Ərəstun Oruclu: Media sahəsində uzağa getmişik, amma…

 

Müasir dünayada ən təsirli alətlərdən birinin media olduğunu desəm, yəqin ki, heç kimi təəccübləndirmərəm. Elə buna görə də ölkə müstəqil olandan sonra qısa zamanda yaranmış azad medianı qısa zamanda da məhv elədilər. Özü də ən müxtəlif yollarla elədilər bunu: kimisə satın almaqla, kimisə həbs etməklə, kimisə öldürməklə, kimlərisə də ölkədən qovub çıxarmaqla.

Bunu da necə deyərlər, “yolüstü” eləmədilər. Nələr törədəcəklərini yaxşı bilirdilər və onu da bilirdilər ki, media onların cinayətkar əməllərini ifşa edəcək. Ona görə də zamanında zəruri tədbirlərini gördülər. Nəticədə bu gün nəinki xalqın ağrı-acılarını işıqlandıran, heç hadisələri normal təhlil və hətta təqdim edə bilən media da yoxdur ölkədə.

Söhbət tək-tək media resurslarından getmir, onlar var, amma media institut olaraq yoxdur. Media adlandırılanların da böyük əksəriyyəti ən aşağı standartların tələblərinə belə cavab vermir. Siyasətimiz, ictimai sektorumuz kimi, mediamız da qalıb ayrı-ayrı fədakar insanların ümidinə. Ümumiyətlə, Azərbaycanda bütün sahələr belə insanların ümidinə qalıb. Təəssüf ki…

Demək, aparıcı telekanallardan müntəzəm izlədiyim Al Jazeera English və BBC-dir. Ona görə ki, hər ikisi hadisələri ətraflı və müxtəlif rakurslardan təqdim edir ki, bu da situasiyanı anlamaq və təhlil etmək üçün son dərəcə önəmlidir. Yəni bir növ təhlil üçün hazır material verirlər. Xüsusilə də Al Jazeera.

Buna dünən bir daha əmin oldum. Demək, Al Jazeera kanalının Moskva müxbiri olan xanım Step Vaessen Litvanın baş naziri xanım Ingrida Simonyte ilə müsahibə edir. Biri ağır litvalı , digəri isə nisbətən yüngül holland ləhcəsilə ingilis dilində danışırlar. Mövzu isə Belarus-Litva sərhəddində yaranmış qaçqın böhranıdır.

Baş nazir bu haqda geniş danışır və birdən deyir ki, sərhəddə toplanmış əfqan, iraqlı və digər qaçqınlara Belarus viza verib. Bununla qaçqın böhranının siyasi konyunktura məqsədilə yaradıldığına eyham vurur, bu da təbii ki, belədir. Bu yerdə jurnalist isə şansı əldən verməyib deyir ki, amma siz elə Belarusdan olan qaçqınları problemsiz qəbul edirsiniz.

Eyhamı anlayan xanım baş nazır “quş buraxıb” cavab verir ki, bəs bu, heç də ikili standart deyil. Diqqət yetirin, jurnalist bu sözün heç yaxınına da getmədi, onu baş nazirin özündən “çıxardı”, özü də məharətlə. Səhvini anlayan baş nazir qaş düzəltməyə çalışır və vurub gözü də çıxarır. Başlayır ki, Litva çoxmillətli tolerant ölkədir və s.

O qədər mövzuya aludə olur ki, Litvada hətta tatarlar və karaimlər kimi Avropa üçün ekzotik olan xalqların da əsrlərdir yaşadığını deyir. Avropa üçün ekzotik olan xalqlar… Jurnalist xanım isə yaratmış olduğu səmimi ortamda təmkinlə işini davam etdirir və baş nazirə müsahibəyə görə təşəkkür edib müzakirəni bitirir.

Bu qədər uzun-uzadı yazmaqda demək istədiyim nədir? Odur ki, bu gün dünyanın əsas TV kanallarından olan Al Jazeera bir milyon civarında əhalisi olan kiçik Qətərin kanalıdır, amma BBC kimi media əjdahası ilə rəqabət aparır, konyunktur Amerika telekanallarını isə çoxdan arxada qoyub.

İndi təsəvvür edin ki, vaxtilə “Gənclik” metrosunun yanındakı tunelə xərclənmiş pulun iki misli belə bir kanal yaratmağa sərf olunaydı. İndi biz qapı-qapı düşüb öz həqiqətlərimizi dünyaya çatdırmağa milyardlarla pul xərcləmirdik. Təbii ki, həmin pulların çoxu başqa məqsədlərə xərclənib, amma yenə də, öz kanalımız ola bilərdi.

Təsəvvür elədiniz? Xeyr, heç mən də təsəvvür eləmədim, çünki belə bir “silahı” yaratmaq üçün qəbilə, mağara təfəkkürü əl vermir. Qətəri əsla ideal ölkə kimi təqdim eləməkdən çox uzağam, amma bu məsələdə etiraf etməliyik ki, çox uzağa gedə bilib. Biz də media sahəsində çox uzağa getmişik əlbəttə. Bircə fərqlə ki, geriyə uzağa…

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın