Ərəstun Oruclu: “Putin o qədər dərinə gedib ki, artıq istənilən addım ağır itkilər vermək riski yaradır

 

Putin öz ağılsız iddiaları ilə Ukrayna prosesində həm özünü, həm də ölkəsini dalan vəziyyətinə salıb. Elə bir situasiya yaranıb ki, ondan istər müharibə, istərsə də sülh yolu ilə çıxmaq Rusiya üçün uduzmaq deməkdir.

İndiki məqamda uduzmaq isə öz növbəsində dünyanın yeni geosiyasi konstruksiyasının yaradılmasından kənarda qalmaqdır. Bunu Putinə ölkə daxilində kimsə bağışlayan deyil. Başqa sözlə, Putinin şəxsi hakimiyyətinin taleyi tükdən asılıdır.

Belə nəticə gözlənilən idi, çünki əvvəldən də Qərbin Rusiyanı tələyə çəkdiyi aydın görünürdü. Amma tələ də sadə tələ deyildi. Ona görə ki, Moskvanın yaratdığı separatçı qurumlar təkcə Ukrayna deyil, elə Rusiyanın özü üçün də minalanmış sahə idi.

Yegane sual bu idi ki, həmin sahəyə birinci kim ayağını basacaq. Bunu edən də Rusiya özü oldu. İndi vəziyyət təxminən belədir: Putin o qədər dərinə gedib ki, artıq istənilən addım ağır itkilər vermək riski yaradır.

Seçim imkanı da geniş deyil: ya davam edərək daha dərinə getmək, ya da çapalayaraq geriyə çıxmağa cəhd etmək. Hər iki halda batmaq təhlükəsi realdır. Separatçı rejimlər vasitəsilə ölkələri təhdid siyasətinin “bumeranqı” artıq geriyə kurs götürüb. İndi əsas məsələ zamanında ondan yayına bilməkdir. Bu isə ilk növbədə çeviklik tələb edir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın