Ərəstun Oruclu: Hərhansı bir cəmiyyəti dəyişmək üçün öncə bir neçə fundamental məsələni həll etmək lazımdır

Hərhansı bir cəmiyyəti dəyişmək üçün öncə bir neçə fundamental məsələni həll etmək lazımdır:
1. Cəmiyyəti bütün müsbət və mənfilərilə tanımaq və obyektiv dəyərləndirmək;
2. Onun dəyişiklik istədiyinə əmin olmaq;
3. Onun dəyişə bilmək üçün zəruri potensialını öyrənmək;

4. Dəyişiklik üçün şəraitin mövcud olmasına əmin olmaq və ya həmin şəraiti yaratmaq imkanlarını hesablamaq;
5. Dəyişikliyin lokomotivi olacaq kəsimin və ya qrupun mövcud olması;
6. Dəyişikliyin qarşısına çıxa biləcək maneələri hesablamaq və onları dəf etməyin yollarını müəyyən etmək;
7. Dəyişikliyin strategiyasını qurmaq;

və bunlar da hələ hamısı deyil. Amma start vəziyyətimizi hətta göstərilən 7 bənd üzrə dəyərləndirəndə çox da optimizmə qapılmaq olmur. Səbəblərdən biri də budur ki, sosial-mühafizəkar cəmiyyətlərdə passionarlıq səviyyəsi aşağı və təbii ki, passionar kütlənin də çəkisi az olur.

Eyni zamanda elə bir cəmiyyət yoxdur ki, onu dəyişmək mümkün olmasın. Cəmiyyətlər isə əsasən iki səbəbdən dəyişməyə hazır (və ya məcbur) olur: sosial-iqtisadi və sosio-psixoloji. Başqa sözlərlə desək, insanlar ya dözülməz sosial (əsasən yoxsulluq), ya da psixoloji (məs., ləyaqətin alçaldılması) səbəblərdən dəyişikliyə ehtiyac duyurlar.

Bizdə bu gün hər iki amil mövcud olsa da, amma cəmiyyətdə çoxluğun dəyişikliyə hazır olduğunu və ya heç olmazsa ehtiyac duyduğunu söyləmək çətindir. Burdan da məntiqi bir sual çıxır ki, bəs problem nədədir? Sualın cavabını hər kəs öz bildiyi kimi axtarır və bəzən tapır da, amma hələlik belə cavablar çoxluğun (ən azı kritik kütlənin) mövqeyini əks etdirmir.

Bəzən bunu azərbaycanlıların dövlət qarşısında zəif olması (başqa sözlə, qorxu hissi) ilə izah edənlər də olur, amma bunun lehinə olduğu kimi, əleyhinə də xeyli arqumentlər gətirmək olar.
Zənnimcə optimal yolu tapmaq üçün tarixi təcrübələrə istinad etmək pis olmazdı.

Məsələn, ABŞ-da keçən əsrin ortalarında güclənən (sonda qələbə çalan) hüquq və azadlıqlar uğrunda mübarizə bu mənada modellərdən ola bilər. Hindistanda kolonializmə qarşı mübarizənin modeli konkret halda bizə uyğun gəlmir. Ən azı ona görə ki, orada məhkəmə vardı və həmin məhkəmə Mahatma Qandini azad etmişdi…

ABŞ-da keçən əsrin ortalarındakı vəziyyət isə eynilə bizdəki kimi olub. Ağdərililərin əlində olan məhkəmələr (o cümlədən də andlılar) birmənalı olaraq qaradərili əhaliyə qarşı cinayət törədənlərə az qala 100% hallarda bəraət qazandırıb. Odur ki, Martin Lüter Kinqin rəhbərlik etdiyi mübarizə bizim üçün daha uyğun model ola bilər.

Bəs qaradərili əhalinin mübarizəyə qaldıran səbəb və motivasiya nə idi? Səbəb təbii ki, seqreqasiya (irqi ayrı-seçkilik), motivasiya isə insanların şüurunda baş verən dəyişiklik idi. Həmin dəyişiklik bir çox sosioloqların fikrincə ilk növbədə onlarda öz dəyərini dərk etmə – özgüvən, özünə hörmət və s. (ingiliscə self-esteem) yaranması idi.

Movzu və onun üzə çıxardığı məsələlər heç də sadə deyil, amma zəruridir, qaçılmazdır, həyati əhəmiyyətlidir, çünki özünə hörmət etməyən cəmiyyətin başqasından hörmət umması ən yaxşı halda gülüncdür. Özünə hörmət edən toplumun isə başqasından hörmət gözləməyə ehtiyacı yoxdur. Ona belə də hörmət edəcəklər.

Anlayıram ki, mövzu bir qədər qəlizdir, nəzəridir və gilas, qoyun oynadan xanım, müğənninin oğluna verilən mənzil, Ramazan təbriki qədər cəlbedici deyil, amma hamımız üçün həyati əhəmiyyətlidir. Ona görə ki, təkcə hansısa abstrakt təsəvvür etdiyimiz gələcəyimiz deyil, elə bugününmüz də onun cavablarından asılıdır.
Odur ki, hər kəs müzakirələrə dəvətlidir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın