Ərəstun Oruclu: “Tərtər qətliamını törədənlərin həbsinə qərarı İlham Əliyev verməlidir”

Əsgər-jurnalist Fərid İsmaylovun sosial mediada geniş yayılan məktubuna toxunmaq fikrim yox idi, amma bununla bağlı müraciətlər olduğundan bu postu yazmaq qərarına gəldim.
Əvvəla, yazdığım “toxunmaq fikrim yox idi” kəlməsinə aydınlıq gətirim ki, əlavə suallar olmasın:

Ona görə toxunmaq fikrim yox idi ki, Fərid bəyin yazdıqlarının bəlkə də onqatını demək olar ki, günaşırı ölkənin müxtəlif bölgələrində xidmət edən hərbçilərimizdən eşidirəm və əsgər-jurnalistin yazdıqlarının həqiqət olmasına zərrə qədər də şübhəm yoxdur. Amma bu, toxunmaq istəməmyimin yeganı səbəbi deyil.

Əzizlərim, biz 5-ci ildir yazırıq, deyirik ki, Tərtərdə, Müngəçevirdə və digər bölgələrdə Azərbaycan Ordusunun hərbçilərinin ən öndə gedənlərindən iki minə yaxınına qarşı elə vəhşiliklər törədilib ki, dünyanın heç bir ölkəsində belə şeylər nəinki olmayıb, bəlkə heç ən vəhşi ölkədə də bunu danışsan sənə inanmazlar.

Deyirik, yazırıq, amma nəsə dəyişir? Xeyr, dəyişməyəcək də. Ona görə dəyişməyəcək ki, biz cəmiyyət olaraq öz haqqımızı, əsgərimizin haqqını, uşaqlarımızın haqqını tələb etmirik. Etmirik və edə bilmirik və əgər bunu bacarmırıqsa niyə də bizə güzəştə getməlidirlər? Niyə bizə mərhəmət göstərməlidirlər? Kim etməlidir bunu?

3 ay yarım əvvəl Tərtər qətliamının təkrar “istintaqı” üçün xüsusi qrup yaradıldı və məlumdur ki, bu, siyasi qərar idi. Başqa sözlə, İlham Əliyevin qərarı, amma elə həmin İham Əliyev də bu günədək cinayətkarların tutulmasına qərar vermir. Təəccüblənməyin, ölkədəki reallıq budur: onların həbsinə qərarı İlham Əliyev verməlidir.

Amma İlham Əliyev bunu niyə etməlidir? Sizdən, bizdən ciddi təpki görmürsə illərdir onun hakimiyyətini qoruyanları niyə həbs etməlidir? İşgəncələr, insan ləyaqətini alçaldan zorakılıqlar, nəhayət qətllər törətmiş cinayətkarları vəzifədə saxlayan, mükafatlandıran dövlət başçısı ac-susuz qalan əsgərə görə kiməsə nəsə deyəcək?

Niyə bunu etməlidir? Səndən, məndən, xalqdan sərt təpki görməyincə o, bizə həşərat kimi baxmaqda davam edəcək və həmin münasibəti yalnız bizdən özünə təhlükə görəndə dəyişəcək. Bəli, onda bircə anda dəyişəcək və kimləri desəniz tutacaq da, asıb-kəsəcək də, xalqa “sevgisi” haqqında nağıllar danışacaq da və s.

Odur ki, özümüzü aldatmamalıyıq. Ölkədəki bütün özbaşınalıqlara, cinayətlərə, pozuculuqlara, qətllərə görə məsuliyyət daşıyan hakimiyyət bunları yalnız bir halda aradan qaldıra bilər: özünə təhlükə duyanda. Ümumiyyətlə isə, belə halların birdəfəlik aradan qaldırılması üçün xalqın özünün qərarı olmalıdır.

Həmin qərar olmadıqca talançılığa, haqsızlığa, zorakılıqlara, təhqirlərə və bunlardan daha ağır təhdidlərə dözməyə məhkumuq və dözəcəyik də. Buna şübhəniz olmasın.
Qaldı ordudakı korrupsiyaya, bu barədə də illərdir danışırıq, amma nəinki siyasi hakimiyyət, heç xalqın özü də buna reaksiya vermir.

Yaxşı, siyasi hakimiyyəti anladıq, korrupsiya onun mahiyyəti və idarəetmə mexanizmidir. Bəs xalq nədən susur, axı orduda az qala hər bir ailədən kimsə var və deməli, həmin korrupsiyanın, talançılığın ağır təsirlərini də hər bir ailə özündə hiss edir? Hamı hiss edir, amma hamı da susur.

İkinci Qarabağ Müharibəsi yadınızdadır? Bilirsiniz ki, ordu əsasən sadə insanların yardımı, əsgərlə son tikəsini bölüşməsi sayəsində ac qalmadı? Yoxsa elə bilirsiniz ki, ordunu təhciz edən İlham Əliyevin bu vəzifəyə Putinin tapşırığı ilə təyin etdiyi Nizam Osmanov idi? Həmin Nizam Osmanov ki, hələ birinci korpusun komandiri olanda bütün mümkün olan və hətta olmayan əməlləri törədib?

Həmin Nizam Osmanov ki, Nəcməddin Sadıkovun atasına rəhmət oxutduracaq birisidir və bu gün Nəcməddinin “irsi” uğrunda qruplaşma yaradıb həmin “irsə” iddia edən digər general Kərim Vəliyevlə mübarizə aparır. Siz belə generallardan ordunun, əsgərin təminatını gözləyirsiniz? Mən heç nə gözləmirəm. Tək onlardan yox özü də…

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın