Ərəstun Oruclu: “Tərtər işi”ni araşdıran istintaq qrupu hansı qurumu hədəfə almağı planlaşdırır?”

 

Ölkədə baş verənlərdə mürəkkəb formullar axtarmaq özünü ağıllı sayıb, sonda axmaq olduğun qənaətinə gəlməklə eynidir. Belə formullara heç ehtiyac da yoxdur, çünki hər şey 2×2 qədər bəsit və primitivdir. Səbəb də ilk növbədə ölkədəki münasibətlər sistemində 3 əsas amilin yoxluğudur: rəqabət, peşəkarlıq və məsuliyyət.

Ona görə də heç kim heç nəyi gizlətməyə, maskalamağa ehtiyac duymur. Nəticədə hər dəfə azərbaycansayağı “şəffaf” cəmiyyətdə yaşadığımızın şahidi oluruq. Ona görə də ölkədəki primitivizm nəinki cəmiyyətin bütün sahələrini bürüyüb, hətta deyərdim ki, canımıza, qanımıza, genimizə də hopub.

Məsələn, Tərtərdə törədilmiş cinayətin yenidən araşdırılmasının hansı istiqamətdə gedəcəiyini anlamaq üçün bəzi faktlar kifayət edir:
İstintaq qrupuna Hərbi Prokurorluğun 3 müstəntiqinin daxil edilməsi və Xanlar Vəliyevin vəzifəsində qalması istintaqın bu qurumdan və onun rəhbərindən yan keçmək istəyindən xəbər verir.

Ümid edirəm, başının üstündə Bəylər Əyyubovun durduğu Xanlar Vəliyevin əlinin altında işləyən gənc müstəntiqlərin öz şeflərinə qarşı ifadə almaq və ya onun barəsində verilən ifadələri sənədləşdirmək gücündə olduğunu kimsə düşünmür. Bura Azərbaycandır. ABŞ, Almaniya, İngiltərə və hətta heç Rusiya da deyil.

Burdan sonrası isə azca məntiq tələb edir. Sual olunur ki, o zaman cinayətin əsas təşkilatçılarından olan qurumu məsuliyyətdən kənar tutmağa çalışanlar kimi, daha doğrusu hansı qurumu hədəfə almağı planlaşdırırlar? DİN-i? Xeyr, DİN bu işdə çox da fəal olmayıb, üstəlik də bu qurum hətta Baş Prokurorluğun da dişi bata biləcək yer deyil.

DTX-nı? DTX bu işlərə cəlb olunub, amma ondan suç keçisi düzəltmək üçün Baş Prokurorluğa rəhmətlik Yaşar Nuri demiş, “dövlət təminatı” lazımdır. Elə bircə Xanlar Vəlyevlə Babək Səmidlinin telefon danışıqlarını ortaya atsalar bəs edəcək. Xanlar gedəcək Babəklə söhbətlərini davam etdirməyə. Bəs hansı qurumu?

Demək, qaldı Müdafiə Nazirliyi. Yadınızdadırsa, qatil Xanlar Vəliyev də “biz ora gələndə artıq 102-103 nəfər qanunsuz (!?) işgəncələrə məruz qalmışdı və bir nəfər də vəfat etmişdi” deyirdi. Tərtər cəlladı bunu elə-belədən demirdi və qəflətən media qarşısına çıxması da elə-belədən deyildi. Artıq plan da cızılmışdı, qurbanlar da müəyyən olunmuşdu.

İşgəncələr, vəhşiliklər Xanlar Vəliyevin özü daxil Hərbi Prokurorluğun müstəntiqləri və prokurorları tərəfindən sanksiyalaşdırılsa da onları icra edənlər hər iki mərhələdə Müdafiə Nazirliyinin hərbçiləri olub: öncə 1-ci Ordu Korpusunun komandanı Hikmət Həsənovun cəlladları, ardınca isə Cəfər Seyidovun komandiri olduğu SAT-ın qatilləri.

Cinayəti araşdırmağa qərar verənlərin “məntiqi” ilə formal baxımdan Hərbi Prokurorluq işgəncələrə və qətllərə birbaşa cavabdeh deyil. O başqa məsələdir ki, bu qurum ifadələrin alınması üçün tətbiq olunan vəhşiliklərin birbaşa sifarişçisi olub və həmin faktların da yüzlərlə canlı şahidi olan zərərçəkmişlər var.

Amma belə görünür ki, istintaqa bu başdan siyahılar verilib. Eynilə azərbaycansayağı seçkilərdə olduğu kimi. İndi qalır müstəntiqlərə zərərçəkmişlərin ifadələrini həmin siyahıya uyğun saf-çürük etmək. Buna Xanlar Vəliyevin və digər cinayətkarların ağalarının dilində “сортировка” deyirlər.

İstintaq belə də edəcək, amma söz verdiyim kimi, 4 ildə dövlət orqanlarının “unutduqlarını” xatırlatdığımız kimi, istintaqın “nəzərindən qaçanları” da davamlı şəkildə xatırladacağıq. Razı ola bilmərik ki, ədalət çarçısı olan Baş Prokurorluq sonda nələrisə təsadüfən unutduğundan çətin vəziyyətə düşsün.

Amma qayıdaq bütün bu tragikomediyada “suç keçisi” roluna seçilmiş Müdafiə Nazirliyinə. Belə görünür ki, bu qurum da dəvə quyruğu tumarlamaqla məşğul deyil və öz adına və andına sədaqətini unudaraq hücuma hazırlaşır. Hücum isə ilk növbədə səfərbərlik tələb edir. Necə deyərlər, hər şey nizamnaməyə uyğun olmalıdır.

Amma bu hücum o hücumdan deyil. Söhbət media və xüsusilə də sosial media məkanında hücumdan gedir. Ədalət naminə deyək ki, nazirliyin bu sahədə böyük təcrübəsi var. Elə bir tək Tərtər qırğınını törədəndə ibtidai savadı 2 ilə 3 arasında olan 4-5 yaramazın əlilə bu boyda cəmiyyəti aylarla aldada bilmələri özü böyük təcrübədir.

Yeri gəlmişkən, Baş Prokurorluğun istintaq qrupunun bu gün yenidən fəallaşan həmin yaramazları da sorğulaması pis olmazdı. Axı uşaqlar elə-belə xahişə-minnətə görməmişdilər o boyda işi. Bax, onlar öz sifarişçilərini ələ verəndə də çox şeylər aydın olacaq. Xüsusilə də qətliamın təşkilatçıları. Daha doğrusu, onun vəhşicəsinə icrasının təşkilatçıları.

P.S.: Üsluba görə isə üzrlü sayın! Bu ölkədə baş verənlər haqda ciddi üslübda yazmaq olmur daha.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın