Ərəstun Oruclu: Bildiyimiz və bilmədiyimiz 20 yanvar faciəsi. (davamı)

 

Bundan əvvəlki (dünənki) yazıda 20 yanvar faciəsinin törədilməsinin daxili siyasi səbəbləri göstərilmişdi və söhbət həm ittifaq, həm də respublika səviyyəsində hakimiyyətdaxili mübarizələrdən gedirdi.

Bunu da əlavə edim ki, ümumiyyətlə Moskva ilə respublikalar arasında münasibətlər göründüyü qədər də sadə deyildi.

Burada həmin dövrlə indiki arasında maraqlı paralel də görünəcək. Belə ki, ittifaq respublikalarındakı yüksək rəhbərliyin birbaşa Moskvadan formalaşdırılmasına baxmayaraq, hakimiyyət ierarxiyasının qurulması təkcə yuxarıdan aşağı mərhələli təyinatı prinsipi üzrə həyata keçirilmirdi. Mühüm postlara təyinatlar yerli rəhbərlik tərəfindən deyil, Moskvadan müəyyən edilirdi.

Məsələn, daxili işlər naziri, respublika prokuroru və KGB sədri vəzifələrinə, həm də onların müavinləri postlarına əksər hallarda Moskva birbaşa təyinatlar edirdi ki, bu da bir çox hallarda onlarla respublikanın partiya rəhbərliyi arasında konfliktlər yaradırdı. Moskvaya da bu lazım idi ki, vahid yerli komanda olmasın. Respublikaların KGB rəhbəri isə birbaşa Moskvadan və əksər hallarda milliyyətcə ruslar təyin olunurdu.

Daxili işlər nazirləri və respublika prokurorları əksər hallarda yerli xalqın nümayəndələrindən seçilsələr də, onlar yalnız formal olaraq yerli partiya rəhbərliyi tərəfindən təyin olunurdular. Kimin təyin olunması tapşırığı isə birbaşa Moskvadan gəlirdi. Konfliktlər də bundan qaynaqlanırdı. Azərbaycan da belə konfliktlərdən xali deyildi.
Eynilə bu gün müstəqil Azərbaycanda olduğu kimi…

Amma qayıdaq 20 yanvar qırğınının digər səbəblərinə.
Hələ faciədən bir qədər sonra o zaman artıq nisbətən sərbəst olan Rusiya jurnallarından birində Bakıya qoşun yeridilməsinin səbəbi kimi SSRİ-İran münasibətlərindəki gərginlik göstərilmişdi. Daha doğrusu, jurnal yazırdı ki, bu, guya İranın Azərbaycanda İslam hərəkatını alovlandırmaq istəyinin qarşısını almaq üçün edilmişdi.

Versiya tanışdır, əlbəttə. Bakıya qoşun yeridilməsi ərəfəsində M. Qorbaçov özü də SSRİ Xalq Deputatları qurultayında “onlar İslam respublikası qurmaq istəyirlər” demişdi. Bundan bir qədər əvvəl isə Viktor Polyaniçko Hacı Allahşükür Paşazadəyə “onlar (insanlar) heç kimə tabe olmaq istəmirlər, hakimiyyəti siz götürün” təklifini vermişdi.
Şeyxin bu təklifi rədd etdiyi deyilir.

Amma qayıdaq həmin məqaləyə. SSRİ-İran münasibətlərindən bəhs edən müəllif bilərəkdən və ya bilməyərəkdən başqa önəmli bir məqama toxunmuşdu. O, göstərmişdi ki, İran öz ordusunun modernizasiyası məqsədilə Çinlə hərbi əməkdaşlıq haqda 4 milyard ABŞ dolları (dolların bugünkü ekvivalentində 8,5 mlrd) həcmində müqavilə imzalamağa hazırlaşır.

Maraqlıdır ki, 20 yanvar ərəfəsində Azərbaycan ərazisində xeyli Sovet Ordusu hissələri olsa da əməliyyata əlavə qüvvə kimi Ryazan hava-desant diviziyası, tank hissələri, hücum helikopterləri və digər aviasiya birləşmələri, bundan başqa Tavropol, Krasnodar diyarlarından və Rostov vilayətindən çağırılmış rezervistlər (ehtiyatda olanlar) də cəlb olunmuşdu.

Sual olunur ki, bu qədər qüvvəni səfərbər etməklə SSRİ rəhbərliyi doğrudanmı Bakıda erməni qətlləri törətdikləri iddia olunan “Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları” ilə mübarizə aparmaq üçün hazırlaşmışdı? Xeyr, əlbəttə. Talanları, qətlləri törədənlər xüsusi hazırlıqlı şəxslər idi və onlara mane olmaması üçün də Bakı milisi öncədən planlı şəkildə tərksilah olunmuşdu.

Təxribatçıların törətdiklər cinayətlərin qarşısı isə ümumiyyətlə 20 yanvardan bir neçə gün əvvəl elə həmin AXC fəalları dəstələri tərəfindən tam alınmışdı və erməni əhali demək olar ki, tam təxliyyə olunmuşdu. Amma həmin yazıda müəllif həm də Azərbaycanda SSRİ-İran sərhəddinin dağıdılması haqda yazırdı və bunun ciddi təhdid olduğunu göstərirdi.

Məqalədəki üçüncü diqqətçəkən məqam isə “iğtişaşların” İranla sərhəddə yaxın ərazilərdə – Naxçıvanda, Cəlilabadda və Lənkəranda baş qaldırdığını, sonuncuda isə hətta Sovet Hakimiyyətinin fəaliyyətinin dayandırıldığını bildirirdi.

Yekunda müəllif baş verənlərin İran kəşfiyyatının SSRİ-yə qarşı fəaliyyətinin nəticəsi olduğunu iddia edirdi.

İstisna deyil ki, bütün bu qanlı cinayətin arxasında SSRİ-nin hərhansı şəkildə İrana hərbi müdaxiləsi və ya onu təhdid etmək üçün planlaşdırılmış əməliyyat keçirmək niyyəti dururdu. Buna dolayısı ilə işarə edə biləcək bir məqam da İranın o zamankı xarici işlər naziri Əli Əkbər Vilayətinin 20 yanvar qətliamından cəmi 3-4 gün sonra Moskvaya səfəri olmuşdu.

Bu səfərin niyyəti, səbəbi və nəticələri haqda biz heç nə bilmədiyimizdən onun 20 yanvar qırğınına aidiyyatının olub-olmaması barədə fikir söyləmək çətindir. Eynilə bir sıra mənbələrin yuxarıda göstərilən Çinlə bağlanması nəzərdə tutulan hərbi müqavilənin həmin ilin aprelində artıq İranla-SSRİ arasında bağlanmasının 20 yanvar qətliamı ilə əlaqəsi olması haqda da.

Hərçənd ki, elə bir çox Rusiya mənbələri (məsələn, РИА “Новости”, 08.08. 2016) də İranla SSRİ, ardınca da Rusiya arasında geniş hərbi əməkdaşlığın məhz 1990-cı ildən başlandığını göstərirlər.
Bu mənada 1990-cı ildən başlayaraq İranın SSRİ-dən aldığı silahların növləri və sayı maraqlı olmaqla yanaşı, dolayısı ilə iddianın tam əsassız olmadığını da deməyə əsas verir:

1990 – 14 ədəd МиГ-29 təyyarəsi;
1991 – 12 ədəd Су-24 bombardmançı təyyarə və 20 ədəd МиГ-29/МиГ-29УБ qırıcı təyyarə;
1993-94 illərdə daha 6 ədəd МиГ-29/МиГ29УБ təyyarəsi;
1990-91 illərdə МиГ-29 təyyarələri üçün 350 ədəd Р-27Р aviaraketi və 576 Р-60 aviaraketi;
1991 – С-200ВЭ zenit-raket kompleksləri,
1992-96 illər – 3 dizel sualtı qayığı və s.

1990-cı ildən başlayaraq SSRİ-nin, ardınca da Rusiyanın İrana satdığı silahların tam siyahısı ilə şərh bölümündəkiu linkdən daxil olmaqla tanış ola bilərsiniz.

Beləliklə, 20 yanvar qətliamının həm də sovet imperiyasının hərtərəfli hərtərəfli hazırlanmış geosiyasi əməliyyat olması istisna deyil. Eynilə 32 il sonra Qazaxıstanda törədilən hərbi cinayət və işğal kimi. Həm də eynilə Qazaxıstanın işğalına dünyanın susqun qalması ilə keçirilən əməliyyat olması.

Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 yanvar qətliamının 32-ci ildönümünə dair yaydığı açıqlamada o zaman baş verənlər haqda bunlar deyilir: “Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq.
Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq.
Biz 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik.”

Kənar qüvvələrin kim olduğunun qeyd olunmaması bir çox azərbaycanlılarda qəzəb və hidddət doğurub, amma məncə irəliləyiş var və buna sevinmək olar. Axı həmin qətliam ərəfəsində bir qrup amerikalı senator SSRİ rəhbərliyinə müraciət edərək Bakıdakı qətllərə son qoymaq üçün qoşun yeridilməsini istəmişdi.

İndi həmin kənar qüvvənin kimliyini açıq deyəndə Rusiya da bugünkü administrasiyada da yüksək vəzifə tutan Con Kerrinin təşəbbüsü ilə ünvanlanan müraciəti və onun müəlliflərini xatırlada bilər. Odur ki, bizim faciəmizin ildönümünə ABŞ siyasətinin ən tipik ənənələrinə sadiq stildə münasibət bildirilib. İllərdir Azərbaycanda insan haqlarının pozulmasına narahat olduqları kimi.

Amma bütün bunlara baxmayaraq:

– 20 yanvar yeni tariximizin ən şərəfli səhifələrindən biridir, çünki xalqa tətbiq olunmuş qeyri-adekvat hərbi gücə rəğmən azərbaycanlıların sovet tankları və dişinədək silahlanmış əsgərlərinin qarşısından qaçmaması sovet imperiyasının çökməkdə olmasının ilk ciddi anonsu oldu.

– SSRİ-də toxunulmaz müqəddəs simvollardan sayılan sərhədlərin dağıdılması və imperiyanın digər simvolu olun Sov.İKP üzvü biletlərinin Gəncədə kütləvi şəkildə yandırılması ilə Sovet İttifaqı adlı ağır xəstənin aqoniyada olmasını bütün dünyaya Azəerbaycan xalqı nümayiş etdirdi.

Buna görə də 20 yanvar artıq qətl və qətliam günü kimi deyil, xalqımızın qürur günü və qəhrəmanlıq nümunəsi göstərdiyi gün kimi qeyd olunmalıdır.

Görünür, elə həmin səbəbdən də bu gün imperiya törtöküntüləri 20 yanvarı gələcək nəsillərə 32 il əvvəl baş verənlərin mahiyyətini hər cür təhrif edərək çatdırmağa, imperiyanın maraqlarına cavab verən şəkildə təqdim etməyə çalışırlar.

Eynilə Ukraynadakı “Golodomor” soyqırımının tanınması haqda qərarı ləğv etdikləri, Qazaxıstanda 1986-cı ildə və bu günlərdə törədilən cinayətlərin izlərini itirməyə çalışdıqları kimi. Elə digər postsovet ölkələrdə, o cümlədən də Rusiyanın özündə olduğu kimi. Tarixi silməyə və özlərinə uyğun şəkildə yazmağa çalışırlar.

Amma hətta tarixi dəyişmək, onu yenidən yazmaq da kömək etməyəcək, çünki tarixdən başqa ondan daha dərin olan genetik yaddaş da var və təcrübə göstərir ki, onu silmək, dəyişmək mümkün deyil. SSRİ miqyasda nəhəng imperiyanı dağıtmış xalqlar onun bütün bu çirkin, saxtakar əməlləri icra edən törtöküntülərini də süpürüb atacaqlar. Zibilliyə!

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın