Ərəstun Oruclu: Qarabağ məsələsinə münasibətlər də fərqlidir

 

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləridir. Bir çoxları bu seçkiləri diqqətlə izləsələr də, hələlik birmənalı proqnoz verənlər görünmür. Bəlkə də bu, seçkilərə bir neçə gün qalmış Gallup İnternational-ın keçirdiyi sorğuların nəticələrilə bağlıdır. Bu yerdə qeyd edim ki, bu qurum son 10 gün ərzində 2 sorğu keçirib və göstərilən rəqəmlər də son sorğunun nəticələrini əks etdirir.

Onun nəticələri isə belədir:
– Robert Koçaryanın “Ermənistan” bloku – 28,7%
– Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası – 25,2%
– Serj Sarqsyanın – “Şərəfimiz” bloku – 10,8%
– “Çiçəklənən Ermənistan” partiyası – 5,4%
– “Dirçələn Ermənistan” partiyası – 5,2%
Digər partiyalar respondentlərin 3%-dən aşağısının səsini alıb.

Qeyd: Seçki bloklarının və partiyaların adlarının dilimizə tərcüməsində yanlışlıqlar olması istisna deyil.

Bu da maraqlıdır ki, rəyi soruşulanların yalnız 51,1% seçkilərdə iştirak edəcəyini bildirib və bir sıra erməni ekspertlərin fikrincə bu, Ermənistanın hərbi məğlubiyyətinin cəmiyyətdə doğurduğu əhvalla bağlıdır. Hərçənd 2018-ci il inqilabından sonra keçirilən seçkilərdə də cəmi 48% seçici iştirak etmişdi.

Ermənistan qanunlarına görə bloklar üçün parlamentə keçid barajı 7%, partiyalar üçün isə 5% təşkil edir. Seçkilərdə 26 partiya iştirak edir ki, onların da azı tən yarısı yalnız formal mövcud olan qurumlardır.

Ermənistan qanunları həm də azı 2 partiya və ya blokun hökumət qurmasına imkan verir. Deməli, həm qanuna əsasən, həm də sorğuların nəticələrinə söykənərək həm Koçaryanın “Ermənistan” bloku, həm də Paşinyanın “Vətəndaş sazişi” koalisiya partnyoru axtarmalı olacaq.

Bu arada onu da qeyd edim ki, bir sıra erməni ekspertləri seçkilərin nəticələrinin yuxarıda göstərilənlərdən xeyli fərqli ola biləcəyini istisna etmirlər. Onlardan bi qrupu “Vətəndaş sazişi”nin gözlənildiyindən daha çox səs toplayacağını, digərləri isə oliqarx Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının hətta “Ermənistan” blokundan çox səs toplaya biləcəyini iddia edirlər.

Qarabağ məsələsinə münasibətlər də fərqlidir. Paşinyan əsas məsələnin Qarabağın statusunun ATƏT-in MQ həmsdrləri çərçivəsində həllinə çalışacağını, Koçaryan isə itirilmiş ərazilərin bir hissəsinin qaytaracağını vəd etsə də, bunu necə edəcəyini demir. 10 noyabr bəyanatına gəlincə, heç bir partiya və ya blok ondan çıxacağını bildirmir.

Nəhayət, hansı formatda koalisyon hökumət qurmağın mümkünlüyü haqda da fikirlər çox ziddiyyətlidir, amma görünən budur ki, bu məsələdə iki aparıcı siyasi qüvvənin şansları heç də bərabər deyil. Nəzəri cəhətdən Putinin dostu olan Koçaryanın “Vahid Rusiyanın” partnyoru olan “Çiçəklənən Ermənistanla” koalisiyası mümkündür. Amma bu, yalnız nəzəri cəhətdən mümkün hesab edilir.

S. Sarqsyanın blokunun hansı mümkün hökumət koalisiyalarında iştirak edə biləcəyini söyləmək çətindir. Bəzi müşahidəçilər bu blokun əsas hədəfinin hələlik parlamentə düşmək olduğunu qeyd etsələr də, sonrakı mərhələdə onun “Ermənistan” blokundan deputatları öz tərəfinə çəkmək niyyətinin olmasını istisna eləmirlər.

Göründüyü kimi, Ermənistanın seçkiqabağı siyasi mozaikası təkcə mürəkkəb deyil, həm də olduqca ziddiyyətlidir. Görünür , elə buna görə də ölkənin birinci prezidenti Levon Ter-Petrosyan tez-tez qarşıdan gələn seçkilərin ölkədə vətəndaş müharibəsi təhlükəsi doğura biləcəyini deyir.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın