Ərəstun Oruclu: Tərtər terroru və digər cinayətlərə görə əsas məsuliyyət daşıyan Əliyev-Əliyeva-Mehdiyev üçlüyüdür

 

Ölkə ordusuna qarşı törədilmiş çoxsaylı cinayətlərə görə əsas məsuliyyət daşıyan Azərbaycanın siyasi rəhbərliyidir. Dəfələrlə bununla bağlı İlham Əliyevin adını çəksəm də, ona təhqiqata qərar verməsilə bağlı müraciət etsəm də, həmin dövrdə siyasi hakimiyyətin həlledici fiqurlarından olmuş iki nəfər haqda hələ danışmamışam: Ramiz Mehdiyev və Mehriban Əliyeva.

Ramiz Mehdiyev haqqında dəfələrlə yazmaq istəsəm də, hər dəfə bunu eyni səbəbdən etməmişəm. Həmin səbəb də olduqca sadədir və heç kəsdən sirr olmamalıdır: “dünən” Mehdiyevin qarşısında səkkizqat əyilib, onun ayaqlarını yalamağa hazır olub (bəlkə də bunu edənlərin), bu gün isə onu qamçılayanlarla bir sırada görünməmək.

O, sıra isə həqiqətən mənim yerim deyil, bunu deməyə mənəvi haqqım var, çünki bu gün Ənvəroviçin kölgəsini qamçılayanlar onun ardınca sürünəndə mən mediada Ramiz Mehdiyevi açıq şəkildə Rusiya 5-ci kolonunun rəhbəri adlandırırdım, onunla ideoloji diskurs açan yazılar dərc edirdim, onu hədəfə alırdım.

Qəbilə başçısı da öz ənənəsinə sadiq qalaraq heç vaxt mənim adımı çəkmirdi, yalnız aradabir mətbuatda “anonim” şapalaq atırdı. Yəqin düşünürmüş ki, bu, mənimçün yüksək şərəf olar. Hər halda, sağ olsun və uzun yaşasın ki, Azərbaycan xalqına və dövlətinə vurduğu sarsıdıcı zərbələrə görə məhkəmə qarşısına sağ-salamat çıxarıla bilsin. Bu, mənim ona ən səmimi və ən böyük arzumdur.

Amma qayıdaq məsələnin mahiyyətinə. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, Azərbaycan Ordusuna qarşı bütün cinayətlər törədilən zaman Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri və ölkədə külli-ixtiyar sahibi idi. Bununla məqsədim əsla məsuliyyəti tam onun üzərinə atmaq deyil.

Bir daha deyirəm: istər Hərbi Dəniz Qüvvələrinin dağıdılmasına, istər Tərtər terrornuna, istərsə də digər cinayətlərə görə əsas məsuliyyət daşıyan Əliyev-Əliyeva-Mehdiyev üçlüyüdür. Çünki həmin cinayətlər törədilən zaman hər üçünün bundan xəbəri olmamış deyildi, Mehdiyevin də öz növbəsində.

Ona görə ki, Prezident Administrasiyasının rəhbəri kimi güc strukturlarına nəzarət məhz onun əlində idi. Nəzarət, kurasiya yox və həmin səbəbdən də güc strukturlarının rəhbərləri təkcə İlham Əliyevə deyil, həm də Ramiz Mehdiyevə müntəzəm məruzələr edirdilər.

İndi yəqin Ramiz Mehdiyevin özü və bir çoxları düşünürlər ki, qəbilə başçısı vəzifə başında deyilsə, ondan cavab tələb etmək də mənasızdır. Xeyr, elə deyil, özü də ən azı 2 səbəbdən. Birinci səbəbi yuxarıda göstərdim, ikinci səbəb isə Mehdiyevin elə bu gün də siyasi hakimiyyətdə təmsil olunmasıdır.

Ramiz Mehdiyev bu gün Təhlükəsizlik Şurasının üzvüdür, yaxın silahdaşı Ramil Usubovun katibi olduğu həmin dövlət qurumunun. Əlbəttə, bu struktur bir növ məşvərətçi qurumdur, amma onun ən azı dövlət siyasətinin əsas istiqamətlərilə bağlı təkliflər vermək səlahiyyəti var. Sual da budur ki, belə təkliflər verilibmi?

Məsələn, təklif verilibmi ki, Tərtərdə törədilmiş qətliama görə təhqiqat aparılmalıdır və günahkarlar aşkarlanaraq cəzalandırılmalıdır, günahsızlara bəraət verilməlidir, təzminatlar ödənilməlidir və s? Əlbəttə ki, verilməyib, əks halda bunlar Azərbaycan Respublikası TŞ-nın sənədlərində öz əksini tapmış olardı.

Amma qayıdaq həmin 2017-ci ilə – Tərtərdə Azərbaycan xalqına qarşı “Əsrin cinayəti” törədildiyi günlərə. Məhz həmin dövrdə Mehdiyev administrasiya rəhbəri idi və tam məsuliyyətlə deyirəm ki, həmin cinayətlərdən nəinki xəbərdar idi, çox yüksək ehtimalla onların təşkilatçılarından biri olub.

Başqa cür də ola bilməzdi, çünki həmin cinayətləri törədənlərin böyük bir hissəsi həm də Mehdiyevin şəxsi kadrları olublar və bugünədək də onun təyin etmiş olduğu vəzifələrdə qalmaqdadırlar. Bəli, Ramiz Mehdiyev bu cinayətin əsas təşkilatçılarındandır, elə olmasaydı onun bircə sözü kifayət edərdi ki, günahsız hərbçilərimizin qətliamı dayandırılsın.

Amma bu, nəinki baş verməyib, əksinə saxta ittihamlarla həbs olunmuş hərbçilərimizə uzunmüddətli həbs cəzaları kəsilib, onlar bütün məhkəmə instansiyalarında təsdiqlənib. Özü də Ali Məhkəmə adlanan cinayətkar qurumun Ramiz Mehdiyevin tam nəzarətində olduğu bir vaxtda.

Bu da kifayət etməyib və cinayətkarların böyük əksəriyyəti İlham Əliyevin sərəncamları ilə vəzifədə yüksəldilib, onun fərmanları ilə mükafatlandırılıb. Dövlət idarəçiliyi ilə az-çox tanış olan hər kəs bilir ki, İlham Əlievin imzasına gedən bütün sənədlər Ramiz Mehdiyevin masasından keçib və bu, zəruri presedurdur. Keçib və imzalanıb.

Əlbəttə ki, bilmədiyimiz hallar da ola bilər. Məsələn, Ramiz Mehdiyev daim məharətlə manipulyasiya edə bildiyi İlham Əliyevə kiminsə cinayətdə iştirak etdiyini deyib və onun böyüdülməsinin, mükafatlandırılmasının qarşısını alıb. O zaman Ramiz Ənvəroviç həmin faktı ictimailəşdirmək imkanından istifadə etməlidir.

Amma mənim tanıdığım “boz kardinal” bunu etməyəcək, çünki onun öz taktikası var: ara qarışanda sakit bir bucağa sığınıb gözləmək. Necə ki, SSRİ dağılanda Mehdiyev akademiyada gizlənmişdi, bu gün də eynisini edir. Bir o fərqlə ki, o zaman 20-25 kv. metrlik bir otağa sahiblənmişdi, bu gün isə bütün AMEA-ya.

Eyni suallar da Mehriban Əliyevaya ünvanlanmalıdır və ünvanlanır, çünki Tərtərdə qətliam törədiləndə, HDQ-i dağıdılanda və komandan şərlənərək tutulanda Mehriban Əliyeva artıq ölkənin birinci vitse-prezidenti vəzifəsinin icrasına başlamışdı. Yəni, 21 fevral 2017-ci il tarixdən etibarən. Bu haqda da ayrıca yazım olacaq.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın