Ərəstun Oruclu: Moskvanın cinayətlərinə bəraət qazandıran Azərbaycandakı Rusiya 5-ci kolonunun xeyli hissəsini açıb göstərdi

Ukraynaya qarşı başladılan cinayətkar müharibə bizim üçün də bir çox məqamları (təkrar) üzə çıxardı. İlk növbədə o, Moskvanın cinayətlərinə bəraət qazandıran Azərbaycandakı Rusiya 5-ci kolonunun xeyli hissəsini açıb göstərdi. Azərbaycanın da hədəfdə olduğunu nəzərə alsaq, bunu daim diqqətdə saxlamalıyıq.

“Biz” dedikdə söhbət heç də dövlətdən və onu idarə edən hakimiyyətdən getmir, çünki onun özünün yarısından çoxu həmin 5-ci kolonun nümayəndələrindən ibarətdir. Burda söhbət ilk növbədə ölkənin və xalqın taleyini düşünən ayrı-ayrı fərdlərdən, rəy liderlərindən və fəal vətəndaş qruplarından gedir.

İkinci, Rusiyanın Ukraynada törətdiyi cinayətlərlə və onun özünün, sonra da əlaltılarının Azərbaycanda törətdiklərinin paralel təhlilini aparmalıyıq. Burda isə oxşarlıqlar yetərincə olacaq. Rusiya hərb maşınının Ukraynaya qarşı apardığı hibrid müharibənin acı təcrübəsi bizim üçün dərs olmalıdır, çünki növbə bizə də çata bilər…

Burda bəzi faktlara istinad etməli olacağam: Ukraynaya qarşı Rusiya təcavüzü başlayanda (2014-cü il) bu ölkənin ordusunda 8 minədək tank olub, 2022-nin fevralında Rusiya hucum edəndə isə tankların sayı təxminən 1.200 idi. 2014-2019 illərdə Ukraynadakı Rusiya 5-ci kolonu ölkənin müdafiə qabiliyyətini sarsıtmaqla məşğul olub.

Nəticədə ölkənin silahlı qüvvələrinin BQ rəisi Volodimir Zamana daxi onlarla yüksək rütbəli peşəkar hərbçisi ordudan kənarlaşdırılıb. Krımın işğalı və ilhaqı nəticədinfə Ukrayna faktiki hərbi-dəniz qüvvələrindən məhrum edilib. Eyni addımlar da ölkənin hərbi-hava qüvvələrinə qarşı atılıb və bunlar ordudakı 5-ci kolonun əlilə edilib.

Ukrayna ordusundakı peşəkar generalların bir hissəsi ölkənin hərbi prokurorluğu tərəfindən açılmış saxta cinayət işləri vasitəsilə ləkələnərək, ruhdan salınaraq ordu sıralarından uzaqlaşdırılıb. Orduda korrupsiya üçün münbit şərait yaradılıb. Bununla yanaşı ölkənin hərbi-sənayesi əsaslı şəkildə dağıdılıb.

Halbuki, Ukrayna SSRİ dönəmində nəhəng hərbi sənayeyə malik olmuşdur. Bütün bunlarınn nəticədəsində Ukrayna ordusunun və bütövlükdə dövlətinin müdafiə qabiliyyəti əsaslı şəkildə sarsıdılıb. Amma göstərilən pozucu əməllər Ukraynanın müxtəlif hakimiyyət qurumlarına yerləşdirilmiş agentlər olmadan mümkün deyildi.

Hələ 2015-16 illərdə alman və ingilis mütəxəssislər Rusiyanın Ukraynaya qarşı hibrid müharibə apardığı haqda onlarla geniş təhlillər dərc etmişdilər. Həmin təhlillərdə hibrid müharibənin müəllifinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeriy Gerasimov olduğu göstərilirdi.

“Gerasimov doktrinası” adlanan və (həm də) Ukraynada sınaqdan keçirilən hibrid müharibə ölkənin təkcə hərbi deyil, həm də texnoloji, iqtisadi, informasion və mədəni təxribatlara məruz qoyulmasından ibarət olub. Bu da 2022-ci ildə başladılan işğalçı müharibəyə hazırlıq mərhələsi kimi qəbul edilməlidir.

Həmin hibrid müharibənin nəticəsində Ukrayna ordusu və dövləti 2020-ci ildə elə vəziyyətə gətirilmişdi ki, ölkənin işğalı asanlıqla baş tutmalı idi. Amma Volodimir Zelenskinin hakimiyyətə gəlməsindən və xüsusilə də Azərbaycanın 44 günlük müharibəsindən sonra Ukraynada hərbi sahədə əsaslı dəyişikliklərə başlanıldı.

NATO ölkələrindən dəvət olunan təlimatçıların iştirakı ilə on minlərlə Ukrayna hərbçisi Rusiyanın başladacağı açıq savaşa hazırlandı, ölkənin silahlı qüvvələrinin real olaraq NATO standartlarına keçidinə start verildi, ordu Türkiyə, ABŞ və Böyük Britaniya istehsalı olan müasir texnoloji silahlarla təhciz olunmağa başladı.

Ən başlıcası isə Ukrayna ordusu fərqli döyüş taktikasına hazırlandı. Nəticə bəllidir: bütün hücum silahlarında Ukraynadan sayca ciddi üstünlüyə, hücum üçün zəruri olan ölkə ərazisində iki qondarma respublikaya (hərbi dildə desək, “platsdarma”) və Krım kimi bazaya malik olmasına rəğmən Rusiya ordusu faktiki iflasa uğradı.

Ukraynada, onun ətrafında baş verənlər Avropa, ABŞ və bütövlükdə NATO hərbi analitiklərinin diqqət mərkəzində olsa da, Azərbaycan bu mənada diqqətçəkən olmamışdır. Halbuki, eyni hibrid müharibə də sinxron olaraq Azərbaycana qarşı başladılmışdı. Bunun çoxsaylı əlamətləri azı iki ildir ölkə gündəminin müzakirə predmetidir.

2014-cü ildən başlayaraq Azərbaycanın HDQ-nin dağıdılması, 2017-ci ildə Tərtərdə orduya ikinci sarsıdıcı zərbənin endirilməsi, daha sonra Rəşad Atakişiyevin idarə etdiyi təyyarənin vurulmasının ardınca bütün bu cinayətləri icra edən hərbi prokurorluğun ölkənin HHQ-ni dağıtmaq cəhdi hibrid müharibənin elementləri idi.

Paralel olaraq orduda hərbçilərin hərbi prokurorluq orqanları tərəfindən ən müxtəlif bəhanələrlə davamlı olaraq repressiyalara məruz qoyulması, onların saxta ittihamlarla həbsi, Türkiyə təhsilli zabitlərin sistemli şəkildə sıxışdırılması ordu rəhbərliyinə yerləşdirilmiş agentura şəbəkəsinin planlı fəaliyyətinin nəticəsi idi.

Amma həmin cinayətlərin istisnasız olaraq hamısının bu günədək cəzasız qalmasının təmin olunmasında ölkənin dövlət və hakimiyyət orqanlarına yerləşdirilmiş geniş agentura şəbəkəsinin rolu danılmazdır. Məhz həmin şəbəkə bu gün də öz cinayət şəriklərini inadkarlıqla himayə etməkdədir.

Belə rahat fəaliyyət isə yalnız bir halda – şəbəkəni idarə edən xarici ölkənin – Rusiyanın təsiri nəticəsində mümkün ola bilərdi və belə də var. Bu da öz növbəsində Azərbaycanın da hədəfdə olmasına işarədir. Odur ki, son günlər Azərbaycanın ünvanına Rusiyadan səsləndirilən açıq təhdidlər təsadüf kimi dəyərləndirilməməlidir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın