadüfən “Əsrin cinayəti” adlandırmamışam, çünki həmin cinayətlərin miqyası o qədər böyükdür ki, Tərtərdə törədiən qətliam onun yalnız bir hissəsidir. Amma məhz Tərtər qətliamının gündəmdən düşməməsinə səbəb bu cinayətin hədəfinin hərbçilərimiz olmasıdır.

Bu gün törədilmiş vəhşiliklərlə bağlı üzə çıxan tükürpədici faktlar cəmiyyəti çalxalamaqla yanaşı, həm də təhdidlərdən, hədələrdən qorxaraq illərdir susan cinayət qurbanlarını yaşadıqları dəhşətləri ictimailəşdirməyə məcbur edir. Həm də ona görə ki, insan ləyaqətini alçaldan əməllərin videogörüntülərilə şantaj olunmaq təhlükəsi onları buna sövq edir.

Odur ki, yaxın zamanlarda Tərtər qətliamının qurbanlarının, o cümlədən də qətlə yetirilənlərin sayının sürətlə arta biləcəyinə təəccüblənmək lazım deyil. Ona görə ki,cinayəti törədənlər onun izlərini itirmək üçün insanların hədələnməsindən tutmuş ölüm səbəbini saxtalaşdırmağa qədər heç bir metoddan iyrənməyiblər.

Tərtər qətliamı həm də ordunun müxtəlif qoşun növlərinə qarşı hazırlanmış və reallaşdırılmış təxribatlardan ən peşəkar səviyyədə hazırlanmışıdır. Düşmənin onu hazırlamış mərkəzləri bütün incə detalları nəzərə alıblar. Amma bəzi detalları da reallaşdıra bilməyiblər, çünki qarşısı alınıb. Dediklərimə bir neçə misal gətirim:

1. İndi xeyli insan haqlı sual verir ki, SAT-ı (HDQ xüsusi təyinatlıları) bu işə qatmaq nəyə lazım idi? Əlbəttə, həqiqətən də 1-ci ordu korpusunun özündə həmin işgəncələri ən amansız şəkildə icra edən xeyli qatil vardı. Amma məqsəd başqa idi – qanlı cinayətə bacardıqca çox hərbi birləşmələri cəlb etmək lazım idi.

Plana görə də işgəncə vermək işinə XTQ əsgər və zabitləri cəlb olunmalı idi. Seçim ideal idi, çünki 2016-cı ilin aprel döyüşləri zamanı xəyanət nəticəsində qurbanlar vermiş XTQ onsuz da bundan qəzəbli idi və indi qalırdı həmin qəzəbi işgəncələr üçün seçilmiş qurbanlara qarşı yönəltmək. Amma plan baş tutmadı.

Çünki XTQ komandanı general Hikmət Mirzəyev buna imkan vermədi. Amma düşmən bununla da kifayətlənməyərək, ardınca XTQ sıralarında “satqınlar” axtarmağa cəhd elədi və bu dəfə komandanın öz hərbçilərini bütün mümkün vasitələrlə qoruyacağı haqda qəti xəbərdarlığı heç kəsdə tərəddüd üçün yer qoymadı.

Düşmənin XTQ ilə bağlı məkrli planın davamı Nəcməddin Sadıkovun uzun illər idi ürəyində gəzdirdiyi arzusunun reallaşdırılması ilə bitməli idi – XTQ qoşun növü kimi buraxılacaqdı. Amma bunun qarşısı alındı və onda işgəncə verməyə digər xüsusi təyinatlıları – SAT-ı cəlb etdilər.

2. Əsrin cinayətinin növbəti addımı Hərbi Hava Qüvvələrini (HHQ) dağıtmaq idi və Rəşad Atakişiyevin təyyarəsinin vurulmasının ardınca Hərbi Prokurorluğun CM-nin 232.3 (səhlənkarlıq) maddəsilə cinayət işi açması məhz həmin məqsədə xidmət edirdi. Zamanında HDQ-nin dağıdılması planını dərindən öyrəndiyimizdən dəsti-xətti görüb təhlükəni ictamiləşdirməklə onun qarşısını ala bildik.

Düşmənin XTQ-ni və HHQ-ni dağıtmaq planı baş tutsaydı 2020-ci ildə başlayan müharibənin Azərbaycan üçün hansı nəticələrlə başa çatacağını təsəvvür etmək belə mümkün deyil. Amma bir şey dəqiq məlumdur ki, hətta kiçik bir məğlubiyyət Azərbaycan dövlətinin çökməsi, xalqın isə qürurunun birdəfəlik sındırılması demək olardı.

Nəhayət, indi cainayətkarların müdafəsinə qalxanların tez-tez verdikləri suallardan biri də budur: “Niyə Tərtər işi müharibədən sonra yenidən gündəmə gətirildi?”. Tutuquşu kimi bu sualı təkrarlayıb, adətən özlərinin də “Çünki ordunun uğuruna kölgə salmağa çalışırlar” cavabının cavabını verirəm:

– əvvəla, dəfələrlə qeyd etdiyimi anlamaq istəməyənlər üçün bir də təkararlayıram: Tərtər qətliamı heç vaxt gündəmdən düşməmişdi ki, yenidən qayıtsın da. Buna inanmayanları bir daha 2018-19-20 illərdə dərc etdiyim yazılarıma və YouTube kanallarında verdiyim çoxsaylı müsahibələrimə diqqət yetirməyi təklif edirəm;

– ikinci, Vətən Müharibəsi Azərbaycan Ordusunun cəmiyyətdəki, insanlarımızın şüurundakı statusunu dəyişdi və yaranmış yeni şəraitdə də ona qarşı törədilmiş vəhşiliklərin, cinayətlərin daha geniş müzakirə olunması tamamilə təbii reaksiya idi. Hamılıqla ordumuza borcluyuq və deməli, onu qorumalı, ona uzanan çirkli əlləri kəsməliyik;

– üçüncü, 44-günlük müharibə hələ bitməmiş xainlərin başlatdığı yeni kampaniya müzakirələrin daha da güclənməsinə səbəb oldu. Belə ki, 9 noyabr 2020-ci il tarixdə Hadruta ilk daxil olanlardan biri, tabor komandiri mayor Ziya Kazımovun yaralı yatdığı hospitaldan aparılaraq həbs edilməsi və Şuşa fatehi Tehran Mənsimovun guya qanunsuz videolar çəkərək yaymaqda ittiham olunması yeni Tərtər işinə start verilməsinin ilk siqnalları idi.

Təəccüblənməyin, Hərbi Dəniz Qüvvələrinin darmadağın edilməsi 5 kq yağ oğurlayanın tutlmasından, Tərtər qətliamı isə hansısa bir əsgərin guya ermənilərin tərəfinə keçərək 2 gündən sonra geri qayıtmasından başlamışdı. Hər ikisinin ağır nəticəsi bəllidir. Zamanında ictimai reaksiya olmasaydı XTQ-ni və HHQ-ni də eyni aqibət gözləyirdi.

Çünki düşmən də hazır vəziyyətdə idi, onun məlum iş sxemi də bəlli idi. Amma müharibənin həmən ardınca Tərtər qətliamı haqda cəmiyyətin daha çox məlumatlandırılması və yaranmış ictimai rəy düşmənin məkrli planının qarşısını aldı: polkovnik Mənsimovu tərxis edə bilmədilər, mayir Kazımov isə ev dustaqlığına buraxıldı.

Bu yerdə bir haşiyə çıxım: mayor Ziya Kazımovun günahsız olduğunu əsla iddia eləmirəm, amma ona qarşı ittihamın məhz həmin vaxt yada düşməsi bu məsələdən böyük bir dağıdıcılığa yol açmaq üçün istifadə ediləcəyinə işarə idi.

Son olaraq: insanlarımız bu cinayətlərin mövcud hakimiyyət tərəfindən heç vaxt araşdırılmayacağını əsas gətirərək, bizi hakimiyyətə yersiz şağırışlar ünvanlamaqda ittiham edirlər. Bütün ittihamları qəbul edirəm, amma başqa seçimimiz də yoxdur.

Daha doğrusu, var, amma o, qisasçılıq, intiqam və cinayətkarların linç olunmasıdır ki, bu da daha ağrılı və daha dağıdıcı yoldur.
Odur ki, bu gün bütün səylərimiz Azərbaycan hakimiyyətini çoxdan tərk etdiyi qanunçuluq məkanına qaytarmağa yönəlməlidir.

Bununla da razlaşıram ki, uğur qazanmaq şansımız çox azdır, amma yuxarıda qeyd etdiyim nümunələr göstərir ki, əl-ələ verib bunu edə bilərik. Nümunələr həm də onu göstərir ki, düşmən ictimai rəydən çəkinir, qorxur, elə olmasaydı bu gün özünə müxtəlif müdafiəçilər kirələyib onları ortalığa atmazdı.

Ərəstun Oruclu.

Bunu paylaş: