Ərəstun Oruclu: Biz dövlətimizi niyə qura bilmirik? (5-ci yazı, 1-ci hissə) İmperiya idarəçiliyinin postimperial dövlət quruculuğu üçün yaratdığı fəsadlar

 

Qədim Misirdən və Romadan tutmuş Britaniya və Rusiyayadək bütün imperiyaların kolonial idarəçiliyinin əsas prinsipləri heç zaman dəyişməyib. Bura istila olunan cəmiyyətlərin oturuşmuş münasibətlər sisteminin dəyişdirilməsindən (və ya dağıdılmasından) tutmuş metropoliyaya loyal yeni elitanın yaradılmasınadək çoxsaylı tədbirlər daxildir.

Elə göstərdiyim təkcə iki tədbirin uzunmüddətli və davamlı siyasət olması (əks halda nəticə əldə oluna bilməz) vacib daha bir amilə diqqət çəkir – zaman amilinə. Başqa sözlərlə desək, imperiya siyasəti heç bir halda onilliklərə hüsablanmır, çünki tətbiqi zəruri olan yeniliklərin təşəkkül tapması nəsil(lər) dəyişməsi tələb edir.

Koloniyaların idarə olunması üçün həyata keçirilməsi vacib olan ən azı bir neçə addım var ki, onların da tətbiqi və oturuşması zaman tələb edir. Bunlar kolonial iqtisadiyyat, qanunvericilik, idarəçilik sistemi, münasibətlər və bunların istitusionallaşmasını təmin edən mühüm şərtlərdən biri olan kolonial təfəkkürdür.

Nəticə istila olunan yeni toplumların əsaslı şəkildə dəyişdirilməsidir. Buna nail olmaq üçün isə bütün imperiyalar ilk növbədə onların maraqları üçün təhdid yarada biləcək güc və intellekt kimi iki amili sıradan çıxarıblar ki, onlar da ayrı-ayrılıqda nəzərdən keçirilə bilməzlər. Çünki güc müqaviməti, intellekt isə gücü təşkilatlandırır.

Müqavimətin nüvəsi olan bu iki amili sıradan çıxarmağın ən sınanmış yolu isə onları qarşı-qarşıya qoymaq olub və bu gün də belə qalmaqdadır. Bir növ təbii müttəfiqlərin süni rəqiblərə çevrilməsi və ətrafında müqaviməti səfərbər edə biləcək nüvənin özünü bölmək.

Bu yerdə bir haşiyə çıxım: mənşəyi Qədim Romaya aid edilən “parçala və hökm sür” (latıncada – divide et impera) kəlməsi əslində bir çox sahələrdə – siyasətdə, idarəçilikdə və hətta kompüter elmlərində istifadə olunan mühüm paradiqmadır. Mənası həlli çətin olan problemi subprobləmlərə bölərək onları ayrı-ayrılıqda çözməkdir.

Yalnız müqavimət nüvəsi parçalandıqdan sonra istila olunmuş toplumun institutlaşmış münasibətlər sistemini dağıtmaq mümkündür, çünki həmin nüvənin parçalanması özü artıq bütövlükdə toplumun sekvestrasiya olunması (parçalara bölünməsi) deməkdir. Belə toplumun xarici istilaya müqavimət göstərə bilməsi isə nəzəri baxımdan belə mümkünsüzdür.

Bunun ardınca isə bölünmüş toplumun ən müxtəlif kriteriyalar üzrə daha kiçik hissələrə parçalanması həyata keçirilir ki, bu da öz növbəsində yuxarıda qeyd etdiyim uzun illər (əsrlər) boyu oturuşmuş münasibətlər sisteminin tam çökdürülməsidir. Qalanı artıq tarixçilərin və təhsil mütəxəssislərinin işidir.

Birincilərin vəzifəsi istilayadək olan sistemi tarixdən silmək, ikincilərin vəzifəsi isə təhsil vasitəsilə yeni “dəyərlər” üzərində yeni nəsillərin formalaşdırılmasıdır. Söhbət əlbəttə ki, imperiyaya loyal nəsillərdən gedir ki, onlar da öz növbəsində həmin loyallıq şkalasında ən yüksək yeri tutan elita tərəfindən idarə olunurlar.

Sonuncu mərhələdə münasibətlər və dəyərlər sistemi dağıdılmış toplum üçün həmin sistemlər yenilərilə əvəzlənir və nəticədə imperiya idarəçiliyinin rahat həyata keçirilməsi üçün münbit zəmin yaradılmış olur. Bu isə yeni tələblərə uyğun yeni modelin formalaşdırılması deməkdir.

Yeni modelin daha etibarlı olması üçün isə daha dərin parçalanma həyata keçirilir ki, burda da həmin iş dini, etnik, regional və s. zəmində davam etdirilir. Toplumun sosial təbəqələşməsi isə belə modelin mövcudluğunun və dayanıqlılığının sosial-iqtisadi əsaslarını təşkil edir.

Amma sadalanan tədbirlər və amillər bir çox hallarda elə imperiyaların dağılmasının da səbəblərindən olub. Məsələn, Rusiya imperiyasının dağılması təkcə onun Birinci Dünya Müharibəsində məğlub olması ilə bağlı deyildi. Səbəblər arasında həm də yürüdülən siyasətin kontrproduktiv olması (əks-effekt verməsi) vardı.

Sovet İttifaqının dağılmasının əsas səbəblərindən biri isə etnik-ərazi münaqişələri idi ki, onların da ideoloji əsası 1970-lərdən qoyulmuşdu. Bu haqda “Biz dövlətimizi niyə qura bilmirik?” silsiləsindən olan yazılarımdan birində ətraflı qeyd etmişəm. Amma SSRİ-nin parçalanmasının və elə həmin münaqişələrin də əsas səbəbi idarəetmədəki və iqtisadiyyatdakı böhran idi.

Bizim nümunəyə müraciət etdikdə yuxarıda yazdıqlarımın demək olar ki, bütün əlamətlərini bu gün də tapmaq olar. Məsələn, bizdə yeni nəsillərə təlqin olunan xanlıqları idarə etmiş sülalələrin proobrazı kimi “Sehrli xalat”dakı səfeh xan və “Lənkəran xanının vəzirindəki” başına qazan keçirilən feodal idi.

Deyək ki, bu, belə də olmuşdu. O zaman sual olunur ki, bəs nədən Rusiya İmperiyası istər güclə istila etdiyi (məsələn, Gəncə, Bakı və İrəvan xanlığı), istərsə də ona könüllü qoşulan (Quba və Qarabağ xanlığı) subyektlərlə anlaşmada ilk növbədə hakimiyyətin irsi keşməyəcəyi və sülalə idarəçiliyinin bitəcəyi öhdəliyini irəli sürürdü?

Bu, əslində təkcə dövlətçilik (buna lap “primitiv dövlətçilik” deyək) amilinin aradan qaldırılması deyildi, həm də tamamilə yeni idarəetmə modelinin tətbiqi idi. Anlaşmanın bir bəndində də xanların övladlarına rus ordusunda yüksək hərbi çinin verilməsi olurdu adətən. Başqa sözlərlə, girov götürmə və şəcərəni bitirmə.

Sonrası isə məlumdur. Xüsusilə də İrəvan, qismən də Qarabağ xanlıqlarının və onların təbəələrinin aqibəti. Sovet dövründə olduğu kimi, bu gün də bəziləri bizə israrla aşılamağa çalışırlar ki, Azərbaycandakı regionçuluq xanlıqlardan gələn ənənədir. Yalandır! Regionçuluq sırf sovet məhsuludur, özü də 1960-ların sonundan gələn fenomendir.

Eyni texnologiyalar təkcə Azərbaycanda deyil, digər sovet respublikalarında da tətbiq olunmuşdu. Məsələn, Özbəkistanda hakimiyyət uğrunda mübarizə daim Daşkənd və Buxara klanları, Qazaxıstanda isə şimal və cənub klanları arasında gedirdi. Həmin mübarizənin konturları da Moskvada müəyyənləşdirilirdi.

Burda başlıca təsir vasitələrindən biri klanların mənsub olduğu iddia edilən regionların təmsilçilərində qarşılıqlı etimadsızlıq, mümkün olduğu halda isə nifrət yaratmaq idi. Digər bir vasitə isə beynəlmiləl paytaxtların yaradılması idi. Təbii ki, rusdilli əhalinin dominantlıq təşkil etməsi şərtilə.

Paralel olaraq, bədii əsərlərdə, filmlərdə və hətta lətifələrdə bütün tarixi keçmiş arxaizm (köhnəlik, gerilik) kimi təqdim olunurdu. Sadaladığım 3 respublika (Azərbaycan, Qazaxıstan və Özbəkistan) belə texnologiyalara ən çox məruz qoyulmuşlar idi. Səbəbi isə onların unutdurulmuş tarixində idi. Amma SSRİ-nin imperiya siyasətinin bir komponentində ciddi boşluq vardı.

Bu, iqtisadiyyat idi. Sovet elitası bünövrədən zəngin olmadığından (fəhlə-kəndli hakimiyyəti) və sosialist iqtisadi münasibətlərinin qanuni yolla zənginləşməyə imkan verməməsi üzündən həmin elitanın iqtisadi dayaqları yalnız korrupsiya yolu ilə yaradıla bilərdi və yaradılırdı da. Amma son nəticədə tüğyan edən korrupsiya başqa fəsadlar doğururdu.

Bu fəsadlar isə təkcə iqtisadi deyil, həm də siyasi idi. Korrupsiyanın sayəsində sovet ideoloji sisteminin təməl prinsipləri laxlayır, “kommunist əxlaqı” aşınır, sistemin mənəvi deqradasiyası qaçılmaz olurdu. Bu isə sistem böhranını və onun nəticəsi olaraq imperiyanın iflasını qaçılmaz edirdi.

Davamı var.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmaar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın