Ərəstun Oruclu: Qazi intiharlarına görə şəxsən nazir Sahil Babayev cavab verməlidir

İkinci Qarabağ Müharibəsi bitəndən bu günədək müntəzəm aldığımız xəbərlər arasında qazilərə olan münasibət xüsusi yer tutur. Haqqını tələb edən qazilərin etirazları, intihar cəhdləri, intiharlar və s. Amma bütün bunlara baxmayaraq Vətən uğrunda sağlamlığını qurban vermiş bu insanların problemləri bu günədək həll olunmur.

Səbəbi də çox sadədir: dövlət qurumlarında hesab edirlər ki, onlar artıq lazım deyillər. Qazilərə qarşı xüsusi amansız münasibət göstərən qurumlardan biri və bəlkə də birincisi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Qazi intiharlarına görə şəxsən nazir Sahil Babayev cavab verməlidir.

Görünür bu qurumun rəhbərləri hələ də anlamaq istəmirlər ki, qazilər onların qohum-əqrabalarına gülləni öz istəkləri ilə deyil, dövlət qarşısında hərbi borcunu yerinə yetirmək üçün atıblar. Ona görə də doğmalarının məğlubiyyətinə görə qısası qazilərdən deyil, onlara bu əmri verənlərdən almalıdırlar. Bunu bacararlarsa əlbəttə.

Belə qazilərdən biri 44 günlük müharibə zamanı qəlpə yarası alaraq sol gözü, burnu və sifətinin bir çox sümükləri zədələnmiş Vüqar İbrahimovdur. Aldığı xəsarət nəticəsində sol gözünü itirən zabitimizin sağ gözündə də görmə zəifləyib, amma buna baxmayaraq 2-ci ildir əlillik ala bilmir. Deyirlər səndə heç nə yoxdur.

Belə görünür, gözünü itirən Vüqar bəy olsa da kor olan onu sosial müavinətdən məhrum edən Sahil Babayevin sahiblik etdiyi nazirlikdir. Nəticədə bu gün 4 övladı olan zabitimiz anası, həyat yoldaşı və özü də daxil olmaqla 7 nəfərlik ailəni ayda 80 manata dolandırmağa məhkumdur.

Nazir təyin olunduğu gündən 100 minədək insanı pensiyadan məhrum edən “qocalmış gənc” ləqəbli Sahil Babayevin bu xalqa düşmənçi münasibəti anlaşılandır, amma təəccüb doğuran başqa qurumların buna susmasıdır. Xeyr, bu məsələdə mənim Tərtər qətliamını törətmiş Müdafiə Nazirliyindən heç bir gözləntim yoxdur.

Söhbət əsasən dövlət başçısınız administrasiyasından gedir, axı qaziləri müharibəyə yollayan İlham Əliyev olub və bu gün onun uğurla inkişaf etdirdiyi (!?) işğaldan azad edilmiş torpaqlar həmin insanların canı, qanı bahasında qaytarılıb. İndi onlara olan borcu qaytarmağın zamanıdır.

Bu məsələdə ən həssas məqam isə mənə müraciət edən Vüqar İbrahimovun özü deyil, onun zabit yoldaşlarının olmasıdır. Vətən Müharibəsində iştirakına və xidmətlərinə görə 6 medal almış zabitimiz haqqının bərpa olunması üçün etiraz etməyi belə öz zabit şərəfinə sığışdırmır.

Kaş onun zabit şərəfinin yüzdə biri qədər ləyaqət hissi onu bu vəziyyətə salmış nazirlərdə olaydı. Bu, yalnız əlçatmaz bir arzudur əlbəttə.
Mövzuya mütləq qayıdacağam, hələlik isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu qurumun qazilərə düşmənçiliyinin səbəbləri ilə bağlı izahatı gözləyək.

P.S.: Vüqar İbrahimovun döyüş və xidmət yoldaşları bildirdilər ki, bir neçə tanınmış şəxsə müraciət etsələr də heç kəs Sahil Babayevə qarşı çıxmaq istəməyib. Qəribədir, elə deyilmi? Sahil Babayev ey….

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın