Ərəstun Oruclu: Bu siyahıda elələri olub və var ki, adam onların adını yazmağa belə xəcalət çəkir

Bir çox adlı-sanlı Qərb siyasətçiləri aktiv fəaliyyətdən getdikdən sonra lobbiçiliklə məşğul olurlar. Vaşinqtonda, Londonda, Berlində Azərbaycan hakimiyyətinə, Bakıda isə həmin ölkələrin şirkətlərinə lobbiçilik etmiş siyasətçiləri xatırlamaq kifayət edər. Bu siyahıda elələri olub və var ki, adam onların adını yazmağa belə xəcalət çəkir.

Henri Kissincerin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Kiyevin Moskvaya əraziləri güzəştə getməsinin vacibliyi haqda Davosda səsləndirdiyi fikirlər əsla ABŞ administrasiyasının deyil, Rusiyaya illərdir lobbiçilik edən Kissincerin özünün və ya uzaqbaşı təmsil etdiyi hansısa qrupun mövqeyi kimi dəyərləndirilməlidir.

ABŞ administrasiyasının mövqeyi isə Dövlət Departamentinin ona cavab olaraq verdiyi açıqlamada kifayət qədər aydın ifadə olunub: Ukraynanın ərazi bütövlüyünü yalnız Ulrayna xalqı həll edə bilər, Vaşinqton da onun mübarizəsini dəstəkləyəcək. Ukraynada keçirilmiş son rəy sorğusunun nəticələrinə görə 82% hərhansı ərazi güzəştlərinin qəti əleyhinədir.

Kissincerin “dahiyanə” təklifinə Ukrayna hökumətinin də mövqeyi və münasibəti yetərincə qəti ifadə olunub. Amma çox təəssüf ki, 98 yaşlı Putin lobbiçisindən az qala dünyanın müqəddaratını həll edən kölgə fiquru yaradan bəzi media resurslarımız real siyasətlə uydurma, cəfəngiyyat arasındakı fərqi görə bilmirlər.

Vaşinqtonun siyasətini hansısa kissincerlər deyil, Bayden və onun administrasiyası müəyyən edir. Real siyasət isə budur. Davosda danışan da strateq Kissincer yox, lobbiçi Kissincer idi.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın