Ərəstun Oruclu: Nələri araşdırıb bilməliyik, nədən danışmalıyıq…

 

Elə məsələlər var ki, əvvəl münasibət bildirmək istəyirsən, sonra bununla xırda, mənasız müzakirələrə çəkildiyini anlayırsan və susursan. Bir də baxırsan ki, həmin mövzu(lar) gündəm olub.

Bu qaydaya riayət edərək kiçik hisslərdən, emosiyalardan xilas olub ölkə və xalq üçün ciddi əhəmiyyət kəsb edən böyük məsələləri dərindən araşdıra bilsək, bəlkə də irəliləyişə nail ola bilərik.

Məsələn, verilən məlumata görə Putinlə Əliyevin görüşündə iki ölkə arasında bir neçə istiqamətlə əməkdaşlığı inkişaf etdirmək haqda razılıq əldə olunub. Putin onu da bildirib ki, yaxın zamanlarda iki ölkə arasında əməkdaşlığa dair Rusiyadan xüsusi nümayəndə heyəti Azərbaycana gələcək və bütün bu məsələlərlə yerində məşğul olacaq.

Söhbət sənayedən, nəqliyyatdan, infrastrukturdan və hətta humanitar məsələlərdən gedir. Humanitar məsələlər demiş, Əliyev fəxrlə 15 min azərbaycanlı gəncin Rusiyada təhsil aldığını vurğulamaqla Azərbaycanın bu sahədə hətta sovet respublikası olduğu dövrdəki göstəriciləri də üstələdiyini bildirib.

Əliyev növbəti dəfə Azərbaycandakı rus məktəblərinin sayı ilə qürrələnməyi də unutmayıb.
İnanıram ki, bunların ölkənin və xalqın gələcəyi üçün nə demək olduğunu əksəriyyətimiz çox yaxşı, qalanlarımız isə yaxşı anlayırıq.

Anlayırıq, amma nədənsə Van Dammın azərbaycanlı gəlinini, Allahşükür Paşazadənin fətva söhbətini, jurnalistlər üçün tikilmiş evi müzakirə etməyə daha çox üstünlük veririk.
Hə, bir də Zəngəzuru hökmən götürəcəyik. Yəqin ki, Ağdərədən, Xocavənddən, Xocalıdan və Xankəndidən sonra.

P.S.: Plutarx “Böyük Katonun həyatı” kitabında yazırdı ki, Mark Porsiy Katon Senatda bütün çıxışlarını “Bundan başqa düşünürəm ki, Korfagen hökmən dağıdılmalıdır” kəlməsilə bitirirmiş.
Düzdür, sonda romalılar Korfageni tutub həqiqətən darmadağın elədilər.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın