Ərəstun Oruclu: Susqunluğun fəlsəfəsi

Aylardır sosial media və digər internet resursları vasitəsilə ölkə gündəmini silkələyən müxtəlif cinayətlər haqqında “ölü” susqunluğun şahidi olmaqdayıq. Tərtər qətliamı, Gəncə işi, Tovuz işi, Nardaran işi, Nərmin işi və s bu kimi cinayətlərə ya anlaşılmazlıq adlandıra biləcəyimiz reaksiyalar görürük, ya da məzar daşısayağı susqunluq.

İnsanları dərindən narahat edən məsələlərə belə etinasız münasibətin səbəbi nədir? Bu suala da ən müxtəlif cavablarla üzləşirik: kimisi deyir ki, xalqı saymırlar, kimisi bunu rəsmilərin deməyə sözü olmaması ilə izah edir, üçüncü özləri törətdikləri cinayətlərdir deyə susduqlarını iddia edir və hər birində də həqiqət payı var.

Amma bunların hamısının ümumi bir səbəbi olmalıdır və yəqin ki, var da. Etiraf edim ki, həmin səbəbin axtarışına xeyli müddətdir baş vurmuşam. Amma öncə bir neçə kəlmə ümumiyyətlə susqunluq barədə və bu yerdə də analoji situasiyalarda demokratik ölkələrdə hakimiyyətlərin davarışı ilə paralellər aparmalı olacağıq.

Məsələn, Texas məktəbində bir əclafın əlinə silah alması 18-i uşaq olmaqla 21 nəfərin həyatına son qoydu və ölkənin bütün kəsimləri buna ani reaksiya verdi. Təbii ki, belə şəraitdə ölkə prezidenti də danışmaya bilməzdi və C. Bayden hadisə ilə bağlı xalqa müraciət etdi. Baxmayaraq ki, belə gülləbaranlar ABŞ-da az qala adi haldır.

Bu, 18 yaşlı bir nəfərin, bəlkə də ruhi problemi olan birinin törətdiyi qətliam idi, amma məsələ burasındadır ki, cinayəti kimin törətdiyi yox, onun qurbanlarının aqibəti önəmli idi. 21 Amerika vətəndaşının aqibəti və həyatına hər an təhdid ola biləcək daha 330 milyona yaxın amerikalının taleyi. Odur ki, Bayden danışmaya bilməzdi.

Bayden həm də ona görə danışmaya bilməzdi ki, ölkə əhalisinin bir hissəsi dişinə qədər silahlanıb və bunun da sayəsində ABŞ öz tarixi boyu apardığı müharibələrdə verdiyi itkilərdən daha çox insanı belə gülləbaranlar nəticəsində itirib. Deməli, həm də səbəblə bağlı danışmalı və təkliflər verməli idi.

İllər əvvəl Almaniynın səhiyyə naziri xidməti avtomaşınından şəxsi məqsədləri üçün istifadə etdiyi, Finlyandiyanın baş naziri isə yol hərəkəti qaydalarını iki ya üç dəfə pozduğu üçün istefa verməli olmuşdu. Başqa cür də ola bilməzdi, çünki onların vəzifədə qalması təmsil etdikləri partiyanın növbəti seçkilərdə məğlubiyyəti demək olardı.

Tərtərdə işgəncələrə, vəhşiliklərə məruz qalan minlərlə insan bir yana, öldürülən azı 14 nəfər hərbçiyə görə isə İlham Əliyev düz 5 ildir israrla danışmaq istəmir. Halbuki 14 nəfərin qətlinə susan prezidentin 4 ağacın kəsilməsinə ani reaksiyasının tirajlanması təkcə həmin hərbçilərin ruhuna yox, xalq olaraq hamımıza həqarətdir.

Halbuki Tərtərdəki qətliamı bir əclaf yox, yüzlərlə harınlamış qudurğan xain və satqın törədib. Özü də onların istisnasız olaraq hamısı İlham Əliyevin komandasının üzvləridir. Bir çoxları düşünür ki, ölkə başçısı elə buna görə susur, deməyə sözü yoxdur. Belədirmi? Xeyr, elə deyil, çünki bu, susmaq üçün yox, məhz danışmaq üçün səbəbdir.

Minlərlə hərbçiyə qarşı vəhşiliyə, Gəncədə, Nardaranda, Tovuzda onlarla və yüzlərlə vətəndaşa qarşı törədilən cinayətə (həm də qətllərə) susan ölkə başçısı körpə Nərminlə bağlı baş vermiş cinayəti öz nəzarətinə götürür. Buna isə sevinmək lazımdır, çünki əks halda bu işlərə görə də yüzlərlə ilkinsüleymanovlar şərlənib tutulardı.
Hər işdə bir xeyir var.

Dövlət başçısının həftə səkkiz mən doqquz səfər etdiyi Qarabağı azad etmiş qazilər çörəkpulu davası edir, Sosial Təminat nazirliyi isə bir qazinin toyunda gənclərə mənzil hədiyyə edir (buna da min şükür, … bir tük də qənimətdir), digərinin toyunda isə nazir müavinini “oynadır”, dövlət başçısı isə yenə də susur.

Sonsuzluğa qədər belə misallar, nümunələr gətirmək olar, amma nə faydası!? Bəs səbəb nədir, axı sual budur?
Demək, cinayət və xəyanət yuvası olan Hərbi Prokurorluq qarşısında keçirilən və qətliamı törədənlərin muzdlu törtküntülərinin hər cür qaralamağa çalışdığı aksiyanın səhərisi gün Bakıdan zəng alıram.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın