Ərəstun Oruclu: Nə qədər ki, heç olmazsa hər üçüncü insan ölkənin onun olduğunu dərk və qəbul etməsə heç nə dəyişən deyil

 

“Pandora papers” məsələsinə münasibət bildirmək fikrim yox idi, yoxdur və olmayacaq da. Amma son zamanlar qəribə bir fenomenlə üzləşirik: bəzi izləyicilər israrla bu və ya digər məsələyə münasibət bildirməyi tələb edirlər. Bəli, xahiş yox, tələb edirlər və münasibət bildirmirsənsə deməli,…. Burdan o yana zəngin təxəyyül işə düşür.

Öncə deyim ki, istənilən məsələyə münasibət bildirib-bildirməmək və ya necə münasibət bildirmək hər kəsin şəxsi işidir. Mənim münasibət bildirməməyimin isə çox sadə səbəbi var. Hələ 2010-cu ilin martında Müsavat partiyasının qərargahında “Əliyevlərin Dubay mülkləri” mövzusunda dəyirmi masa keçirilirdi.

Həmin tədbirdə ölkənin ictimai-siyasi kəsiminin ən aparıcı şəxsləri iştirak və çıxışlar etdilər. Ən kəskin fikirlər söylənildi, o zaman indikindən dəfələrlə geniş imkanları olan media günlərlə bu haqda yazdı və s. Amma nə oldu? Heç nə!

Ardınca onlarla belə ifşalar oldu, 2 mlrd dollardan yuxarı məbləği əhatə edən “Azerbaijani laundromat” qalmaqalı, 8 milyardlıq “Avropa oyunlar”, Beynəlxalq Bankdan oğurlanan milyardlarla dollar və s. və s. Nə oldu? Heç nə!
Bunun ardınca MTN rəhbərliyinin çoxmilyardlıq maliyyə və digər cinayətləri. Nə oldu? Yenə heç nə!

Bunların hamısına necə deyərlər, geninə-boluna və ən kəskin şəkildə münasibət bildirdik. Nəhayət, tükürpədici Tərtər qətliamı. 4 ildir bu haqda yazırıq, danışırıq, son 6-7 ayda isə bu haqda hər gün danışılır, özü də danışanlar zərərçəkənlər və öldürülənlərin ailə üzvləridir. Ölkədə vəhşilik miqyasna görə ağır terror aktına bərabər cinayət törədilib. Və? Yenə də heç nə!

Yox, burda irəliləyiş var, amma baxır hansı tərəfə. Məsələn, birinin ya özünü ağıllı və bilgili göstərmək istəyindən, ya da kiminsə sifarişindən qaynaqlanan öldürülənlərin guya həqiqətən casusluq etməsi haqqında sərsəmləməsini yüzlərlə, bəzən isə minlərlə insan bəyənir. Hələ üstəlik paylaşırlar da. Qısası…

Qısası belədir: nə qədər ki, Azərbaycanda hakimiyyətin oğru, quldur, talançı, çapıcı, qatil, rüşvətxor, korrupsioner olması bir çoxları tərəfindən norma kimi, mütləq əksəriyyət tərəfindən isə ona aidiyyatı olmayan məsələ kimi qəbul ediləcək nəsə deməyin, yazmağın da mənası yoxdur. Heç oğurlanan sərvətin yüz milyon və ya 8 milyard olması da önəmli deyil.

Nə qədər ki, heç olmazsa hər üçüncü insan ölkənin onun olduğunu dərk və qəbul etməyəcək heç nə dəyişən deyil. Daha doğrusu dəyişəcək, amma daha da pisə doğru. Odur ki, özünə təskinlik vermək istəyənlərə tez-tez “Buna da min şükür” deməyi tövsiyyə edirəm.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın