Ərəstun Oruclu: Təsadüfən “hadisə” adlandırmadım, çünki onun baş verməsi və ya törədilməsi mənim üçün hələ tam aydın deyil…

 

Bu gün bütün dünyanın diqqəti Ukraynanın Rusiya işğalından azad edilmiş Buça şəhərində rus hərbçilərin mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərə yönəlib. Rusiyaya qarşı artıq yeni sanksiyalar hazırlanır. Buçada törədilən cinayətlərdə yenilik yoxdur. Təəssüf ki, vəhşiliklər 21-ci əsr adlanan dövrün savaşlarının ayrılmaz atributuna çevrilib.

Ukraynanın məsələnin BMT-nin gündəliyinə çıxarılması təklifinə cavab olaraq Rusiya da eyni tələblə çıxış edib. Təəccüblənməyək- Rusiya həmin cinayətlərin ukraynalıların özləri tərəfindən törədildiyini iddia edir. Yəqin ki, burda da təəccüblü heç nə yoxdur, çünki Putin rejiminin mahiyyəti budur.

Bunu dünya özü aydınlaşdıracaq.Bizə maraqlı isə fikrimcə, başqa məsələ olmalıdır: azərbaycanlıların bütün bu baş verənlərə münasibəti. Özü də təkcə Ukraynada yox və ümumiyyətlə, onlara yox, ilk növbədə elə öz ölkəmizin ətrafında və daxilində baş verənlərə. Burda isə vəziyyət heç də ürəkaçan deyil.

İstər Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə, istərsə də Bakıdakı gecə klubunda baş verən hadisəyə münasibət cəmiyyətdə ifrat qütbləşmənin olmasını üzə çıxardı. Kimsə deyə bilər ki, qütbləşmə adi haldır və burda qorxulu heç nə yoxdur. Əlbəttə, o də var, amma əgər bu antaqonist qütbləşmə deyilsə. Xüsusilə də zorakılığa münasibətdə.

Bizdəki qütbləşmə isə məhz budur. Odur ki, Ukraynanı, Suriyanı, Yəməni, Fələstini deyil, Bakıda baş vermiş hadisəni, daha doğrusu, onun konkret aspektini diqqətinizə və müzakirənizə təklif etmək istəyirəm. Təsadüfən “hadisə” adlandırmadım, çünki onun baş verməsi və ya törədilməsi mənim üçün hələ tam aydın deyil…

Hər şeydən əvvəl Azərbaycanda “gecə klubu” anlayışının özünə olan münasibət haqqında bir neçə kəlmə. Təəssüf ki, bizdə belə məkanlar əhalinin xeyli hissəsində fahişəxana və bu qəbildən olan yerlər kimi tanınır. Dünyada isə bu, istər fəaliyyəti baxımından, istərsə də insanların düşüncəsində bizdəkindən tamamilə fərqlidir.

Gecə klubu elə gecə klubudur və cəmiyyətin istənilən kəsiminə mənsub olan insanlar oraya sadəcə oturmaq, söhbət etmək, içmək, musiqi dinləmək, rəqs etmək, əylənmək üçün gedirlər. Təbii ki, belə məkanlar da müxtəlif kateqoriyalara bölünür. İstirahət məkanı olanları da var, fərqli təyinatı olanlar da.

Şəxsən mən həyatımda cəmi bir dəfə, o da Almaniyada gecə klubunda olmuşam, onda da gec başa çatan tədbirdən sonra yalnız gecə klubları açıq olduğundan. O zaman siyasətçi alman dostlarımla getmişdik və orada qeyri-adi nəsə görmədim. Sadəcə, əyləşib söhbət etdik, onlar pivə, mən isə qəhvə içdim. Bu qədər.

Azərbaycanda isə gecə klublarının reputasiyası az qala hamı üçün birmənalıdır. Belədirmi, deyə bilmərəm, çünki yazdığım kimi elə yerlərdə olmamışam. Amma ən pis halda da orada baş verən hadisəyə sevinmək, onu günahlara görə cəza kimi təqdim etmək, insan ölümünə bəraət qazandırmaq ekstremizmin təzahürüdür.

Üstəlik də hadisənin səbəbinin hələ bəlli olmadığı bir dönəmdə. Bir daha deyirəm, mənim üçün onun səbəbi hələ aydın deyil. Amma rəsmi məlumata inansaq, ölən bir nəfərdir və o da gecə klubunda çalışan adi bir zəhmət insanıdır. Bu yerdə sevinənlərə sual verirəm: siz bir tikə çörək üçün gecələr çalışan insanın ölümünə sevinirdiniz?

Budur sizin dəyər anlayışınız, siz bununla öz “dəyərlərinizi” təbliğ edirsiniz? Elədirsə, onda sizi ürəkdən təbrik edirəm, sönsuz nifrət qazana bildiniz. O qədər ki, bunu sizə ən amansız münasibət sərgiləyənlər bir ilə də edə bilməzdilər. Amma siz sevinə bilərsiniz, mən isə buna məyus oluram və mərhumun ailəsinə başsağlığı verirəm.

Ən pisi isə odur ki, bu cür hadisələrə sərgilənən çirkin münasibətlər dinlə, inancla əsaslandırılır. Bu yerdə bildirim ki, istər dindarlara, istər hadisə qurbanlarına, istərsə də özünü dindar saymayanlara qarşı yazılacaq bütün təhqiramiz şərhlər silinəcək, onu yazanlar isə ani bloklanacaq. Bunu hər kəsin nəzərə almasını xahiş edirəm!

Amma mənə din adına faktiki ekstremizm təbliğ edənlərin mövqeyi maraqlı deyil. Əvvəla, belələri öz əməllərini məqsədli olaraq dinlə, inancla pərdələyə bilərlər, ikincisi də dindarlar heç də 5-10 nəfərə görə dəyərləndirilməməlidir. Belələrinin nə deməsi, yazması isə heç əhəmiyyətli də deyil, buna dəyməzlər.

Amma qeyd etdiyim kimi, istər Rusiyanın cinayətlərinə, istərsə də Bakıda baş verən hadisəyə haqsız, ədalətsiz və nəhayət, ekstremist münasibət əksər hallarda din adına sərgiləndiyindən, mənim üçün maraqlı olan ölkədəki dini icma rəhbərlərinin niyə bunlara kütləvi şəkildə susqunluq nümayiş etdirmələridir.

Bunu necə anlamaq olar: icma rəhbərləri belələrini “küsdürməmək” üçün susurlar, yoxsa elə özləri də belə düşünürlər? Birinci halda demək, onlar bu cür “inanclıların” ətraflarına yığılmasına maraq göstərirlər, ikinci halda isə özləri elə həmin mövqedədirlər. Bunlardan hansının daha pis olmasını söyləmək isə çox çətindir.

Bu sualı verməyə haqqım var, çünki istər dini əlamətdar günlərdə dindarlara qarşı təhqirlər olanda, istərsə də dindarlar hakimiyyət tərəfindən şərlənib tutulanda açıq şəkildə bu hallara qarşı çıxmışam. Ona görə indi mən də onların mövqeyini bilmək istəyirəm və şəxsən mənim üçün bu, çox vacibdir.

Vacibdir, çünki mən də bunu özüm üçün bilməliyəm. Başqa bir sualım isə yenə də Ukrayna, Rusiya, Suriya, Fələstin haqda yox, Tərtər qətliamı ilə bağlıdır: xahiş edirəm, ölkədəki dini icmaların rəhbərləri Tərtərdə Azərbaycan Ordusunun hərbçilərinə qarşı törədilmiş vəhşiliklərə münasibət bildirsinlər!

Bunlar əsla tələb deyil və elə tələblər irəli sürməyə haqqım da yoxdur. Odur ki, cavablandırmaq istəyən hər kəs özü buna qərar verəcək əlbəttə. Bütün bunları alqışlamaqmı, pisləməkmi və ya sadəcə susmaqda davam etməkmi, hər kəsin öz haqqıdır. Hər halda, bunların hər birinə cavab olacaq, əlbəttə.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın