Ərəstun Oruclu: Nəhayət, gözlədiyimiz və baş verəcəyi haqda dönə-dönə xəbərdarlıq etdiyimiz mərhələ gəlib çatdı

Nəhayət, gözlədiyimiz və baş verəcəyi haqda dönə-dönə xəbərdarlıq etdiyimiz mərhələ gəlib çatdı: Azərbaycan ölkə, dövlət və cəmiyyət olaraq sosial böhranın dönməz nöqtəsinə çatdı. Bunu əsla sevinclə yazmıram, çünki belə vəziyyət istər yaxın, istərsə də uzaq gələcək üçün ümidverici heç nə vəd etmir.

Sosial böhran nədir və o, nədən qaynaqlanır, niyə baş verir? Bu, əsla mənim sahəmə aid məsələ deyil, sosioloqların araşdırmalı və izah etməli olduğu mövzudur. Amma təəssüf ki, bizdə müasir dünyanın tələblərinə cavab verən səviyyədə sosioloji mərkəzlər yoxdur və onların yaranmasına imkan da verilməyib.

Başqa sahələrdə olduğu kimi burda da vəziyyət acınacaqlıdır.
Sosial böhranın yetişməsi səbəbləri haqqında minlərlə dərin araşdırmalar var, amma əvvəla, dediyim kimi, bu sahənin mütəxəssisi olmadığımdan və yazının qəliz alınmaması üçün əsas səbəb (amillər) və nəticələrə toxunacağam.

Amma öncə sosial böhranın nə olduğuna lakonuk şəkildə aydınlıq gətirək: sosial böhran fərdlərin və ya bütövlükdə cəmiyyətin ardıcıl hadisələr nəticəsində gələcəyini müəyyən edən dönüş mərhələsinə daxil olma nöqtəsidir. Daha sadə dildə desək bu, artıq keçmişdə baş verənləri aradan qaldıra bilməyəcəyimiz və həm də gələcəyi müəyyən edəcək mərhələdir.

Başqa sözlə, sosial böhran cəmiyyət və dövlət institutlarının sınma mərhələsidir. Bu gün bizdə baş verən də elə budur və sosial böhran birdən (qəflətən) üstələmədi. Bu, illər boyu yetiş(diril)ən vəziyyətdir. COVİD-19 pandemiyası və onunla bağlı baş verənlər, ardınca da 44 günlük müharibə bunun səbəbləri deyildi. Daha doğrusu, əsas səbəbləri deyildi.

Başlıca səbəb uzun illər ərzində ölkədəki onsuz da kövrək durumda olan dövlət və cəmiyyət institutlarının sistemli şəkildə məqsədli dağıdılması idi. Bəli, məhz məqsədli dağıdılması, çünki belə institutların spontan (öz-özünə) dağılması üçün onilliklər, bəzən isə yüzilliklər tələb olunur. Bizdə isə bu, cəmi 10-15 ildə “baş verib”.

Dövlət və cəmiyyət institutlarının dağıdılması isə ona görə baş verdi ki, bunu ölkədə səlahiyyət sahibi olan və əllərində dövlətin bütün resurslarını cəmləmiş kiçik bir qrup istəyirdi. Bunun mümkün fəsadlarını necə, görə bilirdilərmi, bu suala cavab vermək çətindir. Amma bir qədər sonra çalışacağam buna mümkün qədər izahat verim.

Beləliklə, ölkədə dövlət institutlarının sıradan çıxarılması və cəmiyyətin oturuşmuş modelinin dağıdılması paralel gedirdi ki, bu da vəziyyətin daha qəliz olacağının əlamətləri idi. Bunu da illər öncə deyirdik, amma təəssüf ki, ya deyilənlər ciddiyə alınmırdı, ya da “uşaq neqativizminə” yoluxmuş ölkə rəhbərliyi sanki acığa düşüb deyilənlərin tam əksini edirdi.

Amma ən faciəvisi budur ki, bu gün də inadkarlıqla eyni xətti davam etdirirlər. Bu nədir: artıq gözünün önündə olanı görə bilməmək (korafəhimlik) yoxsa bilərəkdən dağıtmağa (düşmənçilik) davam etmək? İkinci inandırıcı görünmür, hərçənd hakim zümrədə belələrinin (düşmən) olduğunu da istisna eləmirəm. Daha doğrusu, bilirəm ki, belələri də var!

Böhranın əsas mənbəyi onsuz da yetkin olmayan Azərbaycan Konstitusiyasının bir ailənin marağına uyğun olaraq 20 ildə 4 dəfə dəyişdirilməsi və sonda onun “kağız parçasına” çevrilməsi olub. Bəli, bugünkü böhranın əsas səbəbi ölkənin anayasındadır. Daha doğrusu, Konstitusiya adlanan kağız parçasında.

Məhz yuxarıda qeyd etdiyim “konstitusiya islahatları” nəticəsində ölkədə başlıca prinsip – hakimiyyət bölgüsü tam pozuldu. Halbuki o, heç əvvəl də ideal vəziyyətdə deyildi. Nəticədə durmadan güclənən icra hakimiyyətinin əlində cəmlənən qanunverici və məhkəmə hakimiyyəti dekorativ qurumlara çevrildi.

Bu da icra hakimiyyətinin özünü ələ keçirmiş kriminal ünsürlərin marağında idi və həmin andan başlayaraq dövlət anlayışının özü tənəzzülə uğramağa başladı. Ölkədə balans pozuldu, sosial müdafiə və sosial təminat mexanizmləri çökdürüldü, ölkə dövlət və hakimiyyət anlayışlarının hərfindən belə xəbəri olmayanların əsarətinə keçdi.

Amma qeyd etdiyim kimi, paralel olaraq cəmiyyətin münasibətlər sisteminin sütununu təşkil edən və təbii (dialektik) yolla formalaşmış cəmiyyət institutlarının da dağıdılması baş verdi. Uçüncü müstəvidə isə vətəndaş cəmiyyəti instutlarının – siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, medianın və s. qurumların sonu gətirildi.

Bütün bu, qurumlar isə oyuncaq “alternativlərlə” əvəzləndi. Bu da azmış kimi ölkədə əsrlərdən bəri formalaşmış (pis və ya yaxşı, bu, başqa müzakirənin predmetidir) ənənələr və münasibətlər mexanizmləri də sıradan çıxarıldı. İstənilən cəmiyyət üçün vacib olan mənəvi dəyərlər sistemi deqradasiyaya uğradıldı.

Beləliklə də ölkə kiçik bir təlatümlə üzləşmə nəticəsində sarsılacaq vəziyyətə gətirildi, amma muzdlu təbliğat vasitəsilə insanları baş verənlərin tam əksinə inandırmağa çalışdılar və bir sıra hallarda da buna nail ola bildilər. Amma bu, yaradılmış vəziyyətdən çıxış yolu deyildi və ola da bilməzdi.

Təsvir etdiyim belə bir şəraitdə sosial-iqtisadi tənəzzül, təhsil və səhiyyə sisteminin çökməsi, rasional idarəetmənin mümkünsüzlüyü artıq səbəblər deyil, nəticələr idi. COVİD pandemiyası və 44 günlük müharibə isə qeyd etdiyim kimi, yetişməkdə olan sosial böhranın son akkordları, onun sürətlənməsini təmin edən amillər idi.

Yadımdadır, müharibədən sonra çağırışlar edib deyəndə ki, Azərbaycan cəmiyyəti artıq dəyişdi və onu köhnə qaydalarla idarə etmək mümkün olmayacaq elə bir çox həmvətənlərimiz sarkazmla sual verirdilər ki, bəs nə oldu? Anlaşılandır, insanlar daha sürətli dəyişikliklər istəyirlər, amma cəmiyyətin inkişaf qanunlarının öz zaman intervalı var.

İndi həmin suala cavab verə bilərəm və əslində bayaqdan dediyim də budur: artıq cəmiyyət dəyişdi və indi o, özü ölkəni də, dövləti də dəyişməyə başlayır. Çünki zamanında bunu etməli olanlar ya etmədilər, ya da etmək istəmədilər. Halbuki belə şanslar var idi və prosesi idarə olunan şəkildə ağrısız həyata keçirmək mümkün idi.

Mümkün idi, amma artıq mümkün olmayacaq, çünki gecdir. Klanlaşmış, kriminallaşmış, korrupsiyalaşmış dövlət və hakimiyyət strukturları ilə bunu etmək qeyri-mümkündür. Əslində heç belə istək bu gün də görünmür. Burdan da belə qənaətə gəlmək olar ki, hakim zümrə nə baş verdiyini həqiqətən anlamır.

Buna əmin olmaq üçün də hər kəs 5-6 yüksək vəzifəli istənilən dövlət nümayəndəsini götürüb özü üçün müəyyən edə bilər: məsələn, Əli Əsədov, Cahangir Əsgərov, Səfər Mehdiyev, Cavid Qurbanov, Zakir Həsənov, Xanlar Vəliyev kimi kadrlarla hansı nəticəyə nail olmaq mümkün idi? Əlbəttə ki, ən yaxşı halda elə bugünkü.

Odur ki, indi ölkənin yeganə dəyişmək şansı aşağıdan dəyişiklikdir, amma burda da vəziyyət heç ürəkaçan deyil. İllər boyu kritik vəziyyətlərdə cəmiyyəti idarə edə biləcək, onu düzgün istiqamətə yönəldə biləcək bütün (insan) resursları sıradan çıxarılıb. Bunun hansı yollarla edildiyini hamımız detalları ilə bilirik.

Kritik vəziyyətlərdə isə xalqı iki zümrə idarə edə bilər: güvən, inam, etimat qazanmış liderlər və ya radikal avantüristlər. Bizdə birinci zümrə az qala tam olaraq sıradan çıxarılıb. Odur ki, “ümid” ikincilərə qalır, onların da haraya aparacaqlarını deyə bilmək üçün peyğəmbərlik iddiasına düşməyə ehtiyac yoxdur.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın