Ərəstun Oruclu: Bu, təkcə fiziki toğğuşma deyil, həm də düşüncədə, təfəkkürdə toqquşmadır

İnkarçılıq cəhalətin əlamətidir, amma yalnız bir əlaməti. Yəni inkarçılıq səbəb deyil, nəticədir, çünki cəhalət fundamental və çoxtərəfli bir fenomendir, inkarçılıq isə mövcudluğu iradəndən asılı olmayaraq olanı danmaqdır. Qarşında dayanan real faktı danmaq, onun yoxluğunu iddia eləməkdir.

Bugünkü dünyada gedən mübarizədə qarşı-qarşıya gələn təkcə quru maraqlar deyil, həm də cəhalətlə inkişafdır, zülmətlə ziyadır, biliklə inkarçılıqdır. Bu isə daha findamental mübarizədir.
Özümüzdən başlayaq: təkcə son ildə azı 3 azərbaycanlı gənc tam təqaüdlə MIT (Massachusetts Institute of Technology) tələbəsi olub.

Bilən bilir ki, MIT nə deməkdir. MIT dünya elminin tən ortası, texnoloji inkişafın beşiyi deməkdir və cəmi 10 milyonluq ölkədən bir ildə 3 gəncin oraya qəbul olunması çox böyük uğurdur. Amma artıq indidən demək olar ki, onların heç biri heç vaxt Azərbaycana qayıtmayacaq. Elə minlərlə başqa elmli, işıqlı gənclər kimi.

Uzağa getmirəm, ikisi də öz övladlarım. Biri süni intellekt üzrə doktorluq dərəcəsi almaqda olan, ikincisi isə Columbia universiteti kimi məşhur bir elm ocağında hüquq oxuyan gəlib Azərbaycanda nə etməlidir? Eynilə bu gün dünyanın aparıcı texnoloji şirkətlərində, banklarında çalışan yüzlərlə (bəlkə də minlərlə) digərləri kimi.

Niyə də gəlməlidirlər? Maaşı, həyat səviyyəsini qoyaq bir kənara, təsəvvür edək ki, hansısa məşhur hüquq məktəbini bitirmiş bir gənc gəlib Azərbaycanda vəkil işləməyə başlayır və elə ilk addımındaca saxtakar prokurorlarla, mənəviyyatsız hakimlərlə üzləşir, ölkənin acı həqiqətini görür. Təsəvvür edirsiniz belə bir gəncin vəziyyətini?

Son 20 ildə 200 mlrd dollaradək neft gəlirləri olmuş ölkədə mənə bircə sadə cihaz istehsal edən bircə müəssisə göstərə bilərsiniz? Cihazı da ataq bir kənara, bir cüt fərli ayaqqabı istehsal edə bilən fabrik varmı? Yoxdur, amma cavab bununla bitmir, çüni ardınca “niyə yoxdur?” sualı gəlir. Bunun cavabını isə hamımız bilirik…

Rusiya dünyaya meydan oxumağa çalışır. Nəyi ilə? İstehsal etdiyi addımbaşı qəzaya uğrayan təyyarəsilə yoxsa heç vaxt təmirdən çıxmayan maşınları ilə? Bəlkə heç zaman istehsal etmədiyi bircə mobil telefonu və ya kompüteri ilə? Bu yerdə həmin inkarçı cahil deyərdi ki, ordusu ilə. Onu da gördük, görürük və hələ görəcəyik…

Təsəvvür edin, adam yüz günə 750 min evi elektriklə təmin edən stansiya yaradır, kosmosa turistlər yola salır, yüzlərlə peyk qurub dünyaya “kosmik” internet gətirir və kiçik bir mənzildə yaşayır. Bu yerdə onun qazandığından yüz dəfə az məbləği oğurlamış biri durub onu məsxərəyə qoyur, onun “daxmada” yaşamasına gülür.

Çünki adam dediyimizi məsxərəyə qoyan məxluq təkcə həyatın mənasını deyil, insan şəxsiyyətinin ölçüsünü də bahalı şəxsi təyyarədə, yaxtada, nəhəng villada, milyonluq saatda görür. Şəxsiyyəti kosmosa uçan raketlə ifadə olunanla kimliyini bahalı kosyumda görənin qarşı-qarşıya gəlməsi isə labüddür, qaçılmazdır və yalnız zamana bağlıdır.

Ona görə ki, onlar eyni yolda əks istiqamətlərdə qarşı-qarşıya gedirlər və bir gün mütləq toqquşacaqlar. Bu, təkcə fiziki toğğuşma deyil, həm də düşüncədə, təfəkkürdə toqquşmadır. Ona görə ki, biri həmin yolla ağlı, elmi, zəkası özünə inamı ilə gələcəyə gedərkən, ikincisi bahalı saatı, kostyumu, yaxtası ilə özünü israrla keçmişə sürükləyir.

Ona görə ki, biri insanına körpə yaşından mərhəmətli olmağı aşıladığı halda ikincisi əzilənə “yazıq-yazıq” deyərək əzənə yarınmağı öyrədir. Ona görə ki, biri övladına keyfiyyətli təhsil axtaranda ikincisi “yağlı” iş yeri, vəzifə, imkanlı ailədən həyat yoldaşı tapmağa çalışır.

Təhsil demiş, bu günlərdə çox yaxın bir dostumun övladı xaricdə təhsil qazanıb. Ürəkdən sevindim və təbrik elədim, ardınca isə həmən dedim ki, sən övladının oxuyub geri dönəcəyini gözləmə daha. Çünki o, var gücü ilə geriyə qayıtmamağa çalışacaq. Cırtdan elə-belədən it hürən tərəfə yox, işıq gələn tərəfə getmirdi ki!?

Cırtdan ağıllı idi, ağıllı isə zülmətə can atmaz. Amma bütün bu hekayədə bilirsiniz ən ağrılı nədir? Odur ki, zülmətdən xilas ola bilməyincə öz didərgin düşmüş “cırtdanlarımızın” ağlı, zəkası, əməyi ilə yaradılan nələr olacaqsa hamısı bizi əzməyə yönələcək. Bəlkə də xilas etməyə, kim bilir?

İkinci Dünya Müharibəsi zamanı Hitler ordusuna qarşı döyüşən ABŞ qoşunlarının komandanı alman mənşəli Duayt Eisenhauer idi. Vaxtilə Almaiyadan köç etmiş bir nəslin yetirməsi əcdadlarının vətənini bürümüş zülmətə qarşı döyüşməyə gəlmişdi.

İndi neynəyək, biz də öz “eisenhauerlərimizin” haralardasa yetişib gəlib bizi zülmətdən xilas edəcəyini gözləyək?
Bəlkə onları elə özümüz öz ölkəmizdə yetişdirək? Hitlerlərdən doyduq axı, daha bəsdir. Həqiqətən bəsdir…
Elə-belə yazdım. Sözgəlişi.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın