Ərəstun Oruclu: “Bu mütləq baş verəcək!”

 

Çərçivə daraldıqca Tərtər qətliamını törətmiş cinayətkarlar özlərini xilas etmək üçün min oyunlardan çıxırlar. Biri zərərçəkmişlərin ağır durumdan istifadə edərək onların bəzilərini ələ almağa çalışır, ikincisi özünə sosial media komandası yaradıb cinayəti ifşa edənlərə hücuma keçir, üçüncüsü…

Üçüncüsü haqda bir qədər ətraflı. Demək, son 2 ay ərzində Qıyas Abbasovun Tərtər qətliamında iştirakı ətrafında mübahisələr gedirdi. Əksəriyyət onun işgəncələrdə birbaşa iştirak etdiyini desə də, bəzi adamlar bizə məlum olmayan səbəblərdən onun cinayətdə iştirakını inkar edirdi.

Ümumiyyətlə xatırladım ki, Tərtər qətliamının iştirakçıları öz alçaq əməllərini o qədər açıq və cəmiyyətə etinasız şəkildə törədiblər ki, nəyisə sübut etməyə belə ehtiyac qalmayıb. Necə deyərlər, bütün sübut və dəlillər ortadadır: öldürənlər, öldürülənlər, işgəncə verənlər, təşkilatçılar da və icraçılar da.

Indi qayıdaq Qiyas Abbasova. Bu, cinayət şəriki Hikmət Həsənovun yerinə təyin olunmuş 1-ci ordu korpusunun komandiridir. Qiyas Abbasov son günlər işgəncələrə məruz qalmış hərbçiləri kütləvi şəkildə orduda xidmətə dəvət edir. Təxminən 20 nəfər MAXE artıq həmin təklifi qəbul edib.

Buna görə kimisə qınamaq ən haqsız hərəkət olardı, çünki cinayət qurbanları başlarına gətirilən faciələr nəticəsində hərtərəfli ağır vəziyyətə düşüblər və həmin vəziyyət 5 ilə yaxındır davam edir. Onların salındıqları vəziyyəti təsəvvür etmək belə mümkün deyil.

Bundan istifadə edən cinayətkarlar onları xidmətə bərpa etmək adı ilə yenidən aldadıb tora salırlar, çünki söhbət xidmətə bərpa etməkdən yox, xidmətə qəbul etməkdən gedir. Bunlar da tamamilə fərqli kateqoriyalardır.

Ona görə ki, konkret halda söhbət işgəncələrə məruz qalmış hərbçilərin yalnız xidmətə bərpasından və itirilmiş illərinin xidmət müddətinə əlavə edilməsindən, onlara təzminatların ödənilməsindən gedə bilər. Xidmətə qəbul isə tamamilə başqa haldır və o, zərərçəkmişlərə ödənilməli olan bütün təminatların itirilməsi deməkdir.

Bu məsələdə hər kəs özü qərar verməlidir, amma zərərçəkmişlərin xidmətə qəbul olunmasına Qiyas Abbasovun xüsusi canfəşanlığı onun Tərtər qətliamının fəal iştirakçılarından olmasından xəbər verir. Yəni, onlarla zərəçəkmişin onunla bağlı iddiaları heç də əsassız deyil. Qiyas Abbasov öz hərəkətlərilə özü də bunu təsdiq edir.

Günah isə nə Qiyas Abbasov kimilərdədir, nə də onun aldadıb tələyə saldığı ekstremal vəziyyətdə olan hərbçilərimizdə. Günahın hamısı Tərtər qətliamının istintaqını aparanlardadır, çünki Qıyas Abbasov kimilərinin belə oyunlar çıxarmaması üçün onlar çoxdan dəmir barmaqlıqlar arxasında olmalı idilər.

İstintaq isə sanki tamamilə əksinə fəaliyyət göstərərək məqsədli şəkildə cinayətkarların özünü xilas etməsinə şərait yaradır. Bu günlərdə Tərtər qətliamının təkrar istintaqının başlanmasının 2 ayı tamam olur, nəticə isə yox dərəcəsindədir.

Görünür, istintaqın normal aparılması xatirinə bizim də onun gedişatına az diqqət göstərməyimiz yanlış anlaşmaya rəvac verib. Amma bu, çox aldadıcı ola bilər.

Kimsə hər şeyin unudulacağını, Tərtərdə törədilmiş ağır dövləti cinayətin növbəti dəfə 10-15 kiçik çaplı cinayətkarın üzərində bağlanacağını düşünürsə səhv edir, cinayət törədir. Çünki Tərtər qətliamı təkcə insanlara və insanlığa qarşı ağır cinayət deyil, həm də xalqa və dövlətə xəyanətdir.

Xəyanəti gizlətmək isə ondan da ağır xəyanətdir və buna da imkan verilməyəcək. Odur ki, bir şeyi birdəfəlik anlamaq lazımdır: əgər bu, xəyanət haqqında 4 ildən artıq susmayanlar oldusa, demək onlar yenə də susmayacaqlar, sona qədər döyüşəcəklər. Bir nəfərin bunu son nəfəsinə qədər edəcəyinə dəqiq təminat verə bilərəm.

Çünki dediyim kimi, xəyanətə susmaq daha böyük xəyanətdir. Şəxsən mənim isə nə dövlətə, nə xalqa, nə də özümə xəyanət etmək fikrim, motivim, əsasım yoxdur. Yoxdur və heç zaman da olmayacaq! Deməli, ağır cinayəti törədənlərin də nə rahatlığı, nə də öz gələcəklərinə əminliyi olmayacaq!

Gələcəkləri həbsxanadır, çünki cinayətkarların yeri həbsxanadır. Buna isə tam əmin ola bilərlər, ona görə ki, bu, gec ya tez baş verəcək. Mütləq baş verəcək!

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş: