Ərəstun Oruclu: Niyə DİN, Prokurorluq, DTX “ölkədə sabitliyi pozmaq məqsədilə cinayətlər törədənləri” tapıb üzə çıxarmır?

Yüksək əminliklə demək olar ki, Bəxtiyar Haciyevə və Aytən Məmmədovaya qarşı törədilmiş cinayətlər də açılmayacaq. Ən yaxşı halda “məlum olacaq” ki, Bəxtiyar Hacıyev ona qarşı törədilənləri özü edib, Aytən Məmmədova isə dırnağı ilə özünə xəsarət yetirib. Tofiq Yaqublu “başını maşına çırparaq özünə xəsarət yetirdiyi” kimi.

Amma məsələ bununla bitsəydi “buna da min şükür” deyib sakitləşmək olardı. Bəla burasındadır ki, o, şans da bizə verilməyəcək, çünki cinayətlər silsiləsi davam edəcək. Haşiyə çıxaraq bunu da deyim ki, baş verənləri “ölkəni qarışdırmaq istəyənlər var” kimi təsbit etmək qədər əsassız ikinci bir “arqument” yoxdur.

Ona görə ki, əgər həqiqətən belə olsaydı o zaman ölkədə ictimai asayişə cavabdeh olan DİN və milli təhlükəsizliyə görə məsuliyyət daşıyan DTX həmin o, “ölkəni qarışdırmaq istəyənləri” bircə günün içində tapıb həbs edərdi. Ədalət naminə deyim ki, hər iki orqanın bunu etmək iqtidarında olmasına zərrə qədər də şübhəm yoxdur.

O zaman sual olunur ki, bəs problem nədir? Niyə DİN, Prokurorluq, DTX “ölkədə sabitliyi pozmaq məqsədilə cinayətlər törədənləri” tapıb üzə çıxarmır. Cavab sadədən də sadədir: ona görə ki, bütün bu cinayətlərin ifşa olunması üçün siyasi qərar olmalıdır. Ona görə ki, onların hamısı siyasi xarakterli cinayətlərdir.

Ona görə ki, həmin cinayətlərin hamısının sifarişçiləri hakimiyyətin daxilindəki bu və ya digər qrupların nümayəndələridir. Cinayətin motivi deyilən bir şey var. Məsələn, Aytən Məmmədovanı təhdid edən cinayətkar kiçik Nərminlə bağlı məhkəmədən yazmamağı tələb edirsə burda motiv kim(lər)insə ifşasının qarşısını almaqdır.

Həmin kimlər isə hakimiyyətdəki nüfuzlu qruplardan birinə bağlı olan yüksək vəzifəli şəxslərdir. Amma Jurnalisti təhdid etmək hətta həmin işdə adı hallanan generalın da təşəbbüsü ola bilməz, çünki bunun ictimai effekt doğuracağı hətta ən harın, ən qudurğan, ən kütbeyin generala da bəllidir. Buna görə isə onu məhv edərlər.

Ona görə ki, belə özbaşınalıq artıq siyasi hakimiyyətə təhdid yaratmaq deməkdir, çünki ictimai reaksiyanın haraya qədər gedə biləcəyini heç kim proqnozlaşdıra bilməz. Deməli, bu cür təhdidlərə qərar da ən azı həmin qrupun başçıları səviyyəsində verilə bilər. Bu halda da cəzalandırılmalı olan qərar verənlər olmalıdır.

Amma siyasi hakimiyyətin ən müxtəlif pillələrində kök atmış cinayətkar qrupları silkələməyin hakimiyyətin özü üçün riskli olduğunu düşünərək həmin cinayətləri nəinki açmırlar, heç onların açılması barədə belə düşünmürlər. Üstəlik sadalanan cinayətlər ölkədə qorxu yaratmaqla həm də ümumi maraqlara xidmət edir.

Azərbaycanda həm miqyasına görə, həm də ictimailəşdirilməsi, ifşa olunması baxımından ən dəhşətli cinayət Tərtər qətliamıdır. Bu günlərdə onun törədilməsindən artıq 5 il keçir. İllərdir qətliam qurbanları cinayətin tükürpədici detallarını cəmiyyətə çatdırsalar da ölkənin siyasi hakimiyyəti bunların hamısını qulaqardına vurur.

Siyasi hakimiyyəti ona görə yazdım ki, Azərbaycanda təkcə iqtisadi resurslar deyil, siyasi hakimiyyət və dövlət orqanları da inhisara alınıb. Deməli, cinayətin həm törədilməsinə, həm də açılmasına görə məsuliyyəti də siyasi hakimiyyət daşıyır. Başqa sözlə, cinayəti ifşa etməli olanlar onu törədənlərdir.

Nə qədər paradoksal səslənsə də belədir. İşgəncələri, zorlamaları, qətlləri icra edən qatillərı nəzərə almadan apardığım hesablamalara görə Tərtər qətliamında iştirak etmiş hakimiyyət nümayəndələrinin sayı 250 nəfərə yaxındır. Siyahıya nazirlər, prokurorlar, hakimlər, müstəntiqlər, müxtəlif ranqlı komandirlər və digərləri daxildir.

Saxta rəy verimiş həkimləri, cinayətdə az və ya çox iştirakı olan onlarla polis əməkdaşını, qətliam qurbanlarının ailələrini təhdid etmiş icra hakimiyyəti nümayəndələrini və digər cinayət əməllərində iştirak etmiş müxtəlif ranqlı məmurları də bura əlavə etdikdə rəqəm ən azı 3 dəfə artacaq. Hələ dövlət rəhbərliyində olanları demirəm.

Ən əsas da budur ki, həmin cinayətkarların yalnız 10-15 nəfəri bu gün iş başında olmasa da, mütləq əksəriyyəti nəinki yüksək vəzifələrdə qalmaqdadır, hətta xeyli böyüdülüb və mükafatlandırılıb. Nəhayət, ən simptomatik olan isə qatillərin, cinayətkarların vəzifədə, rütbədə yüksəldilməsinin bu gün də davam etməsidir.

Belə olduqda hakimiyyət və o cümlədən də siyasi hakimiyyət həmin cinayətləri necə ifşa edə bilər və ümumiyyətlə ifşa etmək istəyərmi? Əlbəttə ki, istəməz və gördüyümüz kimi istəmir də. İstəməyəcək də, ona görə ki, bu halda hakimiyyət “Əsrin cinayətini” törətdiyini etiraf etmiş olacaq. Bunu isə o, heç zaman etməyəcək.

Belə çıxır ki, cinayətin açılmaq şansı yoxdur? Əlbəttə ki, var və bu yalnız bir halda mümkündür: xalq bunu istədikdə, buna qərar verdikdə və verdiyi qərarı özü icra etdikdə. Həm də ona görə ki, sadalanan cinayətlərin hamısı elə xalqa qarşı törədilib. İstər Tərtər qətliamı olsun, istərsə də Baxtiyar Haciyevin oğurlanması, fərq etməz.

May ayını “Tərtərə Ədalət Hərəkatı” matəm ayı elan edib. Matəm dedikdə söhbət əsla təkcə qətlə yetirilənlərin xatirəsini yad etməkdən, onların ailələrinə baş çəkməkdən və məzarlarını ziyarət etməkdən getmir. Belə görünür ki, həm də davamlı aktiv addımlar atılacaq. Məsələn, etiraz aksiyaları.

Amma görünən həm də budur ki, törədilmiş digər cinayətlərə qarşı da etirazlar qaçılmaz olacaq. Belə cinayətlərin sayı onlarla, onların qurbanlarının sayı isə minlərlədir. Görünür, uzun müddətdir hakimiyyətə “Tərtər cinayətini açmasanız o, sizi bitirəcək” deyə səslənəndə bunun blef və ya populizm olduğunu düşünürlərmiş.

Elədirsə, onda yalnız “keçmiş olsun!” demək qalır.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın