Ərəstun Oruclu: Beləliklə də Moskvanın dənizləri nəzarətə götürmək strategiyası sual altına düşəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna təyyarəçilərinin F-15 və F-16 təyyarələrinin idarə olunması üzrə təlimlər keçməsi üçün 100 milyon dollar vəsait ayrılması barədə qərar layihəsini təsdiqlədi.

Bu da o deməkdir ki, pilotların hazırlığı başa çatanda Ukrayna həmin təyyarələri alacaq. Başqa sözlə, Rusiyanın Ukrayna səmasında üstünlüyü aradan qaldırılacaq və bəlkə də müharibə onun özünün ərazisinə keçəcək.

Hər bir halda göstərilən təyyarələri heç bir halda müdafiə silahı adlandırmaq olmaz. Ən azı Rusiyanın Qara dəniz sahili boyunca əraziləri və həmçinin eyni adlı dənizdə yerləşən donanması hədəfə alınacaq. Beləliklə də Moskvanın dənizləri nəzarətə götürmək strategiyası sual altına düşəcək.

Digər tərəfdən də ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı körfəz ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşdə ölkəsinin Yaxın Şərqi Rusiyaya və ya Çinə güzəştə getməyəcəyini bəyan etdi.

Bu bəyanat həm də geosiyasi mübarizənin həlledici mərhələyə keçdiyinin anonsu idi. Bayden həmçinin iki mühüm məsələyə dair konkret mövqe sərgilədi: Qüds hər 3 dinin nümayəndələrinin mərkəzidir və Fələstin dövləti 1967-ci il sərhədləri çərçivəsində olmalıdır.

Beləliklə, İsrailin ərəb ölkələrilə yaratmağa çalışdığı koalisiyanın baş tutmadığını artıq demək olar. Səudiyyə Ərəbistanının “öncə Fələstin dövləti, ardınca da İsraillə sülh” bəyanatı da dolayısı ilə buna işarədir. Bəlkə də elə birbaşa.

İndi ağırlıq mərkəzi Cənubi Qafqaza və Mərkəzi Asiyaya keçir, çünki geosiyasi kontekstdə Xəzərlə Qara dəniz vahid geosiyasi konstruksiya kimi nəzərdə tutulur. Rusiyanın Xəzərdə məhdudlaşdırılması isə təkcə postsovet ölkələrlə əməkdaşlıq çərçivəsində mümkün deyil.

Bu məsələdə ABŞ həm də Türkiyə və İranla anlaşma əldə etməlidir. Ankara ilə Vaşinqton arasında geosiyasi ziddiyyətlərin elə də böyük olmadığını nəzərə alsaq deməli, qalır Vaşinqton – Tehran münasibətlərində irəliləyişə nail olmaq.

Belə görünür ki, növbəti addımlar da buna yönələcək. Onları isə artıq başlamış hesab etmək olar.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın