Ərəstun Oruclu: Sən demə bunların qorxduqları elə… özləri imiş


Forbes dərgisi yazır ki, sanksiyalardan qaçan rus oliqarxları üçün Dubay ikinci Londona çevrilir. Burda bahalı mülk axtaranların sayı durmadan artmaqdadır. Nəşr onu da bildirir ki, sanksiyalar səbəbindən Avropadan qaçan rus milyarderlərin bir neçəsi (adları da göstərilir) bu şəhərdə 25-40 milyon dəyərində mülklər alır.

Digər bir xəbərdə isə deyilir ki, Dubay hava limanında dayanan 100-dək şəxsi təyyarədən azı 15-20 və BƏƏ sahillərində lövbər salmış yaxtaların da bir hissəsi rusiyalı oliqarxlara məxsusdur. Onlar Dubayda özlərinə sığınacaq tapıblar. Forbes-in məqaləsində bildirilir ki, Dubay bir növ oliqarxların sığınması üçün ikinci Londana çevrilib.

Maraqlıdır ki, həmin oliqarxların sığına biləcəyi 3-cü, 4-cü və hətta 50-ci londonlar arasında Moskva, Sank-Peterburq, Samara yoxdur, olmayacaq və ola da bilməz. Niyə? Nədən postsovet məkandakı ölkələrin milyarderləri sərvətini harada olsa gizlətməyə hazırdırlar ki, təki həmin sərvəti qazandıqları ölkədə qalmasın?

Sual ritorik deyil. Heç yeni də deyil, çünki elə təkcə mən özüm 10 ildən artıqdır ona cavab axtarıram. Bu, qeyd etdiyim kimi təkcə Rusiyaya da aid deyil, elə Azərbaycan zənginləri də sərvətlərini öz ölkələrindən başqa hara gəldi, kimə gəldi etibar edirlər. Deməli, burda nəsə bir hikmət və ya dialektik bir qanunauyğunluq var.

Ümid edirəm, “dialektika” deyəndə gözlərinizin önünə azərbaycanlı məmur-oliqarxların intellekt yükündən məhrum simaları gəlmədi. Mənim də məqsədim dialektikanı o simalarda, daha doğrusu sifətlərdə deyil, prosesin özündə axtarmaqdır. Buna tam əmin ola bilərsiniz. Mövzu bir Facebook postu ilə əhatə olunacaq həcmdə də deyil.

Bundan başqa burda hər ölkənin öz spesifik nüansları da var. Ona görə də qısaca Azərbaycanın nümunəsi üzərində dayanmağa üstünlük verəcəyəm. Ümumi prosesin və onun qanunauyğunluğunun üzərində əlbəttə, ayrı-ayrı fərdlərin yox. Həmin o fərdlərin sayı da ədalət naminə deməliyəm ki, yüzlərlədir. Bəlkə də minlərlə.

Yəni ölkəni talayan “bir qrup” dedikdə onun 5-10 nəfərlik dəstə olduğu haqda yanlış təsəvvür yaranmasın. Reallığı və onun hüdudlarını təxmin etmək üçünsə indikator olaraq elə DTX-nın son 1-2 il ərzində ovladığı icra başçılarının üzə çıxan sərvətini xatırlamaq yetər. Daha doğrusu, həmin sərvətin üzə çıxa(rıla)n hissəsini.

Yeri gəlmişkən, elə həmin sərvətin və onun sahiblərinin ovlanmasında da ayrı bir hikmət var. Hikmət ondan ibarətdir ki, niyə başdan-başa oğrulardn ibarət olan ordunun ayrı-ayrı seçilmiş “əsgərləri” ovlanır? Bəlkə qalanları mələkdir, imam övladıdır, onların ətəyində namaz qılmaq olar?

Ümid edirəm, düzgün anladınız, yumör hissiniz kütləşməyib, odur ki, keçək mətləbə. Daha doğrusu əvvəlcə niyə ayrı-ayrı dəatə üzvlərinin cəzalandırılmasına. Burda səbəblər buketi sadə və birmənaladır: ya pul “atıb”, ya hansısa hakimiyyətdaxili qrupa birləşib, ya da hardasa içib olmayan ağlına gələni danışıb.

Mövzu ilə dərindən maraqlanmağa bir səfirlə söhbətimizdən sonra başladım. Təxminən 2010-cu ildə. Nahar masası arxasında həmin diplomat mənə hətta səmimi söhbət şəraiti üçün ola biləcəyindən də daha səmimi suallar vermişdi:

“Sizcə nədən bunlar sərvətlərini öz ölkələrindən başqa kimə, haraya gəldi etibar eləyirlər? Məgər anlamırlar ki, bunların istər özlərinə, istərsə də sərvətlərinə yeganə etibarlı təminat ancaq bu ölkədir? Niyə onlar bu ölkəni bu qədər sevmirlər, ona güvənmirlər, onu inkişaf etdirmirlər? Anlamırlar ki, bir gün bu ölkədən talayıb apardıqlarının hamısını itirəcəklər?”

Təsəvvür edirsiniz, bu sualları verən şəxs xarici ölkənin Azərbaycandakı səfiri idi və belə görünür, o, Azərbaycanı bunlardan qat-qat çox düşünürmüş. Suallara beynimdə əhatəli cavab axtara-axtara demişdim ki, yəqin taladıqları xalqdan, onun bir gün ayağa qalxacağından qorxurlar, ona görə də oğurluq mallarını aparıb kənarda gizlədirlər.

Amma bütün bunları araşdırdıqca qorxmaq məsələsində haqlı, kimdən qorxmaq məsələsində isə tamamilə haqsız olduğumu anladım. Bəsit cavabımı xatırlayaraq ona görə utandım. Sən demə bunların qorxduqları elə… özləri imiş. Bəli, özləri – həmin ağız-ağıza yatdıqları canavarlar.

İlk anlayış qığılcımı o zaman üzvü olduğum İctimai Palatanın “Yol xəritəsinə” iqtisadi amnistiyanın tətbiq olunmasını təklif edəndən sonra parladı. O zaman iki mesaj almışdim: biri zəngin oliqarxdan idi, digəri isə yüksək siyasi rəhbərliyin nümayəndəsindən; birinci müsbət reaksiya idi, ikinci isə tam əksinə.

Zaman keçdikcə Azərbaycandakı müəssisələrin, bankların, holdinqlərin, “monopoliyaların” üzərindəki “əllərin” (adların) necə dəyişdiyini gördükcə anladım ki, oğru-zənginlər üçün təhlükənin mənbəyi xalq deyil, elə onların öz biznes, daha doğrusu cinayət şərikləri imiş. İndi bu proses daha aydın görünür.

Bir dəfə müsahibələrimin birində demişdim ki, Azərbaycanda ən şəffaf sahə korrupsiyadır. Həqiqətən belədir. Ölkədəki, “obyektlərin”, biznes sahələrinin, binaların və s. kimə məxsus olduğunu sizə istənilən orta statistik taksi sürücüsü və ya bərbər deyə bilər. Özü də bütün detalları ilə.

Bax, elə buna görə də Azərbaycanda vəzifədən çıxarılan hər kəs ardınca “müşavir” olur. Əksəriyyəti də baş nazirin müşaviri, guya bir neçə müşavir Əli Əsədovun qırıq-sökük azərbaycancasını və ya heç zaman mövcud olmamış idarəetmə təfəkkürünü dəyişəcəkmiş. Üstəlik də həmin o, müşavir postlarına təyin olunan “intellektuallar”.

Bütün idarəetmə instutunun əsaslı şəkildə ləğv olunduğu ölkədə nəhəng “müşavir institutu” mövcuddur. Başqa sözlə, böyük bir tələ qurulub və vəzifədən qovulan nazir-oliqarxlar həmin tələyə salınıblar ki, oğurluq sərvətlərinə sahib çıxmaq üçün ölkədən qaçıb gedə bilməsinlər. İndi isə heç qaçıb getməyə də ehtiyac qalmayıb.

Ona görə ki, Putinin dərviş kimi düzlərə düşüb mərhəmətli padşahın idarə etdiyi ədalətli məmləkət axtaran oliqarxlarının amansızcasına “yolunması” həm də testdir. Uğurlu testin ardınca isə adətən “kütləvi istehsal” işə düşür. Daha doğrusu, kütləvi yolma.

Xarici səfir uzaq 2010-da görünür, bunu deyirmiş. Sağ olsun, o dedi, biz də çalışdıq yolunu göstərək, amma belə görünür ki, anlayan, anlamaq istəyən, daha dəqiq desək isə qanan və qanmaq istəyən olmadı. Odur ki, qalır bircə “hər şeyin bir böyük “ələ” toplandığı yeni dünyaya xoş gəldiniz!” demək.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş: