Ərəstun Oruclu: “Tərtər qətliamı ya açılacaq, ya da açılacaq”

 

“Qələbənin minlərlə atası olar, məğlubiyyət isə həmişə yetimdir”.

Müəllifi mübahisəli olan (bəzi mənbələrə görə ABŞ prezidenti C. Kennedi, digərləinə görə isə İtaliyanın xarici işlər naziri olmuş Çiano) bu həqiqətlə üzləşməkdəyik. İlham Aslanoğlunun həbsi haqlı-haqsız tənqidlərə, iradlara və hətta ağır ittihamlara da yol açıb.

Kimlərsə bundan məyus olub, kimlərsə sanki gözləyirmiş ki, nəsə bir uğursuzluq olsun və ürəyini boşaltsın, kimlərsə də Tərtər qətliamının araşdırılmasının özünün az qala düşünülmış xəyanət planı olmasına iddia etmək istəyir. İkincilərə və üçüncülərə reaksiya verməyə əsas görmürəm, hərçənd bunu da qeyd etməliyəm ki, cinayətkarlarla işbirliyinə girərək Tərtər qətliamının ifşasına qarşı çalışanlar cinayət törədilən andan başlayaraq həmişə olublar.

İstintaq təyin olunandan sonra isə onlar daha da təşkilatlanaraq sistemli fəaliyyətə keçiblər və bu gün də bütün vasitələrlə fəaliyyətlərini genişləndirməyə çalışırlar. Belələrinin bu gün əsas hədəfi cinayətin araşdırılması ətrafında qalmaqallar yaradaraq, diqqəti onun (cinayətin) özündən yayındırmaqdır. Bu işin içində olanların hamısı bəllidir, amma indi belələrinin adlarının açıqlanması elə onların istəyinə uyğun olardı və qalmaqal yaratmağa xidmət edərdi.

Söz verirəm ki, istintaq həbslər mərhələsinə keçəndə isə bu, mütləq olacaq, onların hamısını adbaad yazacağam, hansı cildlərə girdiklərini, ailə üzvlərinin hansı biznes layihələrə cəlb olunduqlarını, kimlərdən sifariş aldıqlarını ictimailəşdirəcəyəm, amma həm də barələrində istintaqa başlanılmasını tələb edəcəyəm. Ona görə ki, bütün bu əməllərdə cinayət tərkibi də var.
Onlar haqda hələlik bu qədər.

Qaldı məyusluğa, onun üçün də heç bir əsas yoxdur. Hamımız, o cümlədən elə İlham bəy Aslanoğlunun özü də belə olacağını gözləyirdik, çünki törətdikləri ağır cinayətə görə 15,20 il və ya ömürlük həbs cəzası almalı olan cinayətkarların asanlıqla təslim olacağını ancaq sadəlövhlər düşünə bilər. Bu cinayətkarların dairəsi isə ağlasığmaz dərəcədə genişdir.

Bu gün bizi hərbçilərimizin başına gətirilənlərin ifşa olunması və ədalətin bərpa olunması istəyi birləşdirdiyi kimi, cinayətkarları da öz qanlı cismini xilas etmək instinkti birləşdirir. İnstinkt isə istəkdən daha güclü reaksiyadır, xüsusilə də söhbət yırtıcı instinktdən gedirsə.
Qaldı İlham Aslanoğlunun həbsinə, təbii ki, bu, hamımıza təsir edir, amma onun özü də həbs olunacağı halda bunun faciə kimi dəyərləndirilməsini istəməmişdi.

İlham bəy Tərtər qətliamının ifşa olunmasında misilsiz iş görmüş insandır. Məhz onun sayəsində ölkə və dünya Tərtərdə törədilmiş vəhşiliklərin əsl simasını gördü, çünki qurbanları danışdıraraq onların başına gətirilmiş fəlakətlərin öz dillərindən eşitməyimiz İlham Aslanoğlunun gərgin əməyinin nəticəsində mümkün oldu. Odur ki, İlham bəyi bütün səviyyələrdə və var gücümüzlə dəstəkləyəcəyik, qoruyacağıq. Bu, bizim borcumuzdur!

Bu arada icazənizlə “hər ziyanın bir xeyri də var” kəlamına müraciət edim, çünki bir çoxları dəfələrlə mənim özümə yazaraq hakimiyyətin İlham bəyin fəaliyyətinin qarşısını niyə almadığını soruşmuşdu. Kimin bu sualı hansı niyyətlə verməsini öz vicdanının öhdəsinə buraxaraq belə sualların artıq olmayacağına ümid edək. Hərçənd əmin deyiləm, çünki cəmiyyətimizdə insanın niyə tutulmamasını olduğu kimi, niyə tutulmasını da öz “məntiqi ilə əsaslandıranlar” az deyil.

Tərtər qətliamı miqyasına, xarakterinə, planlı təşkilinə, niyyətinə və bütün xirda texniki detallarına görə sözün əsl mənasında əsrin cinayətidir və onun ifşası, ona hüquqi qiymət verilməsi, ədalətin bərpası yolunda şər, böhtan, həbslər ola biləcək ən yüngül müqavimət metodlarıdır. Şəxsən mən bu yolda qətllərdən tutmuş ölkədə iğtişaşların törədilə biləcəyinə qədər hər şeyin baş verə bilmək ehtimalını heç vaxt istisna eləməmişəm.

Amma hətta bunlar da bizi getdiyimiz yoldan çəkindirməyəcək, çəkindirə bilməz. Ona görə ki, Tərtər qətliamının tam ifşası xalq olaraq bizim üçün olum ya ölüm məsələsidir. Qarşımızdakılar sözün ən geniş mənasında düşmənlərdir və onlardan hər şeyi gözləməliyik. Bütün bunların baş verməsinin qarşısını almaq üçün isə bircə şey tələb olunur: siyasi iradə. Bunu hələ bir neçə il əvvəl Tərtər qətliamı ilə bağlı növbəti yazımın sonunda bildirmişəm. Bu gün də təkrar edirəm.

Bunu da təkrar edirəm ki, Tərtər qətliamı ya açılacaq, ya da açılacaq! Bunun nəyin və ya nələrin bahasına başa gələcəyindən asılı olmayaraq başqa yolumuz yoxdur.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın