Ərəstun Oruclu: Tərtərdə törədilmiş Əsrin Cinayəti Azərbaycan xalqına, onun ordusuna qarşı dövlət terrorudur

 

Bunu əvvəllər də qeyd etmişdim ki, Tərtərdə törədilmiş Əsrin Cinayətinə görə əsas hüquqi məsuliyyət, daha doğrusu, cinayət məsuliyyəti daşımalı olanlar 2017-ci il 7 may tarixli məlum birgə bəyanatı imzalayan 4 qurumun (MN, DİN, DTX və Baş Prokurorluq) rəhbərləridir.

Xatırladım ki, həmin bəyanatda deyilirdi ki, ordu sıralarında və mülki şəxslər arasında Ermənistanın xüsusi xidmət orqanlarının xeyrinə casusluq faktları aşkarlanıb və bununla əlaqədar həmin 4 qurumun birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bu başdan deyim ki, hətta son nəticədə şərlənib mühakimə olunmuş şəxslər arasında bircə nəfər də mülki şəxs yoxdur və olmayıb.

Belə çıxır ki, məlum bəyanata imza atmaqla MN, DİN, DTX və Baş Prokurorluq cəmiyyətə yalan məlumat veriblər, amma bu, onların bədnam birgə bəyanatından irəli gələn ən yüngül cinayətidir. Belə ki, həmin bəyanat yayılanda artıq yüzlərlə hərbçi qeyri-insani işgəncələrə məruz qalmışdı və azı 4 nəfər də qətlə yetirilmişdi.

Amma bəyanatdan sonra əlavə azı min nəfər də vəhşiliklərə məruz qaldığından və daha azı 7 nəfər qətlə yetirildiyindən bütün bu cinayətlərin məsuliyyəti (həm də) həmin bəyanata imza atanların və onları buna məcbur edənlərin üzərinə düşür. Tək buna görə deyil, həm də bəyanatadək törədilmiş cinayətlərə, o cümlədən də azı 4 qətlə görə.

Çünki həmin bəyanat özündən əvvəlki cinayətlərə bir növ hüquqi don geyindirməklə yanaşı, həm də sonrakı daha böyük miqyasda cinayətlərə yaşıl işıq yandırıb, onlara əsas verib. SAT dəniz xüsusi təyinatlıları işgəncələr verməyə məhz həmin birgə bəyanatın ardınca cəlb olunub ki, bunun da ağır nəticələri hər kəsə bəllidir.

Bəyanat həm də kütləvi zorakılığa, hüquqi baxımdan isə dövlət tərəfindən terror törədilməsinə əsas verib. Sadə dildə desək, məlum 4 qurum adından imzalanan bəyanat işgəncələrə, insan ləyaqətini alçaldan vəhşiliklərə, qətllərə və ardınca da törədilən digər cinayətlərə istiqamət verib, bəraət qazandırıb.

Elə olmasaydı ən azı tördəlmiş qətllərə görə, həm də kütləvi işgəncələrlə bağlı cinayət işi açılmalı və əsaslı təhqiqat aparılmalı idi. Amma heç bir orqan bunu etməyib, 15 nəfərədək mühakimə olunanlar isə Hərbi Prokurorluğun cinayətin əsl miqyasını gizlətmək və bu qurumdakılar da daxil olmaqla əsl cinayətkarları məsuliyyətdən yayındırmaq məqsədilə qurduğu imitasiya olub.

7 may 2017-ci il tarixli bəyanatı imzalayan 4 qurumun rəhbərləri iddia edə bilərlər ki, bəyanatadək baş verənlərdən xəbərləri olmayıb (hərçənd ki, bu qeyri-mümkündür və məsuliyyətdən azad etmir), amma sonradan təhqiqat aparmamaqları bir daha göstərir ki, cinayətə şərik olublar və elə bu səbəbən də bu günədək onu ört-basdır etməyə çalışırlar.

DİN orqanları həmin işgəncələr dövründə əsassız günahlandırılanların evlərində qanunsuz axtarışlar aparıb, öldürülmüş hərbçilərin qeyri-insani şəkildə torpağa verilməsində bu və ya digər şəkildə iştirak ediblər. DTX ümumiyyətlə heç bir halda məsuliyyətdən qaça bilməz, çünki ordu daxilində əks-kəşfiyyat təminatı onun birbaşa vəzifə borcudur.

Baş Prokuror Zakir Qaralov işgəncələr zamanı azı 2 dəfə Gəncəyə səfər edərək orada işin (əslində isə qətliamın) gedişi ilə bağlı məruzələri dinləyib, onun birinci müavini Rüstəm Usubov isə dəfələrlə birbaşa işgəncə məkanlarında olub. Deməli, hər ikisinin törədilən cinayətlər haqqlnda təkcə məlumatı deyil, həm də bu cinayətlərdə fəal iştirakı olub.

Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı isə heç bir sual belə yoxdur: onlar Əsrin Cinayətinin əsas təşkilatçılarındandır. Elə deyilsə, o zaman azı 11 (əslində isə daha çox) qətl faktı ilə bağlı heç olmazsa xidməti təhqiqat aparılmalı idi, amma aparılmayıb.

Bu iki şəxsin icazəsi olmadan nəinki 1.500-2.000, heç 20 nəfər də ordu sıralarından tərxis oluna bilməzdi, çünki bu sayın özü kütləvilik deməkdir. Elə deyilsə, o zaman qətliam ərəfəsində MN sistemində gedən yerdəyişmələr və cinayət törədildikdən sonra cinayətkarların bir nəfər kimi hamısının mükafatlandırılmasına nə ad verək?

Nəhayət, Tərtərdə törədilmiş Əsrin Cinayəti Azərbaycan xalqına, onun ordusuna qarşı dövlət terrorudur, bu terror aktı təhqiq olunmalıdır və bunun üçün həmin sənədə imza atmış məlum 4 qurumun rəhbərləri olmuş şəxslər bütün dövlət vəzifələrindən azad edilməli və ilk olaraq sorğulanmalıdılar.

Bilirəm ki, indi çoxunuz tamamilə haqlı olaraq “bunu kim etməlidir və kim edəcək?” sualını verəcəksiniz. Cavab verirəm: Biz, çünki bizim bu mərhələdə işimiz bunu tələb etmək və həmin tələbi mümkün qədər ictimailəşdirməkdir ki, ona qoşulanların sayı durmadan artsın. Yalnız tələbin və təpkinin miqyasının durmadan böyüməsi həmin təhqiqatın başlanmasına məcbur edə bilər.

Əlbəttə, bu, mənim yanaşmamdır və hər kəsin də öz fərqli fikrini, təklifini bölüşməsi çox təqdirəlayiq olardı, çünki…
Çünki Tərtərdə törədilmiş Əsrin Cinayəti ilə bağlı hadisələrin gedişatı xalq və dövlət olaraq bizim gələcəyimizi müəyyən edəcək.
Bunu isə yalnız özümüz etməliyik.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın