Ərəstun Oruclu: Paradokslar

 

Paradokslar ölkəsində yaşayırıq və bunun günahkarı da özümüzük. Bunu bilərəkdən bir sutka gözləyib yazıram:
Demək, bir media resursu başqa bir həmkarının (əslində isə vətəndaşın) telefon danışığını yayır və üstəlik də vəkili (digər vətəndaşı) “Sənin də səs yazını yayaram!” deyə təhdid edir.

Digər bir media resursu bununla bağlı Baş Prokurorluğa sorğu verir (onun hansı kontekstdə olması açıqlanmır), prokurorluqdan isə sorğuya cavab olaraq bildirilir ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır. Necə deyərlər, çox əcəb, çox pakizə.

Hərçənd səhv etmirəmsə söhbət bir ilə yaxın mediada durmadan yayılan və Tərtərdə törədilmiş kütləvi vəhşiliklərə, qətllərə susqunluq göstərmiş prokurorluq orqanlarından gedir. Hesab edək ki, həmin dövrdə prokurorluq orqanlarında işləyənlərin kütləvi görmə və eşitmə problemləri olub və bunun üstündən keçək.

Bu gün isə Baş Prokurorluğa xatırladıram ki:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaq qadağan edilir:

Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Odur ki, “cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumatı araşdıran” mötəbər prokurorluq orqanlarından Əvəz Zeynallının telefon danışığının qeyri-qanuni yolla yazılması və yayılması ilə bağlı təhqiqata başlamağı xahiş edirəm!

Mövzuya qayıdacağam.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın