Ərəstun Oruclu: Hər il iyunun 1-də gözəl şəkillər paylaşıb uşaqların müdafiəsinə çağırışlar edirik

 

Hər il iyunun 1-də gözəl şəkillər paylaşıb uşaqların müdafiəsinə çağırışlar edirik və bu da təsadüfi deyil. Müasir dünyamızın əldə etdiyi uğurlara rəğmən bu gün də on milyonlarla uşaq aclıqdan, yoxsulluqdan, xəstəliklərdən əziyyət çəkir. Hər il milyonlarla uşaq bu səbəblərdən dünyasını dəyişir.

Milyonlarla uşaq isə cinayətkar siyasətçilərin əməlləri sayəsində həyatını itirir. Məsələn, bu gün dünya Yəməndə milyonlarla uşağın həyatına yaranmış təhlükəni görməzdən gəlir, çünki həmin təhlükəni yaradan ölkələr “sivil dünyanın” hərbi-siyasi müttəfiqləridir.

Ümid edək ki, bir gün hər şey dəyişəcək və Yəmən soyqırımını törədənlər buna görə hərbi tribunal qarşısına çıxarılacaqlar, amma təəssüf ki, blokada şəraitində aclıqdan, xəstəliklərdən, bombalardan təsadüfən ölən, bir sıra hallarda isə cinayətkar hərbçilər tərəfindən məqsədli qətlə yetirilən uşaqlara bunu xeyri olmayacaq artıq.

Uşaqların iyrənc siyasətin qurbanı olması da yenilik deyil. Vaxtilə amerikalı teleaparıcı Lesli Stahl verilişinin qonağı olmuş keçmiş dövlət katibi Madlen Olbrayta “siz Səddama qarşı sanksiyaları dəstəkləmisiniz və bunun nəticəsində yarım milyon iraqlı uşaq həyatını itirdi. Bu Xirosimadakı ölümlərdən çoxdur. Sizcə buna dəyərdimi?” sualını ünvanlamışdı.

“Çətin seçim idi, amma bəli, dəyərdi” cavabını vermiş Olbrayt uzun müddət həmin hissənin guya kontekstdən çıxarıldığı iddiası ilə spekulyasiya eləsə də 20 ildən sonra cavabının yanlış olduğunu etiraf etməli oldu. Amma bu yarım milyon iraqlı körpəni həyata qaytarmayacaq. Yeri gəlmişkən, bu gün heç Olbraytın öz ölkəsində də uşaqların təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil.

“İtkin və İstismar olunan Uşaqlara dair Beynəlxalq Mərkəzin” (İnternational Center for Missing and Exploiting Children) verdiyi məlumata görə ABŞ-da ildə 460.000 uşaq itkin düşür. Böyük Britaniyada bu rəqəm 112.853, İspaniyada – 20.000, Almaniyada – 100.000, Avstraliyada – 20.000, Rusiyada – 45.000, Hindistanda – 96.000, Kanadada isə 45.288 nəfərdir.

Bütün rəqəmləri həmin ölkələrin dövlət agentliklərinə istinadən dərc edən mərkəz onu da bildirir ki, əksər ölkələr üzrə bu statistika ya düzgün aparılmır, ya gizlədilir, ya da etimad doğurmur. Başqa sözlərlə, real vəziyyət yuxarıdakı rəqəmlərdən görünəndən daha faciəvidir, çünki bu, hələ qayda-qnunların az-çox işlədiyi ölkələrdir.

Odur ki, həqiqətən uşaqların ciddi müdafiəyə ehtiyacı var və bu, ilin bir gününü məsələyə həsr etməklə görülməli iş deyil. Uşaqların qorunmasına dair qanunlar son dərəcə sərtləşdirilməli, insan alveri ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstələrə qarşı mübarizə ən amansız şəkildə aparılmalıdır.

Həmin dəstələrin bir çox ölkələrdə dövlət və hakimiyyət orqanları ilə sıx işbirliyində olması da yəqin ki, bizləri təəccübləndirəcək “fenomen” deyil. Siyasi sistemi kriminallaşmış ölkələrdə dövlət və hakimiyyət orqanlarının transmilli mütəşəkkil cinayətkar dəstələrlə işbirliyi, bir səra hallarda isə onları əvəzləməsi heç kəsdən sirr deyil.

Elə son illər ölkəmizdə itkin düşmüş uşaqların axtarışlarının heç bir nəticə verməməsi də bu məsələyə ən yaxşı halda səhlənkar yanaşmanın təzahürü kimi qəbul edilə bilər. O da hələ dediyim kimi, ən yaxşı halda.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın