Ərəstun Oruclu: Biz ümumiyyətlə niyə sual vermirik?

Böyük siyasəti atın bir kənara, ölkədə inkişaf, insanların həyatının keyfiyyəti kiçik işlərdən başlayır. O, kiçik işlərdən ki, addımbaşı insanların qarşısına çıxaraq onların həyatını zəhərləyir, yaşayışını dözülməz edir.

Sual verək ki, niyə qalıb ölkənin qazisi intihar edir, qaziləri yeyilmiş (sözün əsl mənasında) haqqının bərpa olunmasını tələb edir? Sual verək ki, niyə ölkədə bahalaşma ildırım sürətilə davam edir? Hanı bəs o, tərifli qeyri-neft sektorunun istehsal etdiyi məhsullar?

Ölkədə 2026-cı ilədək korrupsiyaya qarşı mübarizə planı qəbul olunur, amma sual vermirik ki, yəni korrupsiya hələ o vaxtadək davam edəcək? Etməyəcəksə onda 4 ildən sonra mübarizə kimə və nəyə qarşı aparılacaq?

Aparilacaqsa deməli, onun hələ azı 4 il də ömrü olacaq. Halbuki onu ləğv etmək bir həftənin ya da uzaqbaşı bir ayın işidir, daha 4 ilin yox. Sual vermirik ki, torpaqları işğaldan azad edən ordunun əsgəri niyə acdır, zabiti evsiz-eşiksizdir?

Sual vermirik ki, niyə ölkədə nə qədər cinayətkar varsa hamısı ya vəzifədədir, ya da vəzifədə?
Sual vermirik ki, nədən təhsilimiz, səhiyyəmiz bu vəziyyətdədir? Niyə müəllimimiz yoxsulluğa məhkum olunub alçaldılır?

Niyə uşaqpulu verilmir və onu da verməmək üçün hakimiyyətin təlxəkləri ən mənasız səbəblər atırlar ortaya? Sual vermirik ki, niyə ölkədə sosial təminata cavabdeh nazir 100 min insanı onsuz da qəpik-quruş olan pensiyadan məhrum edib utanmadan hələ bununla fəxr edir də?

Biz ümumiyyətlə niyə sual vermirik?

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın