Ərəstun Oruclu: Paradoksal vəziyyətdir. Bəs çıxış yolu nədədir?

 

Son illər ərzində ölkədə törədilən cinayətlərə hakimiyyətin sərgilədiyi yeganə münasibət mütləq susqunluqdur. Xüsusilə də məmurların, rəsmilərin törətdikləri və ya onların əlaqəli olduğu cinayətlərə hüquq-mühafizə orqanları adlandırılan qurumların rəhbərlərindən tutmuş İlham Əliyevədək hamı susur.

Bununla cəmiyyətə demək istəyirlər ki, miqyasından və ağırlıq dərəcəsindən asılı olmayaraq hakimiyyət nümayəndələrinin törətdikləri cinayətlər hər zaman cəzasız qalacaq. Cəzasız da qalırlar ki, bu da həmin tip cinayətlərin daha böyük miqyas almasına şərait yaradır. Nəticə acınacaqlıdır: hakimiyyət daha da kriminallaşır, xalq isə daha da çox əzilir.

Bu isə ölkə üçün ən təhlükəli tendensiyadır. Bir zamanlar qanunun aliliyi uğrunda çalışdığımız ölkədə artıq qanunun özü yoxdur. Belə şəraitin adı dərəbəylikdir, özbaşınalıqdır. Amma hakimiyyətin də bu durumu yaratmaqda öz məntiqi var: o, bilir ki, artıq indiyədək etdikləri xalqın nifrətini qazanması üçün tam kifayət edib.

Deməli, bundan sonra xalqı ya aldatmalıdır (məsələn, ucuz vətənpərvərlik təbliğatı ilə), ya da bu tükənəndə onunla güc vasitəsilə danışmalısan. Belə yanaşma da təkcə hüquq-mühafizə orqanları adlandırılan cəza dəstələrinin daim gücləndirilməsini deyil, həm də onların əməkdaşlarının istənilən cinayət əməlinə görə cəzasız qalmasını tələb edir.

Baş verən də elə budur. Hələ də sadəlövhlükdən çıxa bilməyən vətəndaşlar isə “ətrafi pisdir, özü yaxşı”, “xəbəri yoxdur, bilsə cəzalandırar” kimi yalançı tezislərə istinad edirlər. Əslində onların bir çoxu heç özü də inanmır buna, amma bir hissəsi belə tezislərlə özünə təskinlik verərkən, digəri bununla öz qorxu hissini pərdələməyə çalışır.

Amma Azərbaycan cəmiyyətində təkcə hakimiyyət qarşısında qorxu hökm sürmür, insanların əksəriyyətinin daxilində qorxunun xofu kök atıb. Bu köklər ictimai şüurda o qədər dərinə işləyib ki, 100 manata və ya təhqirə görə yaxın qonşusunu, hətta dostunu özü cəzalandıran azərbaycanlı ailə üzvünə qarşı zorakılıq, qətl törədən hakimiyyət nümayəndəsindən şikayət etməyə üstünlük verir.

Bir növ, cinayətkardan zərər çəkən vətəndaş ədalətin bərpa olunması üçün daha böyük cinayətkara üz tutur.
Paradoksal vəziyyətdir, elə deyilmi? Bəli! Bəs çıxış yolu nədədir? Cavab oduqca sadədir: vətəndaşın və bütövlükdə cəmiyyətin sadə həqiqəti anlaması, qəbul etməsi və ona qarşı çıxması.

Həmin sadə həqiqət isə belədir: sənin torpağına, həyatına qəsd edən xarici ölkə düşməndirsə, o zaman sənin hüquqlarını, azadlığını, əmlakını, bir tikə çörəyini, övladının gələcəyini, sağlamlığını, bəzən elə həyatını alan, üstəlik də qürurunu, ləyaqətini, bəzən isə hətta namusunu ayaqları altına atan kimdir?

“Nə etməli?” sualının cavabı da elə bundadır.

Ərəstun Oruclu
Şərq-Qərb Analitik Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın