Ərəstun Oruclu: Belələri bu xalqın hüquq və azadlığını yolunda ən böyük və ən təhlükəli maneədir

Uzun müddətdən sonra dünən şəhərin mərkəzində etiraz aksiyası keçirilib. Elə dünəndən də həmin aksiya haqqında ən iyrənc şaiyələr yayırlar. Kimisi deyir ki, paşayevlər sifariş edib, kimisi – ingilislər, kimisi – amerikalılar və s. Özü də bunu elə israrla iddia edirlər ki, sanki “sifarişin” verilməsinin canlı şahidi olublar.

Tanış mənzərədir, elə deyilmi? Müharibəni Azərbaycan ruslarla razılaşdırıb, Tərtər cinayətini ifşa edənlər qrant alıblar və ya hansısa hakimiyyətdaxili qruplardan sifariş, paket alırlar və s.
Bu haqda çox şeylər yaza bilərəm, amma bircə şeyi demək istəyirəm ki, bunları edənlərin hansı məqsədi var.

Bunlar rus imperiyasının yüz illərdir azərbaycanlılara heç nəyə qadir millət olmadıqlarını aşılamaq siyasətinin nəticəsi, bəlkə də davamıdır. Belə iddialarla göstərmək istəyirlər ki, azərbaycanlılar öz təşəbbüsü, istəyi, iradəsi ilə heç vaxt heç nə edə bilməz, bu xalq ancaq kiminsə əmrinin, tapşırığının icraçısı ola bilər.

Bunu edənlər isə, bir daha deyirəm, ya sifariş yerinə yetirirlər, ya da o qədər sütunsuz və iradəsizdilər ki, məmləkətdə kiminsə öz qərarı ilə hərhansı addımı atmaq iqtidarında olduğunu təsəvvür edə bilmirlər. Belələrinin ən qatı düşməni rus, amerikalı, ingilis, fars deyil, təşəbbüsü ortaya qoya bilən həmvətənidir.

Çünki həmin həmvətəni özünün cəsarətli və qətiyyətli addımı ilə onun əzilmiş, tapdanmış, alçaldılmış və nəticədə mövcud olmayan qüruruna toxunmuş olur.
Belələri bu xalqın hüquq və azadlığının yolunda ən böyük və ən təhlükəli maneədir.

Belələrinə profilinizdə zərərli “düşüncələrini” yaymağa imkan verməyin, çünki onlar insanlara özünə inamı, özgüvəni artırmağa mane olurlar. Dəxli yoxdur, bunu bilərəkdən edirlər, yoxsa öz şəxsiyyət qırıqlığından. Şəxsən mən profilimdə belə fikirlər yayanları bloklayacağam. Özü də heç bir polemika açmadan, xəbərdarlıq eləmədən.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın