Ərəstun Oruclu: Dövlətin qurumları ilə kimsənin şəxsi obyekti kimi davranılır

Eldar Mahmudovu işdən çıxarıb onun çətəsini ifşa edəndə MTN-i parçaladılar, Ziya Məmmədovdan sonra Nəqliyyat Nazirliyini, indi də Ramiz Mehdiyevin AMEA-sını dağıtdılar. Dövlətin qurumları ilə kimsənin şəxsi obyekti kimi davranılır. Əslində belə də var. Sözümü qəribçiliyə salmayın, bir gün hər şey yenidən öz axarına dünəcək.

Məlum olacaq ki, eksperiment uğursuz alınıb və səmərəliliyi sıfırdan aşağı olan Xarici Kəşfiyyat Xidməti DTX-ya birləşdirilib yenidən nazirlik yaradılacaq, dəmir yolu və hava nəqliyyatı da nəqliyyat nazirliyində birləşdiriləcək, elmi-tədqiqat institutları isə AMEA-ya qaytarılacaq.

Arada itirilən zaman, olan-qalan fədakar mütəxəssislər (xüsusilə də alimlər) və əlbəttə ki, kimlərinsə bütün bu əməliyyatlardan əldə etdiyi pullar olacaq.
AMEA bəlkə də uğurlu qurum deyil, amma məsələyə başqa rakursdan baxdıqda sual yaranır ki, dövlət elmin inkişafi və onun düzgün idarə olunması üçün nə edib ki, AMEA da uğurlu olsun?

Digər bir problem isə dövlətin elmə və elmi müəssisələrə müdaxiləsidir. AMEA elm ocağından çox siyasi alət kimi istifadə olunur(du) və bu da daim özünü ona rəhbərlik edənlərin siyasi bəyanatlarında göstərir(di). Bir dəfə bu problemlə özüm üzləşmişdim. Akademik Eldar Salayev həbs olunanda. Bəli, bizim elmimiz akademiya prezidentinin həbsi kimi biabırçılıqdan da keçib.

Daha doğrusu, keçə bilməyib, çünki keçmiş AMEA prezidenti Eldar Salayev şərlənərək həbs ediləndə bu, ciddi ictimai reaksiya doğurmuşdu və onda onun xələfi akademik Mahmud Kərimov ölkə ictimaiyyətinə müraciət edərək akademik Salayevi müdafiə etməməyə çağırış etmişdi. Biz bunu da yaşamışıq…

Elmin, alimin dəyərini anlayan birisi olaraq həmin müraciət məndə şok yaratmışdı və o zaman “Adolf Hitler, Leonid Brejnev və Mahmud Kərimov” adlı məqalə dərc etmişdim. Qəzetdən zəng edib nömrəmi Mahmud Kərimovun istədiyini deyəndə razılaşmışdım. Rəhmətlik özü zəng etmişdi və xeyli danışdıq.

Qəribə ikili hiss yaranmışdı məndə: bir tərəfdən zəkalı, elmli mədəni insan olduğu hiss edilirdi, digər tərəfdən isə sütunsuz şəxsiyyət. Bəli, bizim elmin əsas problemlərindən biri onun başında duranların xeyli hissəsinin sütunsuz olmasıdır. Mən çoxlu sütunu olan alimlər görmüşəm, onlardan dərs almışam. Həm də həyat dərsi.

Akademik Pavlov adına Birinci Leninqrad Tibb İnstitunda təhsil almaq mənim üçün həm də bu mənada Allahın lütfü olub. Həmin institutda SSRİ-nin adlı-sanlı alimləri, dərsliklərindən ölkə üzrə onilliklər boyu tədris olunan akademiklər, professorlar və rəhmətlik Siyavuş Aslan demiş, hətta kandidat nauklar görmüşəm.

Onların hamısını birləşdirən təkcə elmləri yox, həm də azad düşüncəli olmaları idi. Bizdə isə alimlər daim küncə sıxılıb, başını qaldıranlar əzilib, qovulub. Düşünmək lazım deyil ki, bizim alimlərimiz insani keyfiyyətlərinə görə onlardan zəif və ya geridir. Əsla! Sadəcə bizdə bütün idarəetmədə olduğu kimi, elmdə də “önə çıxarlanlar” yumşaq desək, ən yaxşılar deyil.

Mübarizə də elə həmin eybəcər sistemlə aparılmalıdır, elm ocaqları və ya alimlərlə yox. Ona görə aparılmalıdır ki, elm və alim azad olsun. Elmi, alimi azad olmayan məmləkətin müəllimindən, həkimindən, mühəndisindən, fəhləsindən nəsə ummağın özü belə xülyadır, fantaziyadır, özünü aldatmaqdır.

Biz elmə, təhsilə meylli xalqıq və inanıram ki, zamanla hər şey öz yerini tutacaq, qabaqcıl elmimiz, dünyaya səs salan alimlərimiz olacaq, elm ocaqlarına da siyasi hakimiyyətin təyin etdiyi yaltaqlar, konyunkturaçılar yox, həmin alimlərin seçdikləri ən layiqli alimlər rəhbərlik edəcək.

Bunların hamısı gələcəkdə olacaq, amma hələlik bu günlərdə baş verənlərə “Keçmiş olsun!” deyək.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın