Ərəstun Oruclu: “Cinayətkar çətə özünə çox arxayın imiş”

 

Tərtər qətliamının gündəm olduğu bir dövrdə müdafiə nazirliyinin müxtəlif strukturlarında oturub bazarı, alveri davam etdirməyin nə demək olduğunu anlamaq çox çətindir. Belə görünür ki, cinayətkar çətə özünə çox arxayın imiş.

Belə çıxır ki, cinayətkarların vəziyyətin ağırlığını anlamaq və onu obyektiv dəyərləndirə bilmək qabiliyyəti tamamilə atrofiyaya uğrayıb. Elə olmasaydı ən azı rüşvətin, korrupsiyanın miqyasını bir az məhdudlaşdırardılar.

Digər tərəfdən də belə davranmaları yaxşıdır, yoxsa müvəqqəti mələk donuna girib özlərini təmizə çıxara bilərdilər. Onda da seriya həbslər ya olmazdı, ya da cəmiyyət tərəfindən adekvat qiymət almazdı.

Qarşımızda gözünü pul, sərvət toplamaq ehtirası örtmüş azğın bir kütlə var ki, onu heç kütləvi həbslər də hisslərinə qaytarmaq gücündə deyil. Sanki uzun müddətdir aclıqdan əziyyət çəkən yırtıcı sürüsü daraşıb ölkənin, xalqın canına.

Artıq müdafiə nazirliyinin iki yüksək rəsmisinin də həbs olunması haqda iddialar var, amma yenə də cinayətkarları himayə edənlər geri çəkilmək fikrində deyillər. İndiki zamanda bunu etməyin iki mümkün səbəbi ola bilər: azğınlıq və ya axmaqlıq.

İki gündür Hikmət Həsənovu israrla həbsdən qoruyan Baş Qərargah rəisi Kərim Vəliyevin bunu həmin iki səbəbin hansından etdiyinin cavabını tapa bilmirəm.

Yox, əgər Kərim Vəliyev bunu Tərtər qətliamı ərəfəsində Bərdədə müşavirə keçirməsi səbəbindən edirsə bu, artıq həm acizlik, həm də axmaqlıqdır, çünki Tərtər qətliamına hazırlıq xarakteri daşıyan həmin müşavirədə tək Hikmət Həsənov olmayıb.

Bu da bir yana, müşavirədə nələrin planlaşdırılması və nələrin müzakirə olunması haqda məlumat əldə etmək üçün orada iştirak etməyə də ehtiyac yoxdur. Belə də hamı hər şeyi bilir. Hamı, ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları da o cümlədən.

Dəfələrlə dediyimi təkrar edirəm: vəhşiliklərə məruz qoyduğunuz minlərlə hərbçidən bircə faiz nümunə götürün və gedin kişi kimi (!?) cəzanızı çəkin. Onu isə istənilən halda çəkməli olacaqsınız.

Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın