Ərəstun Oruclu: “Postsovet məkanda monarxiya sancıları: yeni epidemiya yoxsa köhnə qəbilə təfəkkürünün kəskinləşən simptomu?”

 

Öncə xatırladım ki, coğrafiyamızda geniş yayılmış tayfa-klan hakimiyyəti ənənələri müsəlman-şərq fenomeni kimi təqdim olunsa da həqiqətdə bu əcaib idarəetmə parodiyasının mənbəyi SSRİ tarixinin 1960-70 illərdən qaynaqlanır.

Xatirinizdədirsə, bir müddət əvvəl “Biz dövlətimizi niyə qura bilmirik?” silsiləsindən yazılarımın birində 1960-cı illərin sonundan başlayaraq klan hakimiyyətlərinin tətbiqi ideyasının mərkəzdən – Moskvadan gəldiyini göstərmişdim.

Həmin silsilədən olan 5-12 iyun 2021-ci il tarixlərdə Facebookda dərc etdiyim “Klan hakimiyyətinin yaradılmasına Moskva niyə göz yumurdu?” başlıqlı 3 yazımı məhz klan hakimiyyətlərinin hansı zərurətdən gündəmə gəldiyini və necə tətbiq olunduğunu göstərmişdim.

Bunu da əlavə edim ki, hakimiyyətin klanlaşdırılması elə Moskvanın özündən başlamışdı. Lenindən, Stalindən və Xruşovdan sonra Leonid Brejnev ailə üzvləri hakimiyyət ierarxiyasında yer almış ilk sovet rəhbəri idi.

Onun oğlu Yuriy Brejnev SSRİ xarici ticarət nazirinin birinci müavini edilmiş, eyni zamanda Rusiya Federasiyası Ali Sovetinin deputatı və həm də Sov.İKP Mərkəzi Komitəsinin üzvünə qədər yüksəldilmişdi.

Brejnevin digər bir ailə üzvü – kürəkəni Yuriy Çurbanov SSRİ daxili işlər nazirinin birinci müavini idi. Odur ki, hakimiyyətin klanlaşmasının SSRİ-nin müsəlman-şərq respublikaları üçün xarakterik olması iddiası təkcə yalan deyildi, həm də məqsədli dezinformasiya idi.

Elə bu gün də hakimiyyətin klanlaşması istər Rusiyada, istərsə də Belarusda adi haldır. Odur ki, tayfa-klan hakimiyyəti ənənələrinin müsəlman-şərq fenomeni olması və guya xanlıqlar irsindən qaynaqlanması “parçala və hökm sür” texnologiyasının dekorasiyası idi.

Sovet regionçuluğu siyasəti xalqları parçalamaqla tarixin uğursuz eksperimenti olan SSRİ-nin ömrünü uzatmağa xidmət edən primitiv qısamüddətli texnologiya idi.

SSRİ-nin dağılmasında sonra yaranan müstəqil dövlətlərdə də istər idarəetmə, istərsə də hakimiyyət uğrunda mübarizə əsasən klan-ailə-tayfa modelinə söykənirdi və həmin proses bu gün də davam etməkdədir.

Bir o fərqlə ki, bugünkü regional klanlar arasında gedən hakimiyyət uğrunda mübarizə daha şəffafdır. Başqa sözlə, sovet dönəmində olduğu kimi gizlətməyə, maskalamağa ehtiyac qalmayıb.

Məsələn, Rusiyanın ilk prezidenti olmuş Boris Yeltsinin qızının, kürəkəninin və onlara bağlı oliqarxların mübarizəsinin əsas məqsədi hakimiyyəti Putinin Piter (Leninqrad) klanından geri almaqdır.

Putin komandasında təmsil olunanların əksəriyyətinin övladları, həmçinin Belarus rəhbəri Aleksandr Lukaşenkonun da iki oğlu hakimiyyət ierarxiyasında təmsil olunurlar. Azərbaycanda və Mərkəzi Asiya ölkələrində də vəziyyət eynidir.

Fərqli durum az və ya çox dərəcədə rəngli inqilablardan keçmiş Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Qırğızıstan kimi postsovet ölkələrdədir. Burdan da belə qənaətə gəlmək olur ki, klan-tayfa-ailə idarəçiliyi avtoritarizmin təzahürüdür.

Elə onun mənşəyi də (SSRİ) bunu deməyə əsas verir. Modellərin eyni olduğunu nəzərə alaraq ayrı-ayrı ölkələrin mümunələri üzərində dayanmadan klan idarəçiliyinin səbəbləri və onların bugünkü durumu haqqında fikirlərimi bildirmək istərdim.

Ömrünün son 20 ilini klan idarəetməsi hesabına uzatmış SSRİ-nin şinelindən çıxan ölkələrdə məhz klan idarəçiliyinin tətbiqi təbii və qaçılmaz idi.

Əvvəla, ona görə ki, yeni effektiv işləyə bilən ideoloji platformaların qurulması zaman və intellektual resurslar çatişmazlığı səbəbindən mümkünsüz idi, ikincisi də Rusiya SSRİ-dən miras qalmış modelin postsovet ölkələrdə (də) saxlanılmasında maraqlı idi.

Bu, onun həmin ölkələrə təsir imkanlarının əlində qalmasına xidmət edirdi. Elə həmin səbəbdən də bəzi postsovet ölkələrdə milli-azadlıq mübarizəsi dalğasında hakimiyyətə gəlmiş millətçi cərəyanlar qısa zamanda siyasi esteblişmentdən uzaqlaşdırıldı.

Beləliklə də klan-tayfa-ailə idarəçiliyi yenidən, amma bu dəfə müstəqil dövlət olan avtoritar sistemlərin siyasi seçimi oldu. Bunun da əsas xarakterik şərtlərindən biri hakimiyyətin ailə, uzaqbaşı klan daxilində rotasiyası olması idi.

Amma belə idarəçiliyin ayrılmaz atributları olan korrupsiyanın, talançılığın, hakim zümrənin kriminallaşmasının sistemin özünə qarşı çevrilə biləcək təhdidlər olacağı da hər kəsə bəlli idi. Odur ki, rejimlər daim öz statusunu maksimum leqallaşdırmağın yollarını axtarırlar.

Bu, bir növ permanent prosesdir, elə həmin səbəbdən də belə hakimiyyətlərdə istər konstitusiya, istərsə də digər qanunlar kağız parçası olmaqdan başqa heç bir mahiyyətə malik deyil.

Amma öz hakimiyyətinə hüquqi don geyindirmək onların yeganə çalışmaları deyil, çünki hüquq məkanından uzaqlaşma onların opponentlərini də hakimiyyət uğrunda mübarizənin qeyri-hüquqi yollarına əl atmağa ruhlandırır.

Bu isə klan hakimiyyətləri üçün ciddi təhlükə mənbəyidir. Elə bu, səbəbdən də klan hakimiyyətləri daim yeni alternativ modellər axtarışındadır ki, bunlardan biri də hakimiyyətin əbədiləşdirilməsi məqsədilə monarxiyanın tətbiq olunmasının zəruriliyinin ictimai süura yeridilməsidir.

Qeyd edim ki, monarxiyanın tətbiq olunması cəhdləri təkcə Azərbaycan üçün simptomatik deyil. Zaman-zaman belə təkliflər bir çox avtoritar postsovet ölkələrdə də səsləndirilir, o cümlədən də Rusiyada.

Amma burda da problem təkcə onun qanunlarla təsbit olunması ilə məhdudlaşmır, gələcək monarxiyalar üçün əsilzadəlik tarixini də uydurmalı olurlar. Desəm ki, bu istiqamətdə işlər görülməyib, haqsızlıq etmiş olardım.

Maraqlı olarsa bu istiqamətdə Azərbaycanda bəzi “tarixçi-alimlərin” apardığı “araşdırmaları” təqdim edə bilərəm. Hələlik isə bircə misal. Təbii ki, absurdistan coğrafiyasının mərkəzi olan Türkmənistandan.

Bu ölkənin keçmiş başçısı Saparmurad Niyazovun vaxtilə türkmən “tarixçi-alimləri” toplayaraq keçirdiyi müzakirə ölkənin dövlət telekanalında yayımlanmışdı da.

Həmin “elmi-tarixi” müzakirələrdə “alimlər” iddia edirdilər ki, Teymurləng Türkmənistanı işğal edəndə Niyazovun ulu nənəsi 3 gecə əmirin çadırında gecələyib. Gördüyümüz kimi, ”adam” əsilzadəliyini təsbit etmək üçün öz ulu nənəsinə qara yaxmaqdan belə çəkinməmişdi.

Konstitusion monarxiya məsələsinə gəlincə bu, monarxiyanın təkcə konstitusiyada öz təsbitini tapması ilə başa gələcək məsələ deyil, bu halda ən azı konstitusiyanın özü də yalnız kağız parçası olmamalıdır.

Əks halda monarxiya konstitusion deyil, psevdomonarxiya olur. Eynilə bugünkü psevdodemokratiya və ya elə prevdoavtoritarizm kimi. Necə deyərlər, hara çevirsən hər şey yenə də ondan keçir – Əlahəzrət Qanundan. Cəngəllik qanunundan yox, əlbəttə.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın