Ərəstun Oruclu: Hamının qapısı mütləq döyüləcək

 

Bizdə icazəli və yasaq mövzular var. Şərti olaraq, əlbəttə. Məsələn, İranın Azərbaycana qarşı siyasətilə bağlı müzəffərin özü danışırsa, demək bu haqda geninə-boluna yazmaq, danışmaq olar. Amma Azərbaycan üçün İrandan dəfələrlə təhlükəli Rusiya haqqında dövlət rəsmiləri susursa, onda susmaq qızıldır.

Ona görə də ölkədə İran casusu adına həbs olunan dindarlar (mən bu ölkədə heç bir ittihama inanmıram, buna da əsasım var!) haqda az qala hamı fikir bildirir, Rusiyanın törətdikləri barədə isə əksəriyyət susur. Halbuki Rusiya öz agentləri vasitəsilə Tərtər qətliamı kimi ağır və miqyaslı bir cinayəti törədib, erməni ekstremistləri silahlandırıb üstümüzə yollayır, torpaqlarımıza işğalçı qoşun yeridib.

Üzr istəyirəm, sonuncunu müzəffər özü dəvət edib, ona görə də buna qarşı çıxanlara qarşı ağır ittihamlar səsləndirirdik. Axı özlərinin qələbəmizi gözləri götürmədikləri azmış kimi, onlar bizə də bunun sevincini yaşamağa imkan vermirdilər. Müzəffər dəvət edibsə demək, nəsə bilirmiş. Ondan yaxşı bilməyəcəyik ki.

Özü də hər şeyi bizdən yaxşı bilir. Elə olmasaydı iqtisadiyyatımız çiçəklənməzdi, rifahımız günü-gündən yüksəlməzdi, müavinət almayan pensiyaçılarımız bir-bir müəyyən olunub dövlət himayəsinə götürülməzdilər, icra başçıları və polis rəisləri xalqla ingilis lordu kimi nəzakətlə davranmazdılar, ayrı nələr, ayrı nələr.

Odur ki, müzəffər deyirsə ki, İran pisdir, demək çox pisdir. Amma Rusiyanın cinayətlərindən danışmırsa demək, susmaq məsləhətdir. Üstəlik də əgər həmin cinayətlərdə ittiham olunanlar yüksək vəzifələr tutan yekə-yekə dayılardısa. Ona görə də həmin cinayətkarların qulbeçələri durmadan həyasızlaşırlar.

Biz isə susuruq. Yalnız ölkəsinin başına gətirilənlərin əsl səbəbkarlarını tanıyan kiçik bir fədakar qrup bu haqda yazır, danışır, tədbir görməyi tələb edir. Mütləq əksəriyyət isə nə İranla, nə Turanla, nə də Rusiya ilə maraqlanır. Müğənni adına mütrüflərin həyatındakı qalmaqallar onlara daha maraqlıdır. Həm də daha təhlükəsiz…

Amma sabah həmin mütrüflərə baxıb həzz alanların qapısı döyüləndə…
Qapılar isə mütləq döyüləcək. Özü də hamının qapısı, sadəcə növbə ilə. Sabah qapımızın döyülməsini istəmiriksə bu gün qapısı döyülənlərin harayına səs verməliyik. Yoxsa bu gün qapısı döyülənlər də sabahkılara biganə qalacaqlar.

Düz də edəcəklər, çünki sabah onların itirələcək nəyisə qalmayacaq artıq. Vaxtilə təcavüzkar qarşısında necə tənha buraxıldıqları haqda yaddaşlarındakı kindən başqa.

Ərəstun Oruclu
Şərq-Qərb Analitik Mərkəzin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın