Ərəstun Oruclu: Tədbirdəki Putin masasının türkmən milli versiyası da ayrı bir mövzunun predmetidir

Xəzərin statusuna dair toplandığı deyilən dünənki Aşqabad sammiti son illərin Xəzər dənizi hövzəsi ölkələrinin iştirakı ilə keçirilmiş ən mənasız və biabırçı tədbiri idi. MDB ölkələri və o cümlədən də Azərbaycan informasiya məkanında müxtəlif ekspertlər üzr istəyirəm, gücənə-gücənə nəsə şərh etməyə çalışırlar, amma…

Amma şərh olunmalı heç nə yoxdur, çünki toplantı faktiki olaraq Türkmənistanın yeni “prezidentinin” təqdimatı, onun dədəsi olan kohnəsinin yubileyi və Putinin Ukraynaya hərbi təcavüzə başlayandan sonra ilk dəfə “beynəlxalq” aləmə çıxması idi. Başqa? Başqa heç nə, elə ona görə də informasiya məkanı boşdur.

Boş sözlər, boş iddialar, boş planlar, boş gözləntilər. Sammitdə elə ab-hava vardı ki, hətta belə dairələrlə ünsiyyətə alışmış İran prezidenti Raisi də özünü çox diskomfort şəraitində hiss edirdi. Təhlükəsizlik baxımından hava limanında türkmən duz-çörəyi ilə qarşılanmayan Putin özünə inamsız səslə idmandan, balıqdan, festivaldan, Xəzər kinoforumundan, turizmdən və s. danışırdı.

Ona görə ki, danışılacaq başqa bir şey yoxdur. Belə görünür ki, İran bu gün də 2018-ci ildə imzalanmış Aktau anlaşmasını ratifikasiya etmək barədə düşünmür. Tədbirdəki Putin masasının türkmən milli versiyası da ayrı bir mövzunun predmetidir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın