Ərəstun Oruclu: Biz dövlətimizi niyə qura bilmirik? ( 3-cu yazı,II hissə)

 

3-cü yazı: “Klan hakimiyyətinin yaradılmasına Moskva niyə göz yumurdu?” (II hissə)

Əvvəlki yazımda qeyd etdiyim kimi, təbii inkişafın hərəkətverici qüvvəsi olan rəqabət mühitinin aradan qaldırılması istənilən tərəqqinin qarşısının alınmasının ən effektiv yollarından biri və bəlkə də birincisidir. Bunu sovetlər öz təcrübəsindən yaxşı anlayırdılar. Amma məsələ heç də göründüyü qədər sadə deyildi.

Bir tərəfdən beynəlxalq təcrid vəziyyətində olan ölkə üçün elmin, təhsilin, texnologiyaların inkişafı həyati əhəmiyyət kəsb edirdisə, digər tərəfdən də bu inkişafı reallaşdıran insanlar özləri SSRİ-nin ideoloji təməllərinə təhdidə çevrilirdilər. Ona görə də ortaq bir mövqe tapmaq tələb olunurdu kİ, bu da ən çətin vəzifələrdən biri idi.

Sovet rəhbərləri özləri də idarə etdikləri quruluşun ideoloji təməllərinin çürük olduğunu yaxşı anlayırdılar, özü də 70-ci illərdən xeyli əvvəl. Məsələn, sovet nüvə proqramının rəhbəri Lavrentiy Beriya Kurçatovu tədqiqatlara cəlb edəndə ona alimin ideoloji baxımdan etibarlı olmadığını deyənlərə cavab vermişdi ki, tüpürüm sizin ideologiyanıza, mənə ideologiya yox, bomba lazımdır.

Stalin isə Kremlə dəvət etdiyi Latviya lideri, ifrat millətçi Karlos Ulmanisə Molotov-Ribbentrop paktı haqda məlumat verərkən sonuncunun “cənablar, bu, Latviyanın işğalı deməkdir” reaksiyasına halını da pozmadan “əvəzində biz sizin rəqibiniz olan komunistləri məhv edərik” cavabını vermişdi. “Xalqların atası” sonda belə də etmişdi. Düzdür, elə Ulmanisin özü də 1942-ci ildə məhv edilmişdi.

Beləliklə, seçim qarşısında qalan 70-ci illərin sovet rəhbərliyi “ziyanlı praktikanı” aradan qaldırmağın daha optimal yollarını axtarırdı. Ən optimal yol kimi də idarəçiliyin klanlaşdırılması, təhsilin rüşvət bataqlığına çəkilməsi və ruslaşdırma siyasətinin yürüdülməsi nəzərdən keçirilirdi. Xüsusilə də Qafqazda və Orta Asiyada.

Əgər əvvəlki yazılarımda qeyd etdiyim post-stalinizmdən sonrakı “Qızıl dövrün” nailiyyətlərinə 15 il tələb olunmuşdusa, əldə olunmuş uğurları məhv etməyə cəmi 7-8 il kifayət etdi. Bu da təbiidir, çünki dağıdıcılıq quruculuq deyil və onu həyata keçirmək üçün quruculuqla müqayisədə qat-qat az zaman, ağıl və zəhmət tələb olunur.

Vəli Axundovun rəhbərliyi dövründə çiçəklənən ali təhsil sistemi artıq 70-ci illərin ortalarında total rüşvətxorluğa qərq edilmişdi. Perspektivli və prestijli ixtisaslar üzrə ali məktəbə qəbul olunmaq üçün elə məbləğlər tələb olunurdu ki, bunu yalnız rüşvət və korrupsiya yolu ilə gəlir əldə edən ailələr özünə rəva görə bilərdi. Onlar da artıq klanlaşdırılmış siyasi hakimiyyətin nümayəndələri idi.

Bu, həm də klana daxil olanların övladlarına yol açır, istedadlı kasıb uşaqlarının isə üzünə qapıları birdəfəlik bağlayırdı. Belə siyasətin fəlsəfəsi həm də ondan ibarət idi ki, gələcəkdə sistemin idarəçiliyinə daxil olacaq yeni nəsil elə klanın özünün bioloji davamçıları olacaqdı. Eynilə bu gün olduğu kimi…

Bu gün Azərbaycan rəhbərliyində təmsil olunanların bir çoxu elə əsası 70-lərdə qoyulmuş klana daxil olan ailələrdən çıxanlardır və onlar da eyni qaydada növbəti nəsil davamçılarını yetişdirməkdə və yerləşdirməkdədilər. Bir o fərqlə ki, daha geniş miqyasda və daha böyük sərvətlərə sahib olmaqla.

Belə dinamika Moskvanı tam qane edirdi, çünki intellektual inkişafın qarşısını alırdı, dərin sosial təbəqələşmə yaradırdı və digər tərəfdən də rus dilində təhsilə kütləvi qayıdış cəmiyyətin özünü qütbləşdirirdi. Təsadüfi deyildi ki, məşhur “çuşka” sözünün meydana çıxması məhz həmin 70-lərə təsadüf edir. Əlbəttə, paralel aparmaq üçün onun bu gün də leksikona qayıtdığını qeyd etməliyik.

70-ci illərdə Azərbaycanda və digər Qafqaz, Orta Asiya respublikalarında “elmlər doktoru” elmi dərəcəsi almaq üçün imkanlar son dərəcə məhdudlaşdırılmışdı, çünki doktorluq dissertasiyasının müdafiəsi əsasən Moskva, Leninqrdad və Kiyevdə mümkün idi. Bunun üçün də təbii ki, yüksək səviyyədə rus dili tələb olunurdu. Beləliklə, öz xalqlarından uzaqlaşdrılan elmi elitalar yaradılırdı.

Bu şəraitdə təhsil almaq imkanından məhrum olan, amma ona can atan imkansız ailələrdən çıxmış istedadlı uşaqlar üçün Rusiyanın ali təhsil müəssisələri nicat yerinə çevrilirdi, amma… Amma bu da rus dilində təhsil almağa motivasiya yaradırdı və beləliklə də ruslaşdırma siyasəti təkcə hakim zümrə ilə məhdudlaşmır, cəmiyyətin bütün sosial təbəqələrinə sirayət edirdi.

Orta Asiyaya və Qafqaza tətbiq olunan bu siyasətdə ən az itkilər verən Ermənistanla Gürcüstan idi. Görünür millətçi ənənələrlə yanaşı xristian mədəniyyətinə mənsub olmaları səbəbindən onlara olan tətbiq edilən tələblərin sərtlik dərəcinin aşağı olması da buna öz təsirini göstərirdi.

Artıq 70-lərin sonlarında Bakı, Daşkənd, Alma-Ata, Frunze (Bişkək), Düşənbə və Aşqabad hər cür milliliyin gerilik əlaməti sayıldığı tipik kosmopolit sovet şəhərləri idi. Artıq bu respublikalarda dövlət tədbirlərinin mütləq əksəriyyəti ancaq rus dilində keçirilirdi. Hətta mədəni xarakterli tədbirlərin də, çünki yürüdülən siyasət bunu tələb edirdi. Bundan yayınanlar isə…

Azərbaycan KP MK-nin plenumlarının birində çıxış edən Bəxtiyar Vahabzadə belə yayınmaya görə Heydər Əliyevin qəzəbinə tuş gəlmişdi (buna baxmayaraq, 90-cı illərin əvvəllərində xalq şairi parlamentdə hücumlara məruz qalan Heydər Əliyevin müdafiəsinə qalxacaqdı).

Şahidlərin dediyinə görə, plenumda tribunaya qalxan Bəxtiyar Vahabzadə çıxışına bu sözlərlə başlamışdı: “Burda hamı dədə dilimizdə danışır, amma icazənizlə mən ana dilimizdə danışacağam…”

(davamı var)

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın