Ərəstun Oruclu: Tərtər işinə aid yeni “istintaq” videosu yayıldı

 

Allah şahiddir ki, Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətləri işıqlandıranda maksimum çalışmışam və çalışıram ki, ölkənin maraqlarına ziyan dəyməsin. Elə bu səbəbdən də bir çox faktları ya ictimailəşdirmirəm, ya da onlara yüngül eyham vurmaqla kifayətlənirəm. Həm də ona görə ki, cinayətkarlar bunu anlasınlar.

Amma təəssüf ki, Xanlar Vəliyev kimilərinin törətdikləri qanlı cinayətə və dövlətə xəyanətə görə məsuliyyətdən qaçmaq üçün atdığı addımlar bəzi məqamları açmağa məcbur edir.
Bu gün yenə “istintaq” videosunu yayan (link şərhdə) cinayətkar yuvası Hərbi Prokurorluğa cavab verməyə məcburam.

Ümid edirəm ki, bu cavabımı Prezident Administrasiyası və Dövlət Təhlükəsizlik Xidməti də nəzərdən qaçırmayacaq.
Beləliklə, yayılan videoda “günahkar” əsgər “etiraf edir” ki, guya Türkiyədə istehsal olunan və Azərbaycan Ordusunun tanklarına quraşdırılmaq üçün alınmış gecəgörmə cihazını düşmənə ötürüb.

Xanlar Vəliyevin xeyir-duası ilə yayılan videodakı “etiraflar” təkcə işgəncələr yolu ilə alındığı üçün etibarsız deyil, həm də ona görə ki:
1. Azərbaycan Ordusunun tanklarının təhciz olunduğu ən müasir termovizor tipli gecəgörmə cihazları Türkiyədən yox, İsraildən alınıb və xain Xanlar Vəliyev bunu bilməmiş deyil.

2. Həmin cihazlar heç bir halda nəinki əsgərin, heç yüksək rütbəli zabitlərin də əlinə düşə bilməzdi, çünki onlar tankların korpusu ilə qülləsinin arasına yerləşdirilir ki, bunun üçün də həmin qülləni açmaq və qaldırmaq üçün yükqaldırma qabiliyyəti 15 tondan az olmayan xüsusi kran tələb olunur və bu cihazlar yalnız tank təmiri zavodunda quraşdırılır.

3. Bəli, Azərbaycan Ordusunun aldığı bu cihazlar və digər hərbi sursat nümunələri düşmənə ötürülüb, amma bu, aşağıdakı kimi olub: hərbi sursatla dolu 3 “Ural” markalı hərbi avtomaşın həmin yükləri Azərbaycan-Rusiya sərhəddini keçərək Dağıstanda Rusiya hərbçilərinə təhvil verib, əvəzində isə sürücülər digər eyni tipli boş maşınlarla geri dönüblər.

Həmin yükü aparan sürücülərin hər birinə bu barədə susmaları üçün 200 ABŞ dolları məbləğində mükafat verilib.
Həmin maşınlarda da təkcə gecəgörmə cihazları olmayıb. Bunu da araşdırmaq mənim yox, müvafiq dövlət orqanlarının işidir, amma dövlət maraqları naminə bu haqda bildiklərimi bölüşməyə hazıram.

Bütün bunları ciddi şəkildə araşdırmaq tələb olunur və bu da müvafiq dövlət orqanlarının işidir. İpucu da verə bilərəm. Həmin dövrdə MN-nin Texniki Təhcizat Baş İdarəsinə de facto rəhbərlik etmiş və orduya heç bir aidiyyatı olmayan Azad Salamovun ciddi sorğulanması kifayət edər.

Əminəm ki, həmin işin araşdırılmasına MN-nin Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş və Tərtər qırğını ərəfəsində Nəcməddin Sadıkov tərəfindən kənarlaşdırılmış general İlqar Mazanovun da dəstəyi ola bilər. Təhcizat məsələlərini kurasiya etmiş MN-nin müavini Fuad Məmmədovun isə artıq heç bir köməyi dəyməyəcək, çünki o, bir neçə il əvvəl naməlum səbəbdən dünyasını dəyişib.

Bir daha deyirəm, bu işləri araşdırmaq və dövlət orqanlarına məsləhət vermək mənim səlahiyyətimdə deyil, amma bir tövsiyyəmi əsirgəmək istəmirəm: X. Vəliyevi təcili susdurmaq lazımdır ki, o, bizi daha ciddi faktları açmağa məcbur eləməsin. Onu susdurmağın ən etibarlı yolu isə həbsxanaya yerləşdirilməsidir. Həm də ona görə ki, cinayətkarın yeri yüksək dövlət postu yox, həbsxanadır.

Əks halda ictimailəşdiriləcək bütün faktlara görə məsuliyyət Xanlar Vəliyevi hələ də himayə edən cinayətkar və satqın çətənin başçılarının üzərinə düşəcək. Amma dövlətə onun yaxın hərbi tərəfdaşlarının itmiş etimadını bərpa etmək üçün illər tələb olunacaq. Əgər bu, ümumiyyətlə mümkün olacaqsa.

Ərəstun Oruclu.

https://m.facebook.com/story.php?story_fbid=10159382468482380&id=787572379&sfnsn=mo

Bunu paylaş:

Bir cavab yazın