Ərəstun Oruclu: Ramiz Mehdiyevin proqramı və Moskvadan verilmiş təlimatlar…

 

İlham Əliyev hakimiyyətə gəldikdən həmən sonra ölkədəki ictimai-siyasi institutların da çökdürülməsinə start verildi. Əlbəttə, bu iş Ramiz Mehdiyevin proqramı və Moskvadan verilmiş təlimatlar üzrə aparılırdı, çünki Kreml Əliyevi vassal hakimiyyətin fasadı, Mehdiyevi komandası ilə birlikdə isə onun əsas icra sütunu təyin eləmişdi.

Baş verənlərə bir qədər də geniş baxdıqda bu, əslində ölkənin siyasi sisteminin dağıdılması idi ki, həmin proses də hal-hazırda tam başa çatıb. Azərbaycanda dövlət insitutları yoxdur, olanlar isə onların primitiv, cılız imitasiyasıdır. Ölkənin qanun məkanından tam çıxması isə addımbaşı vətəndaşları zərbələr altına atır.

Vətəndaşlara daim zərbə vurulmasının səbəbi odur ki, hakimiyyət (əslində ölkədə belə adlandırılan qurumun hakimiyyət anlayışı ilə heç bir əlaqəsi yoxdur) özünün rəqibi qismində xalqı görür, onunla mübarizə aparır, bütün fəaliyyətini ona qarşı yönəldib. Bu da təbiidir, çünki digər ictimai-siyasi instututlar olmadıqda xalq yeganə opponentə çevrilir.

Bunun əlamətlərini isə xüsusi axtarmağa ehtiyac yoxdur. Sadə bir sual: son 10 ildən artıq bir müddətdə vətəndaşlara qarşı amansızlıq edən, cinayət törədən bircə nəfər məmurun adını çəkə bilərsiniz ki, o buna görə cəzalandırılmış olsun? Yəqin ki, beləsini tapmaq asan olmayacaq. Əksinə, xalqla qəddar, təhqiramız, amansız, harın davranan məmurlar mükafatlandırılaraq vəzifədə böyüdülürlər.

Başqa bir misal: Qubada, İsmayıllıda, Gəncədə və digər bölgələrdə məmur-xalq qarşıdurmalarına görə bircə məmur cəzalandırılıb? Xeyr, amma bütün bu hallarda xalqın nümayəndələri kütləvi şəkildə zorakılığa, işgəncələrə, şərləmələrə məruz qalıblar, uzun müddətə həbs cəzaları alıblar və bəzu hallarda nümayişkəranə şəkildə öldürülüblər də. Gəncədə olduğu kimi.

Bilərəkdən seçkilərə, etiraz aksiyalarına görə həbslərə və zorakılıqlara toxunmuram və sadaladığım bütün hallarda da məmur-xalq qarşıdurmalarının səbəbkarları məmurlar olsa da, son nəticədə cəzalandırılan ancaq vətəndaşlar olub. Bir halda belə bir məmur cəzalandırılmayıb, çünki hakimiyyətin “idarəetmə fəlsəfəsi” buna yol vermir.

Bu “fəlsəfəni” vaxtilə Ramiz Mehdiyev dar hakimiyyət çevrəsində müzakirələr zamanı belə izah etmişdi: “zəiflik göstərmək olmaz”. Bu cümlə Azərbaycandakı hakimiyyətin birmənalı olaraq kriminal aləm qaydalarına söykəndiyini göstərir. Məsələn, Gəncədə yaramaz Elmar Vəliyevin vurulmasında hər şey 2×2 qədər aydın idi.

Gəncə kimi bir yerdə dəfələrlə xalqı “Gəncədə kişi yoxdur” deyə təhqir edən soysuz vəliyevlərin harın törəməsi təəssüf ki, tam olmasa da hər halda layiqli cəzasını almışdı. Necə deyərlər, vuran da bəlli idi, vurulan da. O zaman sual olunur ki, saxta yollarla “Gəncə işi” yaratmaq nəyə lazım idi? Hakimiyyət həqiqətənmi bilmirdi nə baş verdiyini?

Bilirdi əlbəttə. Bilirdi ki, bir nəfər şəhər sakini harın, qudurmuş, Gəncə boyda şəhəri PKK-çıların öhdəsinə vermiş və üstəlik də Azərbaycanın vuran ürəyi olan şəhərdə xalqı təhqir etdiyinə görə icra baçısının başını əzmişdi (sözün həqiqi mənasında). Amma məsələni həmin bir nəfər vuranın üzərində qapamaq olmazdı.

Xalqı cəzalandırmaq lazım idi ki, bir də heç kəs harın yerli quldurlara əl qaldırmağa cürət etməsin. Bu səbəbdən və şəhərin xüsusi əhəmiyyətinə görə Gəncədə geniş repressiya dalğası həyata keçirildi. 200-dək insan saxta ittihamlarla saxlanıldı, döyüdü, pulu alındı, xeylisi mühakimə olundu, azı 5 (bəzi mənbələrə görə isə 9) nəfər öldürüldü.

Bunun məqsədi xalqı qorxutmaq, onu hədələmək, ona oxşar addımlarına görə hansı cəzaların tətbiq olunacağını göstərmək idi. Bunu da etdilər. Hətta cinayətkar aləm qaydaları da bu tip cəzalara imkan vermir, amma bizdə özünü hakimiyyət adlandıranlar bir-birinin ardınca bu cür cinayətləri törətməkdə davam edirlər.

Davam edirlər və edəcəklər də, hələ bir qədər də genişləndirəcəklər bunu, çünki əməllərinə adekvat reaksiya görmürlər.
Hakimiyyətin ən miqyaslı və ən qəddar cinayəti isə şübhəsiz ki, Tərtər qətliamıdır. Bu cinayət də heç vaxt araşdırılmayacaq, çünki cinayəti araşdırmalı olanlar onu törədənlərdir. Bu qədər sadə.

Amma Tərtər cinayəti ümummilli məsələdir və bu səbəbdən də xalqa əsas verir ki, o (xalq) özü bunun cavabını versin. Yalnız bu halda həm ədalət bərqərar olacaq, həm qanunçuluq, həm də bütün bu cinayətləri törətmiş cinayətkarlar cəzalandırılacaqlar. Dəxli yoxdur necə, əsas odur ki, cəzasılıq mühitinə son qoyulacaqdır.

Bunu da mövcud şəraitdə yalnız ortaya öz iradəsini qoymağa qadir olan xalq edə bilər.

Ərəstun Oruclu.

Bunu paylaş: