Ərəstun Oruclu: Tərtər “həkimləri” cəllad Xanlar Vəliyevə niyə vəkillik edirlər? (1-ci yazı)

 

Tərtər qətliamı ilə bağlı çıxışlarımda, yazılarımda və müsahibələrimdə dəfələrlə demişəm ki, bu cinayətdə iştirak edənlər arasında ən barışmaz münasibətim həkimlərədir və bu da təbiidir. Həkim olmuş birinə həmkarlarının insanlığa qarşı törədilmiş cinayətdə iştirakını görməkdən daha ağır heç nə ola bilməz.

Hər şeydən əvvəl bildirim ki, “həkimlərin” bu cinayətdə iştirakı haqda yüzlərlə danılmaz fakt var, amma bu gün onlara istinad etməyəcəyəm. Ona görə ki, bütün ittihamlarımız “yalandır, böhtandır” kimi bəsit iddialarla qarşılanır. Heç zərərşəkmişlərin də açıqlamalarına, ifadələrinə istinad etməyəcəyəm.

Bu yazımda hər şeyi yalnız Tərtər “həkimlərinin” öz ifadələri əsasında təqdim edəcəyəm.
Bunu da deyim ki,, Tərtər qətliamında həkimlərin rolu barədə müzakirələr mənim və cinayəti araşdıran digər şəxslərin deyil, məhz MN Baş Tibb İdarəsinin rəsmilərinin təşəbbüsü ilə gündəmə gəldi.

Belə ki, bu ilin aprel ayında MN Baş Tibb İdarəsinin əməkdaşı olmuş, ordunun baş terapevti polkovnik Samil Qasımov LAF TV-nin efirinə çıxaraq Tərtərdə baş verənlər haqda öz versiyasını təqdim etdi. Samil Qasımovun efirdən söylədikləri bir həkim kimi mənim diqqətimi çəkməyə bilməzdi. Xüsusilə də qətlə yetirilənlərin ölümünə səbəb olmuş diaqnoz.

Elə o zaman bildirmişdim ki, həkim-polkovnik həmin diaqnozu səsləndirməklə faktiki olaraq hərbçilərimizin işgəncələrdən öldüyünü təsdiq edir. Baxmayaraq ki, həmin müsahibədə Samil Qasımov başqa əhəmiyyətli məsələlərə də toxunmuşdu. Məsələn, demişdi ki, Hərbi Prokurorluq işə müdaxilə etməsəydi zərərçəkənlərin sayı on minə də çata bilərdi.

Bu açıqlama mənə daha maraqlı gəlmişdi, çünki Tərtər qətliamı elə ölkənin ən xəyanətkar və ən cinayətkar qurumu olan həmin Hərbi Prokurorluğun 3 may 2017-ci il tarixli bədnam qərarı əsasındə qaldırılmış cinayət işi çərçivəsində törədilib. S. Qasımovun və digər “həkimlərin” çıxışları isə bütövlükdə qatil X. Vəliyevin müdafiəsinə yönəlmişdi. Niyə?

O zaman məsələyə fikrimizi bildirdik və sanki mövzu (“həkimlərin” qətliamdakı rolu) arxa plana keçdi.
Amma bir neçə gün əvvəl Samil Qasımov və digər həmkarı Həşim Cəfərov yenidən efirə (bu dəfə “Xural” TV-yə) çıxaraq yenidən Xanlar Vəliyevin müdafiəsinə qalxdılar.

Məsələn, Samil Qasımov çıxışının yarısından çoxunu Hərbi Prokurorluğun Tərtər cinayətindəki humanist və xilaskar roluna həsr etdi. Amma ən maraqlısı həmin verilişə telefonla qoşulan MN Baş Tibb İdarəsinin sabiq rəisi general Natiq Əlyevin açıqlamaları oldu.

Açıqlama deyəndə ki, N. Əliyev yaxın qohumu olan cinayətkar Xanlar Vəliyevin müdafiəsinə həst etdiyi sovetsayağı nitqində bizləri hədələməyi də unutmadı. Bu başdan deyim ki, onun nə miskin varlığı, nə də hədələri mənim üçün həyatıma qəsdədək əl atmış Eldar Mahmudovun miqyası və əməllərilə müqayisədə heç milçək vızıltısı da deyil.

Mənim üçün maraqlı olan niyə həkimlərin davamlı şəkildə qatili müdafiə etməsi idi. Araşdırma apardıq və məlum oldu ki, Samil Qasımovu və Həşim Cəfərovu “Xural!” TV-yə göndərən Natiq Əliyev Xanlar Vəliyevlə ikincinin kabinetində oturub verilişə canlı baxırmış. Əslində 4 nəfər olublar ki, onlardan da biri Tərtər qətliamının ən fəal iştirakçılarından olmuş Ülvi Əhmədov olub.

Bu arada haşiyə çıxaraq xatırladım ki, qatil Ülvi Əhmədov 22 iyun 2020-ci il tarixdə Baş prokuror Kamran Əliyevin əmrilə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru təyin edilib. Başqa sözlə, o, Xanlar Vəliyevə tabe deyil. Ümid edirəm, onu Xanlar Vəliyevin yanına Kamran Əliyev tapşırıqla göndərməyib.

Ümid edirəm, amma əmin deyiləm, çünki sentaybr ayının 20-də Tərtər qətliamı qurbanları nümayəndələrinin Kamran Əliyevə şəxsən təqdim etdikləri Hərbi Prokurorluğun cinayətkar əməllərindən çoxsaylı şikayətləri araşdırılmaq üçün… Hərbi Prokurorluğa göndərilib. Yəni, Kamran Əliyev Xanlar Vəliyevin poçtalyonu imiş…

“Həkim” Samil Qasımov dünən yenidən “Xural” TV-nin canlı yayımına zəng edərək söylənilənlərin hamısının böhtan, yalan olduğunu iddia edib.
Bu postu yazmaqda məqsədim belə iddialar irəli sürənlərə deməkdir ki, istənilən kanalda istənilən şəxslə canlı yayımda polemikaya hazıram.

Qaldı həmkarlarıma “həkim” deyə müraciətimə, bununla onları nə aşağılamaq, nə də şübhə altına almaq fikrim yoxdur. Cinayətkara vəkillik edənlər həkim yoxsa vəkil olduqlarını ilk növbədə özləri aydınlaşdırmalıdır. Qaldı tez-tez işlətdiyim “cinayətkar” sözünə görə məni təqsirsizlik prezumpsiyasını pozmaqda qınayanlara…

Bildirirəm ki, 2 minədək insanın işgəncələrə məruz qaldığı, onlarla insanın qətlə yetirildiyi və bunları törədənlərin 4 ildən artıq nəinki azadlıqda, hətta yüksək vəzifələrdə qaldığı ölkədə həmin andan etibarən belə bir anlayış yox olur. Xüsusilə də həmin cinayətlərin təşkilatçılarına münasibətdə.

Nəhayət, qaldı “həkimlərin” artıq ordudan tərxis olunmasına rəğmən bu günədək qatil Xanlar Vəliyevə niyə vəkillik eləməsinə, yaxşı olar ki, bunun da cavabını hərhansı bir kanala çıxaraq özləri versinlər. İndiyədək özlərinin digər əməllərini özləri də bilmədən etiraf etdikləri kimi.

Mənimsə bu haqda öz fikirlərim və bilgilərim var, amma bu haqda mövzunun davamında.

Ərəstun Oruclu
Şərq – Qərb Analitik Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın