Ərəstun Oruclu: Biz dövlətimizi niyə qura bilmirik? ( 3-cü yazı: III hissə)

 

“Klan hakimiyyətinin yaradılmasına Moskva niyə göz yumurdu?”

Moskvanın 70-ci illərdə Azərbaycanda baş verənlərə, ilk növbədə də hakimiyyətin klanlaşmasına göz yumması nəinki təsadüf kimi görünmür, hətta bunun eksperiment olması kimi də iddia edilə bilər. İnandırıcı görünməyə bilər, amma Sovet İttifaqının yarandığı ilk dövrdən onun mərkəzində tətbiq olunan modellər öncə əyalətlərdə, o cümlədən də Azərbaycanda sınaqdan çıxarılıb.

Stalin, Kirov, Mikoyan, Beriya, Semiçastnıy, Bakatin, Polyaniçko və bir çox digər sovet dövlət xadimlərinin olimpə aparan yolları Azərbaycandan ya keçib, ya da elə başlayıb. Bəlkə də bunların hamısı təsadüfdür, amma bütün bu, məsələləri mütləq araşdırmalıyıq ki, Rusiya və Sovet İmperiyaları üçün ölkəmizin əhəmiyyətini anlaya bilək.

Digər tərəfdən də bu gün Azərbaycanda və Rusiyada olan idarəçilik modellərini müqayisə etsək, onların arasında prinsipial fərqlərin olmamasını, yeganə fərqin yalnız miqyas fərqi olduğunu görə bilərik. Bu prosesin dinamikasını anlamaq üçün isə 50 il geriyə qayıdaraq eyni müqayisəni 70-ci illərdə mövcud olmuş sistemlər arasında aparmalıyıq.

Belə müqayisə də göstərir ki, keçən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirilmiş hakimiyyətin klanlaşdırılması Rusiyada yalnız 2000-ci illərdən tətbiq olunmağa başladı. Amma bu da aydındır ki, 70-ci illərdə Azərbaycanda həyata keçirilən idarəçilik transformasiyası Moskvanın xeyir-duası və ya heç olmazsa göz yumması olmadan baş tuta bilməzdi.

İstisna deyil ki, həmin transformasiya sınaq idi və o, uğurlu alındı. Artıq Boris Yeltsinin hakimiyyəti dövründən başlayan klnlaşma Vladimir Putinin dönəmində tam formalaşdı və indi Rusiyada istər siyasi, istərsə də iqtisadi hakimiyyət eyni əllərdədir. Digər bir oxşarlıq isə hakimiyyətin varislərinin yetişdirilməsinin institutlaşdırılmasıdır.

Bugünkü Rusiya hakim elitası nümayəndələrinin övladları biznesdən daha çox siyasətdə “uğur qazanmaqdadılar”. Kapital isə artıq həmin elitanın etibarlı əllərindədir. Təsadüfi deyil ki, bir vaxtlar Ramiz Mehdiyev Azərbaycandakı klanlaşmanın nəzəri bazasını da əsaslandırmağa çalışırdı, hakimiyyətin nəsildən nəslə ötürülməsini açıq təqdir edirdi

Bu mənada təxminən 12 il əvvəl “Россия 21-й век” jurnalında filosof-akademikin Azərbaycanda baş verənləri “gələcək demokratiyanın iqtisadi bazasının yaradılması” kimi təqdim etməsi hallüsinasiya kimi qəbul edilməməli idi. O zaman cənab Mehdiyevin iddialarına qarşı xüsusi məqalə ilə çıxış da etmişdim.

Bu da səbəbsiz deyildi: Mehdiyevin məqaləsi yeni konseptin təqdimatı idi və onun məhz Rusiyanın Prezident Administrasiyasının təsisçisi olduğu jurnalda dərc olunması uzaqgedən planlardan xəbər verirdi. Hələ o zaman bu konsept ətrafında ciddi diskussiyalar açılmalı idi, amma buna həvəs göstərənlər gözə dəymirdi.

Bu gün İlham Əliyev hakimiyyətində təmsil olunanların xeyli hissəsinin onun atasının kadrlarının ailələrindən çıxmış kadrlar olması məhz həmin konseptin həyata keçirilməsinin əlamətləridir. Artıq 3-cü nəsil hakim zümrə də yetişdirilməkdədir. Mütəmadi olaraq hakimiyyətdən qovulan və ya tutulan (adicə) icra başçılarının övladlarının sorağı yüksəkk dövlət və hakimiyyət kabinetlərindən gəlir ki, bu da təsadüf sayılmamalıdır.

Azərbaycanın nazir və digər yüksək vəzifəli məmurlarının övladları artıq müxtəlif dövlət və hakimiyyət orqanlarında orta səviyyədən yuxarı postlar tutmaqdadılar. Onların arasında yüzlərlə hakimlər, prokurorlar, polis, idarə və baş idarə rəisləri, nazir müavinləri, hətta generallar da var. Hakimiyyət öz davamçılarını yetişdirməkdədir. Öz sıralarından çıxanlardan əlbəttə.

Məhz bu səbəbdən də ölkədə həmin strategiyanın qarşısına çıxa biləcək bütün maneələr aradan qaldırılıb: siyasi sistem çökdürülüb, institusional idarəçilik deqradasiyaya uğradılıb, siyasi institutlar və vətəndaş cəmiyyəti qurumları demontaj olunub, media nəzarətə götürülüb, düşünən fərdlər belə təqiblərə məruz qoyularaq zərərsizləşdirilib. Ona görə ki, yeni “sistem” onların mövcudluğunu belə özünə təhdid hesab edir.

Bütün sadalananlar artıq düzənli uzunmüddətli strategiya xarakterini alıb. Amma istənilən idarəçilik sisteminin ən azı iki zəif siyasi nöqtəsi olur ki, bunlar da hakimiyyətdaxili ziddiyyətlət və idarə edənlərlə idarə olunanlar arasında uçurumun yaranmasıdır. Deməli, sistemlə mübarizənin və onun demontajının yolları da burada axtarılmalıdır.

Amma təəssüf ki, mövcud reallığımızda daxili ziddiyyətlərdən yararlanma əksər hallarda banal şəkildə hakimiyyətdaxili qrupların əlində vasitəyə çevrilməkdən uzağa gedə bilmir, halbuki əməkdaşlıq tamamilə başqa meyarlar üzrə və fərqli hədəflərə yönəlik qurulmalıdır. Ən azı bu, bərabərtərəfli əməkdaşlıq olmalıdır. Əgər belə əməkdaşlıq ümumiyyətlə mümkündürsə…

Bəs bu, mümkün olmadıqda hansı yol seçilə bilər?

Bu haqda gələn – 4-cü yazımda öz fikirlərimi bölüşəcəyəm.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın