Ərəstun Oruclu: Biz dövlətimizi niyə qura bilmirik? (III yazı)

 

3-cü yazı: “Klan hakimiyyətinin yaradılmasına Moskva niyə göz yumurdu?” (I hissə)

KQB polkovniki deyirdi ki, SSRİ-də klan hakimiyyətinin yaradılması keçən əsrin 60-70 illərinə təsadüf edirdi və bu, təkcə Azərbaycana aid deyildi. Eyni proses Gürcüstanda, Ermənistanda, Mərkəzi Asiya respublikalarında və hətta Rusiyanın özündə də gedirdi. Düzdür, sonuncuda bu, qaydadan çox istisnalar idi. Amma hələlik qayıdaq 1968-ci ildə baş verənlərə.

Bu silsilədən olan sonuncu yazımda (2-ci yazı, II hissə – 11.05.2021) KQB-nin Məxfi-Siyasi Şöbəsinin ləğv olunmasının ardınca onun yerində formal olaraq “Konstitusiya Quruluşunun Mühafizəsi” adlanan 5-ci Baş İdarənin təsis olunması və Filipp Bobkovun həmin qurumun rəhbəri təyin olunmasını yazmışdım.

Həmin yazıda qurumun qarşısında duran vəzifələri də göstərmişdim:
-hakimiyyətin asan idarə olunması üçün onun klanlaşdırılması;
– yaranmış milli elitanın ləğvi və əvəzində tam idarə olunan rusdilli kosmopolit ziyalı, yaradıcı zümrənin formalaşdırılması;
– təhsilin və elmin korrupsiyalaşdırılması yolu ilə milli kadrların inkişafının qarşısının alınması;
– iqtisadiyyatın Moskvanın tam nəzarətinə götürülməsi və s.

İndi isə 1969-cu ildən (Heydər Əliyevin kommunist rəhbəri olmasından) Azərbaycanda başlayan dəyişikliklərə nəzər salaq.
Qeyd edim ki, təkcə 1971-74 illər ərzində Heydər Əliyevin yaradıcı ziyalılarla və onları birləşdirən ittifaqlarla bağlı 11 çıxışı olub və həmin çıxışların da hamısı tənqidi xarakter daşıyıb.

Çıxışların hamısında respublikanın partiya rəhbəri kommunist ideologiyasının və beynəlmiləlçiliyin təbliğində ziyalıların və onları birləşdirən ittifaqların fəaliyyətini tənqid edərək, onları öz ədəbiyyat, incəsənət və hətta musiqi əsərlərində sosialist realizmini lazımi səviyyədə təbliğ etməməkdə qınayıb.

Məsələn, Azərbaycan KP MK-nin 29 oktyabr 1971 ci il tarixdə keçirilən plenumunda Heydər Əliyev bunları demişdi: “…musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Bəstəkarlarımızın son illərdə yaratdıqları bir çox mahnılarda vətəndaşlıq motivləri, əsil coşqunluq yoxdur. Bu mahnılar üçün meşşan sentimentallığı, kədər, mətn bəsitliyi səciyyəvidir.
Lakin Bəstəkarlar Ittifaqının rəhbərləri, Ittifaqın sədri Qara Qarayev yoldaş bunu bildikləri halda vəziyyəti dəyişdirmək üçün əməli tədbir görmürlər…”

Elə həmin plenumda H. Əliyev kino haqda bunları deyir: “…Kinostudiyanın yaradıcılıq işlərində və istehsal fəaliyyətində yol verilmiş ciddi nöqsanlara görə MK bürosu kinostudiyanın direktoru A. İskəndərov yoldaşa və Dövlət Kinematoqrafiya Komitəsinin sədri
M. Qurbanov yoldaşa partiya cəzası vermişdir.
Müəyyən irəliləyişə baxmayaraq, Azərbaycan kinematoqrafçılarının işi günün tələbləri ilə ayaqlaşmır. Bir sıra maraqlı filmlər yaradılsa da, bəzi hallarda filmin bədii səviyyəsinin aşağı olması mühüm bir mövzunu gözdən salır. «Mehman» filmi məhz belə olmuşdur. «Bir cənub şəhərində» filmində isə həyatimiz təhrif edilmişdir…”

İndi isə real vəziyyətə baxaq: təkcə Qara Qarayevin özü həmin 60-cı illərdə “Yeddi gözəl” (1963), “İldırımlı yollarla” (1964) baletlərini və məşhur “3-cü Simfoniyanı” (1965) yaratmışdı ki, bunlar da təkcə ən yüksək sovet səhnələrində deyil, ABŞ, Kanada, İspaniya və Polşa kimi ölkələrdə də yüksək rəğbət qazanmışdı.

Arif Məlikovun “Məhəbbət əfsanəsi” (1961), “Ölümdən güclü” (1966) və “Yer üzündə iki nəfər” (1969) baletləri isə klassik musiqinin beşiyi olan Almaniya, Fransa, İtaliya, Avstriya daxil olmaqla 20-dən artıq ölkənin səhnələrində anşlaqla qarşılanmışdı. Bura Niyazinin və Soltan Hacıbəyovun həmin dövrdə yaratmış olduqları Azərbaycan simfonik muğamlarını əlavə etdikdə isə 1955-70 illərin milli musiqimizin də “Qızıl dövrü” olduğunu qürurla deyə bilərik.

Məhz həmin dövrdə də “Dəli Kür”, “İnsan məskən salır”, “O qızı tapın”, “İstintaq davam edir”, “Romeo mənim qonşumdur”, “Onun böyük ürəyi”, “Bir cənub şəhərində” və s. onlarla bu kimi filmlər çəkilmişdi.
Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, 1955-70 illəri əhatə edən həmin dövr Azərbaycan üçün həqiqətən “Qızıl dövr” olmuşdu.

Eyni vəziyyət də ədəbiyyat, memarlıq və təsviri incəsənət sahəsində idi.
O zaman haqlı sual yaranır ki, Heydər Əliyevin belə çıxışlarının səbəbi nə idi?

Məsələ burasındadır ki, Azərbaycanın milli yaradıcıları həmin əsərlərdə sovet ideologiyası pərdəsinin arxasında milli kontekst yerləşdirirdilər. Məsələn, “Axırıncı aşırım” filmində müsavatçı Abbasqulu bəy Şadlinski və “Yeddi oğul istərəm”dəki “qolçomaq” Gəray bəy obrazları özündə dərin milli keyfiyyətlərin çalarlarını daşıyırdılar. Bu da azmış kimi, əksər filmlərdə namaz səhnəsi də yer alırdı ki, KQB və onun generalı üçün bu, ideoloji diversiya idi.

Əslində elə də vardı. Sovet ideologiyası üçün əlbəttə, amma Azərbaycan xalqı üçün bunlar milli, dini dəyərlərin təbliği idi və ona görə də sıradan çıxarılmalı idi. Amma post-Stalin dövründə sürətlə inkişaf etmiş və formalaşmış yeni elitaların qarşısını almaq bir o qədər də asan deyildi. Yejov-Beriya NKVD-si dövrü arxada qalmışdı.

Ona görə də sovet respublikalarının dövlət təhlükəsizliyi komitələrində yaradılan 5-ci şöbələr məhz alimləri, yaradıcı sənət adamlarını və ümumiyyətlə müstəqil düşüncəli aydınları hədəfə almışdı. Amma hətta onların səradan çıxarılması da vəziyyəti dəyişmirdi, çünki bu halda yaranacaq boşluğu doldurmalı olan alternativ Azərbaycan sovet ziyalıları zümrəsi yaradılmalı idi.

Görülən digər iş də bu idi və həmin dövrdə KQB çətiri altında “yaradılan” bir çox başabəla ziyalılar bu gün yaltaqlıq, simasızlıq, riyakarlıq, qorxaqlıq, ələbaxanlıq rəmzi olan həmin “saat mexanizmli minalardır”. Bu mənada keçən əsrin 70-80 illərində baş verənlər xalqın gələcəyinin təməlinin dağıdılması və onun çürük “təməllə” əvəzlənməsi idi.

Amma Sovet İmperiyasının gördyü işlər hər zaman daha miqyaslı olub və həmin mərhələdə də belə idi. Cənubi Qafqaz və Orta Asiya
respublikalarında reallaşdırılan strategiya təkcə mövcud dövrü deyil, həm də yaxın və uzaq perspektivi də əhatə edirdi. Bu mənada hədəfə alınan sahələrdən biri təhsil, digəri isə idarəçilik idi.

Təhsilin korrupsiyalaşdırılması və onun kefiyyətinin aşağı salınması, həmçinin də idarəçiliyin klanlaşdırılaraq korrupsiyaya uğradılması təbii inkişafın hərəkətverici qüvvəsi olan rəqabəti aradan qaldırırdı. Bu da öz növbəsində həmin xalqların gələcəkdə uğur qazana bilməsi üçün zəruri olan kadrların yetişməsinin üzərindən xətt çəkirdi.

(ardı var)

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın