Ərəstun Oruclu: Hər şeydən əvvəl bir qrup müharibə veteranının orduya qarşı cinayətlər törətmiş xain çətənin əlində alət olması dərin təəssüf doğurur

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin və Tərtər qətliamını araşdıran hüquqşünas İlham Aslanoğlunun ardınca indi də Bakı Birlik Təşkilatının sədri, KİM TV-nin aparıcısı Abid Qafarov barəsində CM-nin 147.1-ci maddəsilə (böhtan) xüsusi ittiham qaydasında cinayət işinin başladılmasına dair məhkəməyə müraciət olunduğu bildirilir.

Məlumata əsasən həmin iddianın müəllifləri hələlik kimliyi bəlli olmayan müharibə veteranlarıdır. Bir qədər əvvəl açıqlama verərək bildirmişdim ki, Hərbi Prokurorluğun bir qrup əməkdaşı bu qurumun rəhbəri, Tərtər cinayətkarı Xanlar Vəliyevin tapşırığı ilə Müharibə Veteranları Təşkilatının üzvlərilə danışıqlar aparırlar.

Bizə daxil olan məlumatda o da bildirilir ki, danışıqların məqsədi həm də Tərtər qurbanlarının iyunun 16-da Hərbi Prokurorluğun binası qarşısına təyin etdiyi etiraz aksiyasını pozmaq, aksiya iştirakçılarına qarşı təxribatlar törətməkdir. Danışıqlarda hər iki tərəfdən kimlərin iştirak etdiyi və onların görüş yeri də bəllidir.

Hər şeydən əvvəl bir qrup müharibə veteranının orduya qarşı cinayətlər törətmiş xain çətənin əlində alət olması dərin təəssüf doğurur, hərçənd ki, bu, heç də yeni fenomen deyil. Elə sosial şəbəkələrdə bu günədək Xanlar Vəliyevi, Hikmət Həsənovu və digər Tərtər qatillərini açıq dəstəkləyən onlarla hərbçiyə və müharibə veteranına rast gəlmək olur.

Bu isə təkcə belə fəaliyyətdə bulunanların şəxsi əxlaq və ləyaqət məsələsi deyil, həm də hüquqi məsələdir. Cinayətə bəraət qazandıranlar, cinayət qurbanlarını təhdid edənlər, onlara böhtan atanlar həm də hüquqi məsuliyyət daşımalıdır. Amma təəssüf ki, hələlik bunun tam əksini görürük.

Bu isə bir daha onu deməyə əsas verir ki, ölkədə qanun və qanunçuluq, həmçinin də bir sıra hüquq-mühafizə və məhkəmə orqanları cinayətkar çətələrin əlində vətəndaşlara, onların hüquq və azadlıqlarına qarşı alətə çevrilib. Belə hal siyasətdə dövlətin ekstremistlər tərəfindən zəbt olunması adlanır.

Amma bu halda da haqlı sual meydana çıxır ki, ölkənin siyasi rəhbərliyi nədən bu məsələdə tam fəaliyyətsizlik göstərir? Məntiqlə dövlətin cinayətkarlar tərəfindən qəsb olunması elə ilk növbədə siyasi hakimiyyətin özü üçün ciddi təhdid deməkdir. Əlbəttə, əgər siyasi hakimiyyət özü bunun iştirakçısı deyilsə.

Burda da iki yanaşma var: 1. Dövləti və ya onun mühüm qurumlarını zəbt etmiş cinayətkar (və ya terrorçu) çətələr siyasi hakimiyyəti də təhdid edir; 2. siyasi hakimiyyətin elə özü onların bu fəaliyyətinə yaşıl işıq yandırıb. Hər iki versiya eyni dərəcədə haqlı görünə bilər, amma vəziyyətin həqiqətdə necə olduğunu biz hələ ki, bilmirik.

Eynu zamanda məlum olan həm də budur ki, Xanlar Vəliyev təkcə Tərtər qətliamını ifşa edənləri təhdid etməklə kifayətlənmir, o, həm də cinayətdə iştirak etmiş və hətta iştirak etməmiş yüksək çinli hərbçiləri, prokurorluq əməkdaşlarını da təhdid edərək onlardan özünə dəstək almağa çalışır və bir çox hallarda da buna nail olur.

Belə təhdidlərin bəzilərini elə burada – Facebook səhifələrində də görmək mümkündür. Hal-hazırda Tərtər qətliamının əsas icraçılarından olan Xanlar Vəliyevlə Hikmət Həsənov bu məsələdə tandem təşkil edərək birgə fəaliyyət göstərirlər.

Sosial media üzərindən təhdidlərin icraçıları isə (bu dəfə əl altından) Tərtərdə insanlığa qarşı ağır cinayət törədilərkən onun qurbanlarına böhtan atan, onları təhdid edən muzdlu məxluqlardır. Amma nə qədər gizli çalışsalar da onların cinayətkar fəaliyyətinə dair yetərincə faktlar var.

Gördüyümüz kimi, Tərtər qətliamından 5 il keçməsinə rəğmən cinayətkar çətə bu gün də tam heyətdə iş başındadır və bunu zərrə qədər də çəkinmədən, qorxmadan edir. Belə vəziyyətin yaranmasının da 3 səbəbkarı var: ölkənin siyasi rəhbərliyi, təkrar istintaqı sabotaj edən Baş Prokurorluq və ölkədəki kriminallaşmaya laqeydlik göstərən ictimai institutlar.

Mövzuya dair daha detallı çıxışımı və yazılarımı ən yaxın günlərdə təqdim edəcəyəm. O cümlədən Xanlar Vəliyevin də daxil olduğu cinayətkar dəstənin ölkənin siyasi rəhbərliyini nələrlə təhdid etməsi haqda ətraflı məlumat verəcəyəm.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın