Ərəstun Oruclu: “Tərtər-2” və ya xain şəbəkə hələ də iş başındadır

İzləyənlər xatırlayırlar, 44 günlük müharibədən həmən sonra demişdik ki, “Əsrin cinayətini” təkrar gündəmə gətirməkdə əsas məqsədimiz düşmən törtöküntülərinə qalib orduya qarşı yeni repressiyalar həyata keçirməyə imkan verməmək olub. Bəli, məhz elə müharibənin son günlərində xainlər artıq öz məkrli işinə başlamışdı.

Son aylar ərzində isə bu iş daha daha da intensivləşib. Onlarla hərbçi ən müxtəlif bəhanələrlə cinayət və xəyanət yuvası olan Hərbi Prokurorluq tərəfindən çağrılaraq təhdid olunub. Mənə bununla bağlı azı 12 nəfər şəxsən müraciət edib və bu haqda əvvəllər çıxışlarımda da bildirmişdım.

Təsəvvür edin, hərbçiyə ittiham irəli sürürlər ki, guya o yaralı erməni hərbçini qətlə yetirib və ya hansısa əsiri öldürüb, erməni hərbçini talayıb və s. Qısası, Xanlar Vəliyev və onun iyrənc dəstəsi qohum-əqrabalarının qisasını almaqdadır. Ardınca bu ittihamları aradan qaldırmaq üçün böyük məbləğdə rüşvət verməyə məcbur edirlər.

Nəticədə ön cəbhədə ləyaqətlə düyüşmüş (və eynilə Tərtər qətliamında olduğu kimi indi də hədəf kimi belələrini seçirlər) hərbçilərimiz borca düşürlər, evlərini, əmlaklarını satıb həmin rüşvəti ödəməyə məcbur olurlar. Niyə? Ona görə ki, onları heç kimin müdafiə etməyəcəyinə əmindirlər. Ona görə ki, onların hamısı üçün Tərtər qətliamı kimi acı bir nümunə var.

Bu, artıq kütləvi hal almış praktikadır və dediyim kimi, son günlər sürətlə artmaqdadır və mahiyyətcə Tərtər qətliamının formaca fərqli “sürünən” variantıdır. İndi artıq minlərlə hərbçini toplayıb onlara kütləvi işgəncə vermək 2017-ci ildə olduğu qədər asan deyil. Bu gün belə açıq cinayətin ağır bədəli ola bilər.

Kimsə düşünə bilər ki, bütün bunlar rüşvət almaq, sərvət toplamaq məqsədilə edilir, amma “Əsrin cinayəti” ilə az-çox tanış olanların belə düşünməyə haqqı yoxdur. Bu, ölkəmizə qarşı davam edən hibrid müharibənin növbəti mərhələsidir. Daha doörusu, davamıdır, sadəcə bu dəfə bir qədər qapalı formada.

Yaxşı, deyək ki, lap bunların hamısı Hərbi Prokurorluqda kök salmış cinayətkarların təşəbbüsüdür, amma onda sual meydana çıxır ki, bəs qaziləri 80 manatla alçaldan, onların adicə sənədlərini vermək istəməyən qurumlar da Hərbi Prolurorluğa tabedir? Xeyr, əlbəttə. Bunların hamısı vahid mərkəzdən koordinasiya olunan əməllərdir.

Məqsəd də xalqı, onun ordusunu sistemli, planlı və metodik şəkildə alçaltmaq, sındırmaq və sıradan çıxarmaqdır. Başqa sözlə, qalib xalqı və onun qalib ordusunu məğluba çevirmək. Yaxşı lap deyək ki, bunlar də necəsə spontan baş verir, o zaman Tərtər qətliamının “təkrar istintaqının” gedişinə nə ad verək?

Məlumunuz olsun ki, bu gün də prokurorluq və onunla birgə “istintaqı” aparan digər dövlət orqanları həbs olunmuş icraçı qatillərə təzyiq edirlər ki, onlar cinayəti özbaşına törətdiklərini boyunlarına alsınlar. Yəni, sən demə zərərçəkmiş kimi rəsmən tanınmış 400 nəfərə yaxın hərbçiyə işgəncə verən cəmi 10-15 nəfər olub. Özü də bunu şəxsi təşəbbüslə ediblər.

Bunu da qoyaq bir yana, bəs necə olur ki, törədilmiş cinayətin “istintaqı” getdiyi bir vaxtda qətliamın 3 fəal iştirakçısı Hərbi Prokurorluqda yüksək vəzifələrə təyin olunur? Buna nə ad verək? İndi gəlin, bütün bunları toplayaq və deyək ki, İlham Əliyevin onlardan xəbəri yoxdur.

Tutalım ki, yoxdur və onda sual olunur ki, bu adamın ümumiyyətlə nədənsə xəbəri var? Onun nəzarətə götürdüyü cinayət işini işıqlandıran jurnalistin boğazına bıçaq dirənir, o, övladı ilə təhdid olunur, amma İlham Əliyevin bundan da xəbəri yoxdur. Əslində həmin bıçaq elə İlham Əliyevin özünə qarşı qaldırılıb.

Yox əgər İlham Əliyevin bütün bunlardan xəbəri varsa və mən şəxsən əminəm ki, var, o zaman bütün bunların onun xeyir-duası ilə törədildiyini deməliyik. İlham Əliyevin dosdoğmaca xalası oğlu Fukrət Məmmədov ölkənin məhkəmə, ədliyyə sistemini darmadağın edib, amma onun bundan da xəbəri yoxdur. Belə olurmu? Xeyr, olmur!

Bundan öncə də dəfələrlə yazdığım kimi ölkə cinayətkar məmur dəstələrinin at oynatdığı məkana çevrilib və kiminsə bunun qarşısını alacağı görünmür. Daha doğrusu, görünür, amma bu da ən optimal variant deyil, çünki istintaqı, mühakiməni və cəzanın icrasını xalq öz üzərinə götürəndə bunun çox acınacaqlı nəticələri olur.

Hadisələrin bu cür inkişafından isə heç bir ölkə sığortalanmayıb. Xüsusilə də hakimiyyəti sürətlə kriminallaşan ölkələr.
Nəhayət, beynəlxalq təşkilatların, xarici dövlətlərin Azərbaycandakı nümayəndəliklərinə müraciət edərək onlara ölkədəki kriminallaşmanı dəyərləndirmələrini təklif edirəm.

Azərbaycana demokratik dünyanın ən böyük dəstəyi bu olardı və onda özləri də əmin olardılar ki, demokratik islahatlardan danışmaq hələ çox tezdir…

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın