Ərəstun Oruclu: “Müharibə nəticəsində hər iki ölkənin demoqrafik itkiləri də fəlakətli rəqəmlərlə ölçülə bilər”

Qərb ekspertlərinin ardınca rus iqtisadçıları da ölkələrinin gələcəyilə bağlı elə proqnozlar verirlər ki, hətta nisbi nikbinlik üçün heç bir əsas qalmır. Təsəvvür edəndə ki, Putinin avantürasının ardınca ortada əlində dünyanı dağıtmaq üçün yetərincə silah arsenalı və milyonlarla ac insan olan ölkə qalacaq, qorxmamaq mümkün deyil.

Buraya tarix boyu həmin ölkə üçün milyonlarla insanın ölümünün yalnız statistika olduğunu da əlavə edəndə artıq hər şey qorxudan da bir az o yana keçir. Təsvir olunanlar isə təbliğat, utopiya, mif deyil, acı reallıqdır. Reallıq isə budur ki, yaxın illərdə Rusiyada və elə həm də Ukraynada iqtisadi vəziyyət son dərəcə ağır olacaq.

Amma proses müharibə aparan iki ölkə ilə məhdudlaşmayacaq, çünki onlar hal-hazırda dünyada taxıl ixrac edən əsas 5 ölkə siyahısına daxildir. Rusiya isə əsas taxıl ixracatçısıdır və ilin sonunadək bu məhsulun ixracına qadağa tətbiq edib. Belə görünür ki, Rusiya indi öz ehtiyacı üçün uzunmüddətli ehtiyat fondu yaradır.

Bu da onun göstəricisi ola bilər ki, Moskvada hətta onun müharibəni yaxın zamanda dayandıracağı halda da sanksiyaların qısa müddətdə ləğv olunacağını gözləmirlər. Sanksiyaları tətbiq edən tərəfdə də eyni əhval müşahidə olunmaqdadır. Söhbət sanksiyadan daha çox Rusiyanın təcrid olunmasından gedir.

Rusiyanın təcrid olunması nəticəsində onun daxilində sosial-iqtisadi gərginliyin artması isə Moskvanı daha da aqressivləşdirə və Kremli münaqişənin coğrafiyasını genişləndirmək yolunu tutmağa təhrik edə bilər. Çünki işsizliyin, yoxsulluğun artmasından və iqtisadi depressiyadan diqqəti yayındırmağın ən sınanmış yolu müharibədir.

Müharibənin hər iki ölkə üçün onun başlıca uzunmüddətli fəsadlarından biri də demoqrafik böhran olacaq. Son 13 il ərzində (2009-2020) Ukrayna əhalisinin sayı 4.363.000 nəfər azalıb. Eyni dövrdə Rusiya əhalisinin sayı 2.500.000 nəfər artıb ki, demoqrafik hesablamalara görə bu da “mənfi artım” sayılır.

Bu, hələ hamısı deyil. Ukraynadan müharibə başlayandan bu günədək 3 milyona yaxın insanın qaçqın düşdüyü deyilir və onların çox hissəsinin geri qayıtmayacağını indidən demək olar. Bu mənada heç Rusiyanın da vəziyyəti ürəkaçan deyil. Sanksiyaların təsiri özünü bu məsələdə də göstərəcək və artıq göstərməkdədir.

Rusiyanı təkcə miqrantlar deyil, həm də orta təbəqəyə aid edilə biləcək etnik rus əhali də tərk etməkdədir. Bundan başqa da ağır sosial-iqtisadi durum onsuz da aşağı olan doğum faizini daha kəskin endirəcək. Deməli, müharibə nəticəsində hər iki ölkənin demoqrafik itkiləri də fəlakətli rəqəmlərlə ölçülə bilər.

Maraqlı olan isə budur ki, Ukraynaya qarşı təcavüzə start verən Putin və onun beyin mərkəzləri heç olmazsa müharibənin dərin hesablamalara ehtiyacı olmayan bu fəsadlarını hesablaya bilmişdilər?

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın