Ərəstun Oruclu: Dövlətin təhlükəsizliyinin və suverenliyinin təminatı nədir?

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bəyanatına məncə bir qədər daha geniş baxmağa ehtiyac var. Əlbəttə, ən sadə izah bu olardı ki, Jirinovski İlham Əliyevə diktator deyib və buna görə də rəsmi Bakı qəzəblənərək Rusiyaya etiraz notası verib. Amma məsələ bu qədər də sadə deyil.

Əvvəla, diktator məsələsinə baxaq: İlham Əliyevin diktator olub-olmamasını onun idarəçiliyindən addımbaşı “bəhrələnən” biz azərbaycanlılardan yaxşı bilən yoxdur. Şovinist, ksenofob, imperialist və bəzən də faşist mövqeyini gizlətməyən Jirinovski isə bu haqda danışa biləcək axırıncı şəxslərin ən axırıncısıdır.

Qaldı onun notaya etirazına ki, Azərbaycan məmurları ifadə azadlığı prinsipinin nə olduğunu bilmirlər, burda onunla tam razılaşmaq olar. Bunu da bilirik, amma kaş ki, bu fikri səsləndirən bir qərarla yüzlərlə saytı qapadan Rusiya dövlətinin adına və özünə layiq siyasətçisi Jirinovski olmayaydı.

Ümumiyyətlə, müasir dünyamızda fundamental hüquq və azadlıqlar barədə danışmağa mənəvi haqqı olan ölkələrin sayı durmadan azalmaqdadır. İndi bu anlayışlardan heç olmazsa siyasi riyakarlıq naminə də olsa istifadə etməməyə üstünlük verilir. Bu gün dünyada hər şey açıq-aydındır: ayrı-seçkilik də, haqsızlıq da, qaydasızlıq da.

Amma qayıdaq bizim məsələyə. Danışan Jirinovskidirmi və o, nə demək istəyirdi? Vladimir Volfoviçin dililə danışan Kremldir və səsləndirilən fikirlərdə yalnız İ. Əliyevdən danışmır. Jirinivski bölgənin, o cümlədən də Azərbaycanın SSRİ və Çar dövründə olduğu kimi Rusiyanın nəzarətinə qaytarılmasının vacibliyini iddia edir.

Onun səsləndirdiyi iddiaların kimdən və haradan qaynaqlandığını tapmaq isə bir o qədər də çətin deyil. Dediyim kimi, “müxalifətçi danışman” adətən ya Kremlin, ya da Rusiya hərbi-sənaye kompleksinin (başqa sözlərlə desək, Rusiya hakimiyyətinin güc qanadının) mesajlarını çatdırmaqla məşğuldur.

Bu dəfə onun səsləndirdiyi fikirlər də SSRİ-ni bərpa etmək paranoyasına düçar olmuş Putinin post-sovet ölkələri “kvazidövlətlər” adlandırması, RF Dövlət Duması deputatlarının Qazaxıstana ərazi iddiaları, Ukraynaya qarşı açıq hərbi təcavüz, NATO ilə əməkdaşlıq edən dövlətləri təhdid etmək və bir çox digər məsələlərlə yanaşı həmin siyasətin tərkib hissəsidir.

Bəli, Moskva Azərbaycanı təhdid edir və bu da səbəbsiz deyil. Yeni geosiyasi konstruksiyanın formalaşdırıldığı dövrdə Azərbaycanın sabit və güclü müttəfiqlərinin olması Moskvanı ciddi narahat edir və bu da anlaşılandır. Sirr deyil ki, bölgədə yaranmış vəziyyət Moskva üçün öz geosiyasi hədəflərinə çatmağı çətinləşdirir.

Görünür, həm də Bakının və İrəvanın bölgədəki mühüm dəhlizlər ətrafında uzanan söz savaşı Rusiyanı hövsələdən çıxarmaqdadır. Buna görə də Moskva öz ənənəvi üslubunda reaksiya verib: hədə-qorxu dilində. Amma Bakının adekvat reaksiyası da tam yerinə düşüb.

Eynilə bir qədər əvvəl Qazaxıstanın nümayiş etdirdiyi reaksiya kimi. Xatırladım ki, Rusiya rəsmilərinin bu ölkəyə qarşı irəli sürdükləri ərazi iddialarına Astanadan hərbçilər, özü də sadə və anlaşılan dildə cavab verdilər: “ölkəmizə qarşı ərazi iddiaları müharibə deməkdir, biz də buna hazırıq və ümumiyyətlə, bizim işimiz elə budur.”

Onda Moskva susdu və müzakirələr ən azı müəyyən müddətə qapadıldı. Görünür, başqa daha effektiv yollar axtarmaq üçün. Moskva üçün effektiv yolların nələrdən ibarət olduğunu isə tapmaq elə də çətin deyil. Bunun üçün elə rus ekspertlərin tez-tez işlətdiyi “hərbi-siyasi vasitələr” termininə diqqət yetirmək kifayət edər.

Odur ki, Jirinovskinin “Rusiya müdafiə etməzsə ABŞ-ın Əliyevi qısa zamanda devirə biləcəyi” haqda xəbərdarlığı və bölgədəki Rusiya əsgərlərinin təhlükəsizliyi barədə dedikləri də olmayan ağlını itirmiş demaqoqun boşboğazlığı kimi qəbul edilməməlidir.

Unutmamalıyıq ki, vaxtilə Rusiyanın Gürcüstana hərbi təcavüzünün “səbəbi” elə həmin “sülhməramlı rus əsgərini” qorumaq olmuşdu. Odur ki, Rusiyanın Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması məqsədilə bütün zəruri addımlar atılmalıdır.

İlk növbədə də ölkənin daxilində Rusiya “beşinci kolonunun” neytrallaşdırılması. Daha doğrusu, həm də Rusiya “beşinci kolonunun”.

Dövlətin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin ən etibarlı təminatı ona olan və ola biləcək zərərli xarici təsirlərin qarşısının zamanında və effektiv şəkildə alınmasıdır. Amma ölkənin daxilində vətəndaşların hüquq və azadlıqlarına, sosial-iqtisadi inkişafa təminat olmadığı halda heç bu da kömək etməyəcək.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın