Ərəstun Oruclu: Bir daha Xəzərin statusu barədə…

 

Yaxın günlərdə Azərbaycan hakimiyyətinin və şəxsən müzəffərin çox sevmədiyi bir mövzuda – Xəzərin statusu və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) necə dağıdılması haqda müsahibə planlaşdırırıq. Bu başdan deyim ki, müzakirə olunan mövzu gündəm də olmasa, amma xeyli suallar, müzakirələr və mülahizələr doğuracaq.

Xəzərin statusu məsələsində edilmiş “güzəşt” Azərbaycanın çox böyük, bəlkə də ən böyük dönməz itkisidir və məhz Azərbaycan HDQ-nin dağıdılması heç də təsadüfi deyildi. Bunu tarix deyir və ümumiyyətlə, tarixi diqqətlə oxumalıyıq. Ən azı öz tariximizi. Məsələn, elə Azərbaycanın dəniz mədəniyyətinin və dəniz təfəkkürünün tarixini.

Bilməliyik ki, Şivanşahlar Dövləti müstəqil olan kimi (861-ci il) atdığı ilk addım Dərbənddən Kürə kimi təxminən 450 km-lik sahil zolağını qorumaq məqsədilə hərbi dəniz donanması yaradıb. Bunu da bilməliyik ki, ən azı 1200-cü illərin sonunadək Xəzərdə üstünlük ulu babalarımızın sayəsində bu xalqa məxsus olub.

Bunu da bilməliyik ki, həmin donanmada uzunluğu 50, bəzən isə 70 metrə çatan döyüş gəmiləri olub və sahil mühafizə işarələri (mayaklar) ilə yanaşı Şirvanşahların Qurani-Kərim əsasında yaradılmış dəniz hüquqi toplusu mövcud olub. Görünür elə bu səbəbdən də onlar dəfələrlə düşmən donanmalarını məhv ediblər.

Görünür, həm də elə bu səbəbdən də əvvəl Rusiya İmperiyası, ardınca isə SSRİ Xəzər Donanmasının əsas bazası kimi Bakını seçmişdi. Amma bu gün Xəzərdəki donanma üstünlüyümüz məhv edilib və çox təəssüf ki, bu haqda kimsə yazmaq, danışmaq istəmir. Xəzərin statusunu kilkə sürüsü ilə əlaqələndirən dövrümüzün balaca “taleyranlarını” demirəm əlbəttə.

Bu arada məlumatlı dostlarım hərbi gəmilərin doğranaraq metal kimi satılması barədə yazılarıma reaksiya gəldiyini deyirlər. Reaksiya deyəndə bildirilir ki, Baş Prokurorluq cinayət işi açıb və hətta həbs(lər) də var. Olsun, ümid edirəm, özləri də bu barədə ətraflı məlumat yayarlar, yoxsa onların mətbuat xidməti olmaq kimi bir missiyam və iddiam yoxdur.

Tariximizi oxuyaq, öyrənək və yeri gəlmişkən, vicdanlı tarixçi alimlərimiz sağ olsunlar ki, hamısını araşdırıb, yazıb, yerləşdiriblər. Bunun indi nə qədər çətin iş olduğunu bildiyimdən onlara dönə-dönə minnətdaram! Xüsusilə də 5-ci kolon liderinin AMEA-ya rəhbərlik etdiyi bir dövrdə. Rusiya canişini Ramiz Ənvəroviçi deyirəm.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın